Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 01:52
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Müharibə İranın əsas texnologiya universitetinə 49 milyon dollar ziyan vurub

ABŞ və İsraillə müharibə İranın Şərif Texnologiya Universitetinə təxminən 48.8 milyon dollar məbləğində ziyan vurub. Hökumətin avadanlıqların və texnoloji infrastrukturun bərpası üçün ayırdığı vəsait isə Tehrandakı bu ali təhsil müəssisəsinin ehtiyac duyduğu resursların yalnız dörddə birini qarşılayır.

Universitetin rəhbəri Məsud Təcrişi iyunun 17-də bildirib ki, dəymiş zərər təhsil ocağının texnoloji imkanlarının əhəmiyyətli hissəsini əhatə edir.

"Universitet hazırda çox məhdud imkanlarla işləyir. Süni intellekt sistemi də daxil olmaqla, bəzi xidmətlər tamamilə dayanıb, superkompüterlərin hesablama sürəti isə 10 faizə enib", – o deyib.

Təcrişinin sözlərinə görə, Elm Nazirliyi universitetə kompensasiya olaraq cəmi 14.6 milyon dollar ayırıb ki, bu da tələb olunan vəsaitin təxminən 25 faizinə bərabərdir.

O bildirib ki, növbəti bir il ərzində hərbi əməliyyatlar nəticəsində itirilmiş xidmət və imkanların cəmi 25 faizinin bərpa olunacağı gözlənilir.

Şərif Texnologiya Universiteti aprelin 7-də ABŞ və İsrailin hava zərbələrinin hədəfinə çevrilib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən təhsil müəssisəsinin əsas hesablama mərkəzi bombardman nəticəsində dağıdılıb.

Vens: Memorandumun mətni 'həssas məqamlar' səbəbindən açıqlanmır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 16-da bildirib ki, İranla imzalanmış anlaşma memorandumunun mətni hələlik açıqlanmayıb. Buna səbəb Tehran və regional vasitəçilərlə bağlı həssas diplomatik məsələlərin davam etməsidir.

Vens "The Megyn Kelly Show" proqramında deyib ki, hazırda bəzi həssas diplomatik məqamlar var və İran, eləcə də Pakistan və Qətər daxil olmaqla, digər vasitəçilər Vaşinqtondan prosesə ehtiyatla yanaşmağı xahiş ediblər.

"Ərəb və müsəlman dünyasında müəyyən həssaslıqlar var, biz onlara qarşı diqqətli və anlayışlı olmağa çalışırıq", – Vens sənədin dərcinin gecikməsini izah edib.

Vitse-prezident həmçinin vurğulayıb ki, memorandum ilkin çərçivə sənədidir və ətraflı saziş xarakteri daşımır.

"Memorandum bir səhifə yarımdan ibarətdir, ona görə də çox ümumi sənəddir", – deyən Cey Di Vens əlavə edib ki, əsas məsələlər texniki danışıqlar mərhələsində müzakirə olunacaq.

O bildirib ki, ABŞ danışıqlarda güclü mövqedən çıxış edir və gələcək proses uğursuz olarsa, Vaşinqton razılaşmadan çəkilə bilər: "Onlar bu razılaşmaya əməl etsələr, məncə, bu həm Birləşmiş Ştatlar, həm də İran üçün daha yaxşı olar".

"Yox, əgər sazişin şərtlərini pozsalar, boğazlar açıq qalacaq, biz onların nüvə proqramına artıq çox ciddi zərbə vurmuş olacağıq və nəticədə bir ölkə olaraq öz həyatımıza davam edə biləcəyik", – o əlavə edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl, iyunun 16-da bildirib ki, danışıqlar ikinci mərhələyə keçib. Onun sözlərinə görə, bu mərhələ birincidən daha asan olacaq.

60 günlük bu mərhələdə əsasən İranın nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı texniki məsələlərin müzakirə olunacağı gözlənilir.

İran neftini daşıyan 3 tanker Hörmüz boğazından çıxıb

ABŞ-nin dəniz blokadasının başlamasından iki ay sonra İran xam nefti daşıyan ilk tankerlər Hörmüz boğazını tərk edib. Bu barədə iyunun 17-də neft yüklərinin daşınması və saxlanmasını izləyən "Tanker Trackers" platforması məlumat yayıb.

Bu, ABŞ və İranın iyunun 19-da İsveçrədə müharibəyə son qoymağı hədəfləyən ilkin sazişi imzalamağa hazırlaşdığı vaxtda baş verir.

"Tanker Trackers" peyk görüntüləri ilə tutuşdurulmuş rəqəmsal məlumatlara əsaslanaraq bildirib ki, İranın son iki ayda ilk xam neft ixracı gerçəkləşib.

"Milli İran Tanker Şirkətinə məxsus ən azı iki tanker, o cümlədən xam neft daşıyan nəhəng "Diona" və "Hero 2" supertankerləri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz blokadası zonasından keçib. Onlar İran terminallarından ümumilikdə 3.8 milyon barel xam neft yükləyərək təyinat məntəqələrinə doğru hərəkət edirlər", –platformanın "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Şirkət daha sonra İranın üçüncü tankerinin də ABŞ-ın dəniz blokadasını yarıb keçdiyini açıqlayıb.

İran İsrailə Livandakı hücumlarla bağlı xəbərdarlıq edib

İyunun 16-da İsrail ordusunun Livanın cənubuna endirdiyi zərbələr dörd nəfərin ölümü ilə nəticələnib. Bu hadisədən sonra İranın Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı cavab tədbirləri görəcəyi ilə hədələyib.

Bu hücumlar ABŞ və İranın Yaxın Şərqdəki münaqişəyə son qoymağı hədəfləyən razılaşmanı elan etməsindən dərhal sonra baş verib.

İsrail isə "Hizbullah"ın atdığı bir neçə raketi vurduğunu və cavab olaraq qruplaşmanın mövqelərinə zərbələr endirdiyini bildirib.

İran Silahlı Qüvvələrini koordinasiya edən Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı yaydığı bəyanatında bildirib ki, İsrail Livanın cənubuna hücumları dayandırmasa, İslam Respublikasının "sərt cavabı" ilə üzləşəcək.

Bəyanatda iddia olunur ki, ABŞ prezidenti Donald Trampın müharibəyə son qoyacaq razılaşmanın yekunlaşdığını elan etməsindən sonra İsrail ordusu Livanın cənubunda atəşkəs rejimini 84 dəfə pozub.

Davamı

XS
SM
MD
LG