Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 22:01
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

SEPAH: 'Düşmən ölkələr'in gəmiləri hələ də Hörmüz boğazından keçə bilmir

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələri bildirir ki, "düşmən ölkələr"ə məxsus gəmilər hələ də Hörmüz boğazından keçə bilmir.

Qurumun mayın 27-də dövlət televiziyasında yayımlanan bəyanatına görə, indiyə qədər 23 gəminin boğazdan keçişinə icazə verilib və növbəti gəmilərin də "yaxın saatlarda" keçəcəyi gözlənilir.

Bəyanatda strateji su yolundan keçən gəmilərlə bağlı əlavə detallar verilməyib, lakin qeyd olunub ki, "İranın qaydalarına hörmət edən ölkələrlə əməkdaşlıq təmin olunacaq".

'Tasnim': İran dondurulmuş aktivlərdən 12 milyard dolları dərhal tələb edir

İran və ABŞ arasında müzakirə olunan 14-maddəlik anlaşma memorandumu çərçivəsində Tehranın dondurulmuş 24 milyard dollarlıq aktivi qaytarıla bilər. Bu barədə SEPAH-la əlaqəli "Tasnim" agentliyi danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, İran tərəfi vəsaitin yarısının dərhal — danışıqların başlanğıcında, qalan hissəsinin isə 60 gün ərzində köçürülməsini şərt qoyub.

Məlumatda iddia olunur ki, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibafın Qətərə son səfərinin məqsədi də bu tələbin necə həyata keçiriləcəyi, ilk 12 milyard dollara çıxışın hansı formada təmin olunacağı ilə bağlı razılıq əldə etmək olub.

Bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Baxşiş Ərdistani iddia etmişdi ki, İran dondurulmuş aktivlərindən 12 milyard dolları Rusiya vasitəsilə ölkəyə gətirməyi planlaşdırıb, lakin ABŞ bu transferin qarşısını alıb.

Bu xəbərdən əvvəl Qətər bildirib ki, Doha hökumətinin sülh razılaşmasının yekunlaşdırılmasını təmin etmək üçün İrana 12 milyard dollar təklif etdiyi barədə xəbərlər "həqiqətə qətiyyən uyğun deyil".

"Reuters" agentliyi isə məlumatlı mənbələrə istinadən yazıb ki, İran Mərkəzi Bankının rəhbəri də yekun razılaşma çərçivəsində dondurulmuş İran aktivlərinin qaytarılması variantını müzakirə etmək üçün Qətərdə olub.

İran ABŞ-ni atəşkəsi 'kobud şəkildə' pozmaqda ittiham edir

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni aprelin 8-də əldə olunmuş atəşkəsi son 48 saat ərzində "kobud şəkildə" pozmaqda ittiham edib. Nazirlik Hörmüzqan vilayətində təcavüzkar hərəkətlərin baş verdiyini bildirib, amma ABŞ-nin İranın cənubuna endirdiyi zərbələri birbaşa qeyd etməyib.

Bəyanatda atəşkəs elan olunandan sonra törədilən "qanunsuz" hərəkətlərdən, o cümlədən "İranın kommersiya gəmilərinə qarşı dəniz quldurluğu"ndan söz açılır. Nazirlik ABŞ-nin bu davranışını qətiyyətlə pisləyib. Qurum Vaşinqtonu pis niyyət və qeyri-səmimilikdə ittiham edərək ABŞ-nin öz hərəkətlərinin bütün nəticələrinə görə məsuliyyət daşıdığını bildirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ayrıca bəyanat yayaraq, atəşkəsin hər hansı pozuntusuna qətiyyətli cavab verəcəyi ilə hədələyib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mayın 25-də İranın cənubunda raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan İran qayıqlarına zərbələr endirdiyini açıqlayıb. Vaşinqton bu addımı "özünümüdafiə" adlandırıb və atəşkəsin hələ də qüvvədə qaldığını bildirib.

İran ABŞ dronunu vurduğunu iddia edir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ dronunu vurduğunu, ölkənin hava məkanına girən bir neçə Amerika dronuna isə atəş açdığını bildirib.

SEPAH mayın 26-da yaydığı bəyanatda qeyd edib ki, ABŞ hərbi təyyarələri Fars körfəzi bölgəsində İran hava məkanına daxil olduqdan sonra onun hava hücumundan müdafiə bölmələri MQ-9 dronunu müəyyən edərək vurub. SEPAH onu da bildirib ki, qüvvələri RQ-4 dronuna və İranın hava məkanına girən F-35 qırıcısına da atəş açıb.

Bəyanatda bu insidentlərin tam olaraq nə vaxt baş verdiyi göstərilməyib.

İranın bu iddiasından əvvəl ABŞ Mərkəzi Komandanlığı mayın 25-də İranın cənubuna "özünümüdafiə" məqsədli zərbələr endirdiyini bildirmişdi. Vaşinqton hədəflər arasında raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan İran qayıqlarının olduğunu açıqlamışdı.

İran mediası isə mayın 26-sı səhər saatlarında Amerika qırıcılarının Lark adasının cənubunda bir neçə İran gəmisini hədəfə aldığını və hücum nəticəsində azı üç nəfərin öldüyünü xəbər verib.

Davamı

XS
SM
MD
LG