ABŞ-İran memorandumu: Neft satışı dərhal bərpa olunur – 'Reuters'
"Reuters" xəbər verir ki, Yaxın Şərqdəki müharibəyə son qoymağı hədəfləyən anlaşma memorandumu (MoU) çərçivəsində ABŞ İrana neft və yanacaq satışını dərhal bərpa etməyə icazə verəcək.
Sanksiyalardan möhlət neft satışları üçün zəruri olan bank, nəqliyyat və sığorta xidmətlərini də əhatə edəcək.
Yüksək vəzifəli bir ABŞ rəsmisinin sözlərinə görə, memorandum imzalandıqdan dərhal sonra bu müddəalar qüvvəyə minəcək.
Rəsmi mənbə "Reuters"ə bildirib ki, bu, "icraya əsaslanan sazişdir". İran yalnız üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi halda güzəştlərdən yararlana biləcək. Sözügedən öhdəliklərə nüvə silahı əldə etməmək, zənginləşdirilmiş uranı zərərsizləşdirmək və Hörmüz boğazında gəmiçiliyə mane olmamaq daxildir.
ABŞ-İran anlaşma memorandumu hər iki tərəfdən artıq elektron qaydada imzalanıb. İyunun 19-da iki ölkənin yüksək vəzifəli rəsmilərinin bu sənədi İsveçrədə rəsmən imzalayacağı gözlənilir.
Tramp İranla sazişi ABŞ Konqresinə göndərəcəyini deyir
ABŞ prezidenti Donald Tramp iyunun 16-da İranla əldə olunmuş sülh sazişini baxılması üçün ABŞ Konqresinə göndərəcəyini bildirib.
Tramp bunu Fransada keçirilən G7 sammiti çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü zamanı jurnalistlərə danışıb.
“Bunu heç düşünməmişdim, amma edərəm... Sənədi Konqresə göndərəcəyəm. Bu fikir xoşuma gəlir. Yəni, kim buna qarşı çıxar ki?” – Tramp bildirib.
Bundan əvvəl bəzi respublikaçı konqresmenlər razılaşmanın mətnini nəzərdən keçirməyə çağırmışdılar.
Tramp İranla razılaşmanın mətnini “bir-iki gün ərzində” ictimaiyyətə açıqlayacağına söz verib, sənədin dərc olunması üçün rəsmi prosedur müəyyənləşdirildikdən sonra onun tam mətnini hətta açıq şəkildə oxuya biləcəyini bildirib.
“Reuters”in məlumatına görə, Tramp deyib ki, sənədi yaymaq üçün rəsmi mexanizmin formalaşmasını gözləyir, ancaq mətnin açıqlanmasına heç bir etirazı yoxdur.
“Əvvəlcə bunun üçün rəsmi çərçivənin olmasını istərdim, amma onun dərc edilməsində heç bir problem görmürəm. Bu, çox yaxşı sənəddir”, – Tramp bildirib.
O əlavə edib ki, sazişin əsas müddəası birbaşadır: “İranın heç vaxt nüvə silahı olmayacaq”.
Tramp İranla danışıqların növbəti mərhələsi üçün 60 günlük müddət nəzərdə tutulmasına baxmayaraq, prosesin sürətlə irəliləyəcəyinə inandığını bildirib.
“İran bunu başa çatdırmaq istəyir. Onlar adi fəaliyyətlərinə qayıtmalıdırlar və münasibətlər artıq normallaşıb. Buna görə düşünürəm ki, bu proses çox sürətlə irəliləyəcək”, – o bildirib.
İran və ABŞ münaqişəyə son qoymaq məqsədilə anlaşma memorandumunu iyunun 15-də elektron şəkildə imzalayıblar. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sözlərinə görə, sənəd təxminən bir səhifə yarımdır.
Sazişin rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılır. Mərasimdə hər iki ölkənin yüksəkvəzifəli rəsmilərinin iştirakı gözlənilir.
Pəhləvi ABŞ-İran sazişini 'mənəvi cəhətdən yanlış' adlandırıb
İranın keçmiş vəliəhd şahzadəsi ABŞ və İranın əldə etdiyi yeni çərçivə sazişini kəskin tənqid edərək onu "mənəvi cəhətdən yanlış" və "strateji cəhətdən səhv" adlandırıb. O bildirib ki, İslam Respublikası ilə bağlanan istənilən razılaşma sonda uğursuzluğa məhkumdur.
Rza Pəhləvi "The Times" jurnalına müsahibəsində İranın etibarlı tərəfdaş olmadığını vurğulayıb. Onun sözlərinə görə, mövcud hakimiyyət müxalif fikirləri boğmağa, beynəlxalq ictimaiyyəti şantaj etməyə və regionda qeyri-sabitlik yaymağa davam edəcək.
O həmçinin bildirib ki, İranla bağlı beynəlxalq danışıqların və siyasi qərarların mərkəzində məhz İran xalqı dayanmalıdır.
Pəhləvi 1979-cu il İslam inqilabı zamanı devrilmiş İran şahının sonuncu oğludur. O, mühacirətdə fəaliyyət göstərir və İranın pərakəndə müxalifətində önə çıxmağa çalışan çoxsaylı fiqurlardan biridir.
Pəhləvi "The Times"a müsahibəsində əlavə edib ki, İran üçün yeganə mümkün həll yolu rejim dəyişikliyidir, çünki onun fikrincə, ölkə "azad dünya ilə ayaqlaşmır".
Onun iddiasına görə, "bir çox iranlı ABŞ və İsrailin hücumlarını azadlıq aktı kimi qəbul edib".
İranın keçmiş vəliəhdi vurğulayıb ki, ölkənin gələcək liderinin kim olacağına yalnız İran xalqı qərar verməlidir və bu məsələ seçki yolu ilə həllini tapmalıdır.
'Livana hücum razılaşmanı pozacaq' – Əraqçi İsraili xəbərdar etdi
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranla ABŞ arasında yekun sazişin əldə olunması məqsədilə yeni danışıqlar raundu iyunun 19-da, cümə günü İsveçrədə başlayacaq.
Əraqçi iyunun 16-da deyib ki, müvəqqəti razılaşma rəsmi qüvvəyə mindikdən sonra danışıqlar yekun sazişin hazırlanmasına yönələcək.
O həmçinin xəbərdarlıq edib ki, bundan sonra İsrailin Livana hər hansı hücumu və ya Livan ərazisində qalması ABŞ-la müvəqqəti razılaşmanın pozulması sayılacaq.
"Fikrimizcə, bu memorandumun tərəfləri – bir tərəfdə ABŞ və İsrail, digər tərəfdə isə İran və "Hizbullah"dır", –Əraqçi bildirib.
ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir. Avropa İttifaqı isə onun yalnız silahlı qanadını qara siyahıya salıb.