Tramp sözünü tutdu: İrana '20 qat' zərbə endirildi, SEPAH Bəhreyn və Küveyti vurdu
ABŞ ordusu prezident Donald Trampın Tehranla atəşkəs razılaşmasının bitdiyini elan etməsindən cəmi bir neçə saat sonra İrana yeni hava zərbələri endirib.
Türkiyədəki NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp bildirib ki, İrana sarsıdıcı zərbə vurublar: "Zərbələrin nisbəti 20-yə 1 idi. Onların hər bir hücumuna 20 zərbə ilə cavab verəcəyik və ötən gecə də bunu etdik".
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı məlumata görə, hava zərbələri nəticəsində İran sahillərindəki 90-a yaxın hərbi obyekt – o cümlədən hava hücumundan müdafiə sistemləri, raket və PUA anbarları – sıradan çıxarılıb.
Qalibaf: "Vursanız, vurulacaqsınız"
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab olaraq Küveytdəki "Arifcan" və "Əli əs-Saləm", eləcə də Bəhreyndəki "Cuffeyr" və "Şeyx İsa" hərbi bazalarının vurulduğunu bəyan edib. SEPAH rəsmiləri xəbərdarlıq ediblər ki, ABŞ hücumları dayandırmasa, Fars körfəzindəki digər Amerika bazaları da hədəf alınacaq.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib ki, "Hörmüz boğazı Vaşinqtonun hədələri ilə deyil, Tehranın göstərişi ilə açılacaq". O vurğulayıb ki, "təhdidlərin və vədə xilaf çıxmağın bir bədəli var – Vaşinqton hələ də bunu anlamır".
"Vursanız, vurulacaqsınız", – spiker xəbərdarlıq edib.
ABŞ-İran münaqişəsində son gərginlik iyulun 7-də başlayıb. Həmin gün ABŞ Tehranı qlobal tədarükün əsas marşrutu olan Hörmüz boğazında ticarət gəmilərinə hücum etməkdə günahlandıraraq İranın 80 hərbi obyektinə zərbələr endirib. İran isə buna cavab olaraq ABŞ-nin Küveyt və Bəhreyndəki hədəflərini vurub.
Tramp: ABŞ-İran atəşkəsi bitdi, Tehranla danışıqlar vaxt itkisidir
Prezident Donald Tramp bildirib ki, onun fikrincə, ABŞ ilə İran arasında atəşkəs rejimi artıq qüvvədə deyil. O, bu barədə Ankaradakı NATO sammitində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Məncə, hər şey bitdi. Artıq onlarla heç bir iş görmək istəmirəm", –Tramp vurğulayıb. Onun sözlərinə görə, hazırkı durumu hələ amerikalı danışıqçılarla gözdən keçirəcək, amma Tehranla danışıqları davam etdirməyi "vaxt itkisi" sayır.
Prezident həmçinin əlavə edib ki, Amerika ordusu iyulun 8-nə keçən gecə İran ərazisinə "çox güclü zərbələr" endirib: "Biz onlara dedik ki, "gedin, öz dəfn işlərinizlə məşğul olun", onlar isə bunun əvəzinə dünən gəmiləri atəşə tutmağa başladılar. Buna görə də ötən gecə onlara çox ağır zərbə vurduq".
İyunun ortalarında ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, 60 günlük atəşkəs elan edilməli və yekun sülh sazişinin bağlanması ilə bağlı danışıqlara başlanmalı idi.
ABŞ İrana zərbələr endirdi, Tehran Küveyt və Bəhreynə raketlər atdı
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 7-də Amerika hərbçilərinin İrana zərbələr endirdiyini bəyan edib. Açıqlamada bu addımın İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə etdiyi son hücumlara cavab olduğu bildirilir.
Komandanlığın press-relizində yüksək dəqiqlikli silahlarla İranda 80 hədəfin vurulduğu qeyd olunur. Həmin obyektlər arasında hava hücumundan müdafiə sistemləri, idarəetmə və rabitə şəbəkələri, sahilyanı radiolokasiya məntəqələri, gəmiəleyhinə raket kompleksləri və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik kater var.
ABŞ Prezidenti Donald Tramp İrandakı obyektlərə hücumu əks etdirən video paylaşsa da, zərbələrin dəqiq haraya və hansı hədəflərə endirildiyi açıqlanmır.
İran ordusu bu addıma Küveyt və Bəhreynə zərbələr endirməklə cavab verib. SEPAH-ın məlumatına görə, raket və dron hücumları ilə ABŞ-nin 85 hərbi obyekti vurulub, həmçinin Amerikanın "MQ-9 Reaper" PUA-sı məhv edilib.
Hörmüz boğazında Qətər tankeri atəşə tutulub, gəmi alovlanıb
Mayeləşdirilmiş qaz daşıyan "Al Rekayyat" tankeri Hörmüz boğazında atəşə tutulduqdan sonra alovlanıb. Hadisə iyulun 7-si səhər saatlarında, Omanın Lima limanından 15 kilometr məsafədə qeydə alınıb. "Bloomberg"in məlumatına görə, Marşall adalarının bayrağı altında üzən gəmi Qətərin dövlət gəmiçilik şirkəti "Nakilat"a məxsusdur.
Tankerin heyəti Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinə (UKMTO) bildirib ki, cənub istiqamətində hərəkət edərkən gəminin sol bortuna naməlum mərmi dəyib. Bəzi məlumatlara görə, tankerin transponderləri (yer müəyyənləşdirən cihazları) qapalı olub.
Tehran gəmiyə hücumla bağlı rəsmi şərh verməkdən yayınsa da, "The Associated Press"in məlumatına görə, İran dövlət televiziyası hadisənin ölkə hərbçiləri tərəfindən törədildiyinə işarə vurub.
Keçən həftə İranın Birgə Hərbi Komandanlığı boğazdan keçən bütün tankerlərin onun təsdiqlədiyi marşrutlarla hərəkət etməli olduğunu bildirmiş və ABŞ-nin müdaxiləsinin "sürətli və qətiyyətli reaksiya doğuracağı" barədə xəbərdarlıq etmişdi.
Fevralın 28-də ABŞ və İsrailin zərbələrindən sonra İran faktiki olaraq Hörmüz boğazını bağlamış, Vaşinqton isə buna cavab olaraq İrana qarşı dəniz blokadası elan etmişdi. İyunun ortalarında memorandum imzalandıqdan sonra tərəflər boğaz vasitəsilə azad gəmiçiliyi təmin etmək öhdəliyi götürsələr də, Tehran hələ də tranzit gəmilərinin öz hərəkətlərini onunla razılaşdırmasında israr edir.