Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 20:51
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

ABŞ Hörmüzdə gəmilərdən pul yığan İran qurumuna sanksiya qoyur

ABŞ İranın Hörmüz boğazından keçidi tənzimləmək məqsədilə yaratdığı "Fars Körfəzi Boğazı İdarəsi" adlı quruma qarşı sanksiyalar tətbiq edib.

Bu idarə İranın fevralın 28-də ABŞ və İsraillə müharibəsinin başlamasından sonra, Hörmüz boğazını bağladığı dövrdə yaradılıb.

Müharibədən əvvəl dünyada neft və təbii qaz tədarükünün beşdə biri bu dar su yolundan keçirdi. İranın gəmiçiliyə tətbiq etdiyi məhdudiyyətlər isə qlobal enerji bazarlarında ciddi pozuntulara səbəb olub.

ABŞ Maliyyə Nazirliyi mayın 28-də xəbərdarlıq edib ki, bu qurumla əməkdaşlıq edən və ya tranzit haqqı ödəyən şəxslər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək göstərmiş hesab olunaraq sanksiyalarla üzləşə bilərlər.

İran isə iddia edir ki, gəmilərdən "keçid haqqı" deyil, sadəcə "naviqasiya xidmətləri" üçün ödəniş alınır.

Mayın 20-də sözügedən idarə Tehranın bu strateji su yolunun böyük hissəsi üzərində tənzimləyici yurisdiksiyasını əks etdirən xəritə yayımlayıb.

İranın Kəşfiyyat Nazirliyi ölkədə yeni iğtişaşlarla bağlı xəbərdarlıq edir

İranın Kəşfiyyat Nazirliyi xəbərdarlıq edib ki, ABŞ-nin iqtisadi təzyiqi nəticəsində yaranan "bəzi çatışmazlıqlar və qiymət artımları" son müharibədən sonra ölkədə yeni iğtişaşlara səbəb ola bilər.

Nazirlik mayın 27-də yaydığı bəyanatda iddia edib ki, ABŞ və İsrail artan iqtisadi təzyiqin yaratdığı çatışmazlıqlar və qiymət artımlarından yararlanmağa çalışır. Bu iki ölkənin "düşmən agentləri" və xaricdəki farsdilli media vasitəsilə sosial narazılığı qızışdırmağa cəhd etdiyi bildirilir.

Bu arada İranda yüksək inflyasiya, istehlak qiymətlərində kəskin artım baş verir, ABŞ-nin dəniz blokadası həftələrdir davam edir. İranın neft ixracı ciddi azaldığından hökumətin gəlirlərinin sürətlə azalması xəbərləri gəlir.

Bu ilin yanvar ayında ölkə boyunca etirazlar amansızlıqla yatırılmışdı. Etirazlar İran bazarlarında, ticarət mərkəzlərində milli pulun sürətlə dəyərsizləşməsindən sonra başlamışdı. Təhlükəsizlik qüvvələri etirazçılara sərtliklə divan tutmuş, minlərlə insan öldürülmüşdü.

Nazirlik xüsusilə İranın şimal-qərb və cənub-şərq bölgələrində mümkün "terror əməliyyatları və sərhəd təxribatları", eləcə də "sui-qəsd və sabotaj aktları" barədə xəbərdarlıq edib.

Bəyanatda ABŞ və İsrailin İrana silah, sursat və qeyri-qanuni rabitə avadanlıqları, xüsusilə "Starlink" keçirməyə çalışdığı da iddia olunub.

Bu açıqlamadan əvvəl hakimiyyət 88 günlük blokadadan sonra ölkədə internetə çıxışı qismən bərpa etməyə başlayıb.

SEPAH ABŞ zərbəsindən sonra Amerika aviabazasını vurduğunu bildirir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mayın 28-də, ABŞ-nin İranın cənubundakı Bəndər-Abbas hava limanı yaxınlığına hücumundan sonra Amerika aviabazasını hədəf aldığını açıqlayıb. Məlumatı SEPAH-a yaxın "Tasnim" agentliyi yayıb.

SEPAH bildirib ki, yerli vaxtla saat 04:50-də aviabaza hava mərmiləri ilə vurulub.
İnqilab Keşikçiləri hədəfə alınan bazanın yerini açıqlamayıb.

Küveyt ordusu isə mayın 28-də hava hücumundan müdafiə sistemlərinin düşmən raket və dron hücumlarına qarşı hərəkətə keçdiyini bildirib.

SEPAH xəbərdarlıq edib ki, ABŞ tərəfindən növbəti hücumlar olarsa, buna "daha qətiyyətli" cavab veriləcək və Vaşinqton nəticələrə görə məsuliyyət daşıyır.

ABŞ İrana yeni zərbələr endirib, Hörmüz boğazı yaxınlığında dronları vurub

Amerika ordusu İranın hərbi obyektlərindən birinə yeni zərbələr endirib və Hörmüz boğazı yaxınlığında bir neçə dronu məhv edib. ABŞ rəsmiləri məlumatı mayın 27-də yayıb. Tərəflər arasında bu hərbi qarşıdurma münaqişəni dayandırmağı hədəfləyən diplomatik səylərdə irəliləyiş əlamətləri fonunda baş verib.

ABŞ rəsmiləri adlarının açıqlanmaması şərti ilə jurnalistlərə deyiblər ki, hədəfə alınan obyekt ABŞ qüvvələri və Hörmüz yaxınlığındakı kommersiya gəmiləri üçün potensial təhlükə sayılıb. Müharibə fevralın sonunda başlamamışdan dünyada neft daşımalarının beşdə biri bu marşrutdan keçirdi.

Rəsmilərdən biri bildirib ki, ABŞ qüvvələri İranın dörd kamikadze dronunu vurub, cənubdakı Bəndər-Abbas liman şəhərində beşinci dronu buraxmağa hazırlaşan yerüstü idarəetmə məntəqəsinə zərbə endirib. Bəndər-Abbas İranın cənub sahilində, Hörmüz boğazının yaxınlığında yerləşir.

"İran dronları Hörmüz boğazı ətrafında təhlükə yaradırdı. Bu addımlar ölçülü-biçili, tamamilə müdafiə xarakterli idi, atəşkəsi qorumağa yönəlmişdi", – rəsmi bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha sonra yaydığı bəyanatda zərbələri təsdiqləyib.

Bu həftənin əvvəlində ABŞ dəniz minaları yerləşdirməkdə ittiham olunan gəmilərə "özünümüdafiə zərbələri" endirdiyini açıqlayıb.

İran isə həmin əməliyyatları pisləyərək "kövrək atəşkəs razılaşmasının pozulması" adlandırmışdı.

Son qarşılıqlı hücumlar Körfəz regionunda vəziyyətin hələ də qeyri-sabit olduğunu göstərir. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp diplomatik səylərdə irəliləyişə işarə edib. ABŞ və İran Pakistanın vasitəçiliyi ilə təklif mübadiləsini davam etdirirlər.

Davamı

XS
SM
MD
LG