İran Küveyt aeroportuna dronla hücum edib – Reyslər dayandırılıb
Küveyt rəsmilərinin iyunun 3-də verdiyi məlumata görə, İran Küveyt Beynəlxalq Aeroportuna dronlarla zərbələr endirib. Hücum nəticəsində bir neçə nəfər xəsarət alıb və hava nəqliyyatının hərəkəti tamamilə dayandırılıb.
Küveyt Müdafiə Nazirliyinin sözçüsü, briqada generalı Səud Əbdüləziz əl-Oteybi bildirib ki, "bir neçə düşmən dronu sərnişin terminalını (T1) hədəfə alıb". O, bu hücumu "İranın cinayətkar təcavüzü" adlandıraraq binaya ciddi maddi ziyan dəydiyini və bir neçə nəfərin yaralandığını qeyd edib.
Küveyt Mülki Aviasiya Baş İdarəsi isə bəyan edib ki, Küveyt Beynəlxalq Aeroportunda bütün reyslər növbəti bildirişədək təxirə salınıb və təyyarələr alternativ hava limanlarına yönləndirilib. Qurum aeroportda dərhal fövqəladə vəziyyət planının işə salındığını açıqlayıb.
İran tərəfi hələlik bu xəbərlə bağlı rəsmi şərh verməyib.
ABŞ və Bəhreyn İranın atdığı ballistik raketləri vurub
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqdə İran tərəfindən buraxılan bir neçə ballistik raket və dronun uğurla zərərsizləşdirildiyini açıqlayıb.
CENTCOM iyunun 2-si və 3-də yaydığı bəyanatda bildirib ki, İranın regiondakı qonşu ölkələrə doğru atdığı bir neçə raket nəzərdə tutulan hədəflərə çatmayıb. Komandanlığın məlumatına görə, Bəhreynə doğru atılan üç raket ABŞ və Bəhreynin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Küveytə yönəlmiş iki raket isə ya hədəfə çatmayıb, ya da uçuş zamanı parçalanıb.
CENTCOM həmçinin bildirib ki, ABŞ qüvvələri regional sularda mülki gəmiçiliyi hədəf aldığı iddia edilən üç İran kamikadze dronunu vurub. Buna cavab olaraq ABŞ, Hörmüz boğazındakı Qeşm adasında İran hərbi qüvvələrinə məxsus yerüstü idarəetmə məntəqəsinə "özünümüdafiə" zərbələri endirib.
Komandanlıq ABŞ hərbçiləri arasında xəsarət alan olmadığını vurğulayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahına və regiondakı ABŞ aviabazasına uğurlu zərbələr endirməsi barədə iddialarını təkzib edib.
CENTCOM X sosial şəbəkəsində əlavə edib ki, ABŞ qüvvələrini hədəf alan İranın növbəti dron dalğası Küveyt səmasında zərərsizləşdirilib, heç bir dağıntı və ya itki qeydə alınmayıb. Küveyt ordusu da ayrıca bəyanatında hava hücumundan müdafiə sistemlərinin düşmən raket və dronlarının qarşısını aldığını bildirib, amma əlavə təfərrüat açıqlamayıb.
ABŞ İranın kriptovalyuta birjasına sanksiyalar qoydu
ABŞ Maliyyə Nazirliyi İranın ən böyük kriptovalyuta birjası "Nobitex"ə qarşı yeni sanksiyalar elan edib.
Nazirlik iyunun 2-də bildirib ki, "Nobitex" və daha üç rəqəmsal birjaya qarşı sanksiyalar tətbiq olunur. Bəyanata əsasən, "Nobitex" İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı maliyyə əməliyyatlarında vasitəçi rolunu oynayıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent deyib: "İran iqtisadiyyatı sürətlə tənəzzülə uğradığı halda, rejim rəqəmsal aktiv texnologiyalarından öz korrupsiya məqsədləri üçün yararlanmağı seçib. Bura sanksiyalardan yayınmaq və sərvəti ölkədən çıxarmaq da daxildir".
Yaxınlarda "Reuters" agentliyinin apardığı araşdırmada "Nobitex"in SEPAH və İran Mərkəzi Bankına xidmət edən "paralel maliyyə sistemi"nin yaradılmasındakı rolundan bəhs edilirdi.
ABŞ Xəzinədarlığı "Nobitex"in İdarə Heyətinin sədri Əmir Hüseyn Rada və şirkətin digər yüksək vəzifəli rəsmilərinə qarşı da fərdi sanksiyalar tətbiq edib.
Bəyanatda qeyd olunur ki, 2025-ci ildə İrana daxil olan bütün rəqəmsal aktiv axınlarının 50 faizindən çoxu məhz "Nobitex"in payına düşüb.
Rubio: Hörmüz boğazını açmağa görə İrana sanksiyalar qaldırılmayacaq
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranın Hörmüz boğazını açmasına görə ona tətbiq edilən sanksiyaların ləğvi nəzərdə tutulmur.
Rubio iyunun 2-də Senat komitəsindəki dinləmələrdə deyib: "Bu məsələ müzakirə olunmayıb. Belə bir təklif irəli sürülməyib".
Bu açıqlama İran dövlət mediasının yazdıqlarına ziddir. Həmin iddialara görə, Tehran və Vaşinqtonun Pakistanın vasitəçiliyi ilə müzakirə etdiyi saziş layihəsində sanksiyaların yumşaldılması və İranın xaricdə dondurulmuş vəsaitlərinin geri qaytarılması nəzərdə tutulur.
Rubio senatorlara deyib ki, istənilən razılaşmanın ilk mərhələsində İran Hörmüz boğazını açmalıdır. Bundan sonra, 30-90 gün davam edəcək ikinci mərhələdə İranın nüvə proqramı ilə bağlı müzakirələr aparılmalıdır.
Dövlət katibinin dediyinə görə, danışıqlar İranda hakimiyyətin strukturundan dolayı çətinləşir. Rubio bildirib ki, İranın təmsilçiləri əldə olunan təklifləri Tehrandakı rəhbərlik şurası ilə yenidən müzakirə etməli olur, bu da hər yeni mesaj mübadiləsində bir neçə günlük gecikmələr yaradır.