CNN: İran ABŞ və İsrailin vurduğu yeraltı raket bazalarını bərpa edib
İran fevralın 28-dən bəri ABŞ və İsrail qüvvələrinin zərbələrinə məruz qalan yeraltı raket obyektlərinin böyük hissəsini yenidən istifadəyə verib. Bu haqda CNN mayın 31-də xəbər yayıb. ABŞ və İsrail İranın son onilliklərdə qurduğu çoxsaylı yeraltı hərbi bazalara çıxışını məhdudlaşdırmağa çalışıb, bundan ötrü yaxınlıqdakı yolları dağıdıb, tunel girişlərini bağlayıb və qazıntı texnikasını hədəfə alıblar.
İran həmin obyektləri yenidən qazaraq açmağa çalışırdı. ABŞ və İsrailin zərbələri isə Tehranın raket potensialından tam istifadə etməsinə mane olurdu. CNN peyk görüntülərinə istinadla bildirib ki, aprelin əvvəlində atəşkəsin qüvvəyə minməsi İranın yeraltı bazalarını bərpa etməsini sürətləndirib. 18 obyektə aparan 69 tunel girişindən 50-sinin yenidən açıldığı bildirilir.
İranın raket proqramı münaqişənin mərkəzində duran əsas məsələlərdəndir. Vaşinqton və Təl-Əviv Tehranın raket imkanlarını məhdudlaşdırmağa çalışır. ABŞ prezidenti Donald Tramp mayın 30-da bildirib ki, Vaşinqton İranla üç aydır davam edən müharibəyə son qoyacaq "çox yaxşı" sazişə yaxınlaşır. Amma danışıqların uğurla bitib-bitməyəcəyi, hələlik, aydın deyil.
İranın xarici işlər naziri Abbas Əraqçi mayın 31-də danışıqların davam etdiyini təsdiqləyib, ancaq spekulyasiya etməməyə çağırıb. Onun sözlərinə görə, konkret nəticə əldə olunmadan Tehran danışıqlar prosesini qiymətləndirə bilməz. Tramp bundan əvvəl xəbərdarlıq edib ki, danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ İrana bombardman kampaniyasını bərpa edə bilər. CNN-in məlumatına görə, hərbi əməliyyatlar yenidən başlarsa, İranın da raket zərbələrini bərpa etmək imkanı olacaq.
Tramp İrandan əsas təminatı aldığını açıqladı: Tehran cavab verdi
ABŞ prezidenti Donald Tramp israr edir ki, onun masaya qoyduğu atəşkəs sazişi çərçivəsində Tehran nüvə silahına malik olmayacaq. Bu, İranın nüvə proqramının hazırda müzakirə olunan memorandumun diqqət mərkəzində dayandığını göstərir.
Tramp mayın 31-də sosial şəbəkədə yazıb ki, onun sazişi İranın nüvə silahına malik olmayacağını çox aydın bəyan edir. "Sənəd daha sonra nüvə məsələsinin müxtəlif aspektlərini çox geniş və detallı təsvir edir. Əslində, sazişin böyük hissəsi məhz bununla bağlıdır", – o qeyd edib.
Tramp mayın 28-də "Fox News"da yayımlanan müsahibəsində iddia edib ki, İran nüvə silahı əldə etməməyə razılaşıb. Mayın 30-da yayımlanan müsahibəni prezidentin gəlini Lara Tramp götürüb. "Nüvə silahının olmaması mənim əldə etməli olduğum əsas təminatdır. Onlar bununla razılaşıblar, bu, çox maraqlı idi", – Tramp bildirib.
Tehran isə davamlı olaraq bildirir ki, nə nüvə proqramı, nə də nüvə bombası hazırlanmasında istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı hər hansı razılaşma əldə olunub. İran uran ehtiyatlarının bir hissəsini silah istehsalı səviyyəsinə yaxın dərəcədə zənginləşdirib və nüvə fəaliyyətinin yalnız mülki məqsədlər daşıdığını bəyan edir.
