ABŞ ordusu İrana yeni zərbələr endirib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yeni zərbələr dalğasının başladığını açıqlayıb. Bir neçə saat əvvəl qurum İrandakı hərbi obyektlərə zərbələrin başa çatdığını bildirmişdi.
"Bu zərbələr İran qüvvələrinin Hörmüz boğazında kommersiya gəmiçiliyinə hücum etmək üçün yararlandığı hərbi imkanları daha da zəiflətmək məqsədi daşıyır", – CENTCOM X sosial şəbəkəsində bildirib.
Zərbələr iyulun 15-də ABŞ-nin Şərq vaxtı ilə saat 06:00-da başlayıb.
CENTCOM: İrana daha bir zərbə dalğası başa çatdırılıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə Hörmüz boğazı yaxınlığında və İranın sahilboyu ərazilərində hərbi hədəflərə növbəti zərbələr endirdiyini bildirib. İran limanlarına gedən və ya oradan çıxan gəmilərə dəniz blokadası yenidən tətbiq olunub. Tehran isə Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi obyektlərini hədəfə aldığını açıqlayıb.
“ABŞ-nin qırıcı təyyarələri, dronları və hərbi gəmiləri yeddi saatlıq əməliyyat zamanı İranın raket və dron obyektlərinə, donanma imkanlarına və sahil müdafiə sistemlərinə dəqiq zərbələr endirib. Məqsəd İranın kommersiya gəmiçiliyini və mülki ekipajları təhdid etmək imkanlarını daha da zəiflətməkdir”, – CENTCOM X platformasında bildirib.
“Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 20-dən çox döyüş gəmisi və yüzlərlə hərbi təyyarə fəaliyyət göstərir”, – məlumatda deyilir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Bəhreyn və Küveytə, ABŞ-nin Beşinci Donanmasının istifadə etdiyi obyektlər daxil olmaq zərbələr endirdiyini bildirib. İordaniya ordusu isə iyulun 15-də İranın buraxdığı üç raketi havada vuraraq məhv etdiyini açıqlayıb.
CENTCOM-un komandanı admiral Bred Kuper də İranın son yeddi gün ərzində regionda 7 kommersiya gəmisini qəsdən hədəfə aldığını bildirib. Onun sözlərinə görə, nəticədə 10-dan çox mülki ekipaj üzvü həlak olub, yaralanıb və ya itkin düşüb.
Kuperin dediyinə görə, İran qüvvələri qonşu Körfəz ölkələri istiqamətində onlarla raket və dron buraxıb.
ABŞ prezidenti Donald Tramp bir gün öncə bildirib ki, İrana hava zərbələri o “kifayətdir” deməyincə davam edəcək.
İordaniya: ABŞ bazasını hədəf alan İran ballistik raketləri vurulub
İordaniya hökuməti ABŞ-nin ölkədəki hərbi bazasını hədəf alan dörd İran ballistik raketinin vurulduğunu bildirib. Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) krallıq ərazisindəki Amerika hərbi bazalarının ləğvini tələb etmişdi.
İordaniyanın dövlət mediası hökumətin bəyanatına istinadla xəbər verib ki, raketlər iyulun 14-də ölkənin hava məkanına daxil olduqdan sonra məhv edilib.
SEPAH Fars xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda hücumu təsdiqləyib, amma raket zərbələrinin İordaniya xalqına qarşı yönəlmədiyini bildirib.
"Bilməlisiniz ki, biz nəinki ölkənizlə düşmənçilik etmirik, əksinə, Fələstin xalqının ağrısını və məruz qaldığı zülmü digər xalqlardan daha yaxşı anlayan ləyaqətli xalqınızı sevirik", – SEPAH bəyanatında vurğulayır.
Raket qalıqlarının hər hansı itkiyə səbəb olması barədə, hələlik, məlumat verilməyib.
CENTCOM İrana dəniz blokadasının bərpa olunacağı vaxtı açıqlayıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, iyulun 14-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:00-dan (Bakı vaxtı ilə təxminən gecəyarısından) İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatına blokada yenidən tətbiq ediləcək.
"CENTCOM qüvvələri İran limanlarına və sahil bölgələrinə gedən və ya oradan çıxan gəmilərə blokadanı həyata keçirəcək. ABŞ ordusu blokadanı pozmayan gəmilər üçün region sularında nəqliyyata dəstəyini davam etdirəcək", – CENTCOM-un bəyanatında deyilir.
Prezident Donald Tramp iyulun 13-də demişdi ki, ABŞ qüvvələri Hörmüz boğazının "Qoruyucu Mələyi"nə çevriləcək. Son günlər İran boğazda kommersiya gəmilərinə hücumlar həyata keçirib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) isə iyulun 14-də Oman sahilləri yaxınlığında Hörmüz boğazından keçən daha bir tankerin raket zərbəsinə məruz qaldığını bildirib.