Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 13:39
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp Netanyahudan İrana əlavə zərbələri dayandırmasını istəyib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya xəbərdarlıq edib ki, əgər İsrail İranla münaqişəni daha da genişləndirsə, beynəlxalq aləmdən təcrid olunmaq riski ilə üzləşə bilər.

Mediada yayılan məlumatlara görə, Tramp iyunun 7-də gecə İsrailin “Channel 12” telekanalına telefon söhbəti zamanı Netanyahudan İranın ballistik raket hücumlarına cavab verməməyi xahiş etdiyini söyləyib.

“Axios” nəşri də eyni vaxtda yazıb ki, Tramp Netanyahuya belə deyib: “Bibi, ehtiyatlı olmalısan, yoxsa tezliklə tək qalarsan”.

“Channel 12”nin məlumatına əsasən, Trampın telefon söhbətində iştirak edən bir neçə müşavirinin fikrincə, prezident ABŞ-İran danışıqlarının davam etməsi üçün daha bir neçə gün vaxt qazana bilib. Amma Netanyahu daha sonra ABŞ dövlət katibi Marko Rubioya İsrailin İran ərazisinə zərbələr endirəcəyini bildirib.

Trampın “Channel 12”yə dediyinə görə, Vaşinqtona əməliyyat barədə yalnız son anda, raketlər artıq buraxılandan sonra məlumat verilib. Prezident əməliyyatın miqyasını məhdudlaşdıra bildiyini iddia edib.

O həmçinin bildirib ki, vasitəçilik prosesinə qatılan beş regional ölkə ondan İsrailə təzyiq göstərərək gərginliyi azaltmağı xahiş edib, çünki həmin ölkələr “üzərində danışıqlar apardığımız sazişi bəyənirlər”.

Trampın sözlərinə görə, sonradan İran rəsmiləri Vaşinqtona deyiblər ki, əlavə hücumlar olmayacaq və İsraildən də İrana zərbələri dayandırmağı istəyiblər.

ABŞ prezidenti deyib ki, bundan sonra Netanyahu ilə danışaraq onu hücumları dayandırmağa razı sala bilib və ABŞ ilə İran arasında razılaşmanın hələ də mümkün olduğunu düşünür.

Netanyahu iyunun 8-də bildirib ki, Tehran İsrailə hücumları dayandırdığını açıqlayandan sonra İrana qarşı “atəş açılması dayandırılıb”.

İsrail İrana qarşı əməliyyatları dondurdu – 'İran səhv etməsin'

İsrail baş naziri Binyamin Netanyahu Tehran hücumları dayandırdıqdan sonra İrana qarşı hərbi əməliyyatların müvəqqəti dondurulduğunu bildirib.

İranın iyunun 7-də İsrailə raket zərbələri endirməsindən sonra ilk videomüraciətində Netanyahu Tehrana ciddi xəbərdarlık edib: "Əgər Tehran hücumları bərpa etmək səhvinə yol versə, biz tam gücümüzlə cavab verəcəyik".

Netanyahu bildirib ki, İran İsrailin Livanda "Hizbullah" qruplaşmasını hədəf alan əməliyyatlarına cavab olaraq yeni şərtlər diktə etməyə cəhd göstərib: "Bu tənlik dözülməzdir və mənim üçün qəbuledilməzdir".

Baş nazir ABŞ prezidenti Donald Trampın İsrailə İrana qarşı hücumları dayandırmaq barədə əmr verdiyini təsdiqləməkdən yayınıb.

Trampla apardığı danışıqlara toxunan Netanyahu İsrailin özünümüdafiə hüququnu müdafiə etdiyini vurğulayıb: "İsrailin tam özünümüdafiə hüququ var və biz bundan zərurət yarandıqca istifadə edirik".

İran İsrailə zərbələri dayandırdığını elan etdi

İran İsrailə qarşı hərbi əməliyyatlarını dayandırdığını bəyan edib.

Bu açıqlama İranla İsrail arasında bir neçə qarşılıqlı zərbədən sonra verilib.

İran mediasının yaydığı məlumata görə, ölkənin birgə hərbi komandanlığı olan "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bildirib ki, gələcəkdə hər hansı hücuma, o cümlədən Livanın cənubundakı əməliyyatlara "daha sərt və sarsıdıcı" cavab veriləcək.

Tramp İranı və İsraili atəşi dayandırmağa çağırır

ABŞ prezidenti Donald Tramp son 24 saat ərzində qarşılıqlı hava zərbələri endirən İran və İsraili gərginliyi azaltmağa çağırıb.

"İsrail və İran dərhal atəş açmağı dayandırmalıdır", – Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.


Davamı

XS
SM
MD
LG