Mayın 31-də dövlət televiziyasında yayımlanan videomüraciətdə İranın danışıqlarda əsas təmsilçisi, parlament sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, İran nümayəndə heyəti "qarşı tərəfin nə sözlərinə, nə də vədlərinə etibar edir". "İran xalqının hüquqlarının təmin olunduğuna tam əmin olmayınca heç bir sazişi təsdiqləməyəcəyik", – Qalibaf söyləyib.
İranın xarici işlər naziri Abbas Əraqçi də mayın 31-də danışıqların davam etdiyini təsdiqləyib. Amma o, spekulyasiyalardan çəkinməyə çağırıb. Nazir bildirib ki, konkret nəticə ortaya çıxanadək Tehran danışıqlar prosesini qiymətləndirə bilməz.
Son həftələr ABŞ və İran nümayəndələri bir neçə təklif paketi mübadilə ediblər. "The New York Times" və "Axios" mayın 30-da xəbər veriblər ki, Tramp administrasiyası Tehrana daha sərt şərtlər yer alan yeni çərçivə təklifi göndərib.
ABŞ İrana qarşı sanksiyaları genişləndirir
ABŞ mayın 28-də İranın neft və neft-kimya ticarəti ilə əlaqəli bir sıra qurumlara, şəxslərə və gəmilərə yeni sanksiyalar açıqlayıb.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, bu addım İran rejiminə "maksimum təzyiq" kampaniyasının davamıdır. İran neftinin daşınması ilə əlaqəli səkkiz gəmi, həmçinin İran mənşəli neft-kimya məhsullarının ticarətində iştirak edən üç qurum və bir fiziki şəxs sanksiya siyahısına salınıb.
Bundan əlavə, Dövlət Departamenti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun müxtəlif bölmələrinin maliyyə mexanizmlərini pozacaq məlumatlara görə 15 milyon dollara qədər mükafat vəd edib.
"İran neftinin ticarəti ilə məşğul olan istənilən quruma ciddi ABŞ sanksiyaları riski var", – qurumun sözçüsü Tommi Piqott bildirib.
ABŞ Omanı sanksiyalarla hədələyib
Əgər Oman İranın Hörmüz boğazında keçid haqqı sistemi tətbiq etməsinə kömək etsə, Vaşinqton Körfəzdəki bu müttəfiqinə sanksiyalar qoya bilər. Bunu ABŞ-nin maliyyə naziri Skot Bessent mayın 28-də bildirib.
"ABŞ hökuməti Hörmüz boğazında hər hansı keçid haqqı sisteminin tətbiqinə dözməyəcək", – Bessent X platformasında yazıb.
"Oman xüsusilə bilməlidir ki, ABŞ Maliyyə Nazirliyi boğazda keçid haqlarının tətbiqinə birbaşa və ya dolayısı ilə yardım edən bütün tərəfləri aqressivcəsinə hədəfə alacaq, bu işə qoşulan istənilən tərəf cəzalandırılacaq", – deyə o qeyd edib.
Bessent daha sonra Ağ evdəki brifinqdə deyib ki, Oman səfiri ilə danışıb və ondan keçid haqqı sistemi tətbiq etmək planlarının olmadığı barədə təminat alıb: "Ona bunun qəbuledilməz olduğunu bildirdim. Heç kim Oman vətəndaşlarının və ya maliyyə qurumlarının sanksiya riski ilə üzləşməsini istəməz".
İran müharibə başlayandan Hörmüz boğazına nəzarəti faktiki ələ keçirib. Dünya neft və qaz tədarükünün təxminən 20 faizi bu strateji marşrutdan keçir.
Tehran beynəlxalq su yolundan keçən gəmilərdən ödəniş almaq niyyətini açıqlayıb və Omanın bu layihədə tərəfdaş olmasını istəyib.
Oman Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçilik edib, amma özü də İranın cavab zərbələrinin hədəfinə çevrilib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Oman və İranın boğaza mümkün birgə nəzarəti barədə suala cavabında Omanı hədələyib. "Əgər Oman bunu etsə, onları məhv edərəm", – Tramp bildirib.