Xameneidən Həcc mesajında ABŞ və İsrailə sərt xəbərdarlıq: "Artıq təhlükəsiz baza qalmayacaq"
İranın Ali rəhbəri Müctəba Xamenei mayın 26-da Həcc mövsümü ilə bağlı mesajında dünya müsəlmanlarını "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarlarını Həcc dövründən sonra da davam etdirməyə çağırıb. O, mərhum atasının İsrailin 2040-cı ilə qədər mövcud olmayacağı barədə proqnozunu yada salıb.
İran dövlət mediasının yaydığı, Xameneiyə aid edilən bəyanatda Ali rəhbər bildirib ki, region ölkələri "artıq Amerika bazaları üçün qalxan olmayacaq" və "Vaşinqtonun regionda hərbi bazalar yaratmaq üçün təhlükəsiz nöqtəsi qalmayacaq".
Mesajda onun atası Əli Xameneinin 2015-ci ildə verdiyi "İsrail 25 ildən sonra mövcud olmayacaq" bəyanatına istinad edilib. İranın keçmiş Ali rəhbəri fevralın 28-də müharibə başlayanda ABŞ və İsrailin hava zərbəsi nəticəsində öldürülüb.
M.Xamenei hazırkı münaqişəni həmin proqnozun yerinə yetirilməsi kimi təqdim edib, İsrailin mövcudluğunun son mərhələlərinə yaxınlaşdığını iddia edib.
Bəyanat İslam dövlətləri arasında "dostluq və əməkdaşlıq" çağırışı ilə yekunlaşıb. Atası Ə.Xamenei də ictimai müraciətlərində bu diplomatik üslubdan istifadə edirdi.
M.Xameneinin atasının ölümünə səbəb olan hava zərbəsində yaralandığı bildirilir. O, martın 8-də yeni Ali rəhbər elan olunandan bəri ictimaiyyət qarşısına çıxmayıb.
Qətər İrana 12 milyard dollar təklifini təkzib etdi
Qətər bildirib ki, Doha hökumətinin sülh razılaşmasının yekunlaşdırılmasını təmin etmək üçün İrana 12 milyard dollar təklif etdiyi barədə xəbərlər "həqiqətə qətiyyən uyğun deyil".
Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Məcid əl-Ənsari mayın 26-da "X" sosial şəbəkəsində yazıb ki, bu məlumatları "razılaşmanı pozmağa və diplomatik səyləri zəiflətməyə çalışan tərəflər yayır". O əlavə edib ki, "Qətərin regional tərəfdaşlarla koordinasiya şəraitində apardığı diplomatik fəaliyyət yaxşı bəllidir və ictimai şəkildə sənədləşdirilib".
"Bu kimi iddialar Qətərin etibarlı beynəlxalq sülh vasitəçisi kimi nüfuzunu ləkələmək üçün göstərilən ümidsiz cəhdlərdən başqa bir şey deyil", —əl-Ənsari bildirib.
Bu bəyanatdan az əvvəl, mayın 25-də İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın rəhbərliyi və xarici işlər naziri Abbas Əraqçinin müşayiəti ilə İran nümayəndə heyəti gözlənilmədən Qətərə səfər edib.
İranla müharibə zamanı Qətər dəfələrlə İslam Respublikasının raket və dron hücumlarının hədəfinə çevrilib.
"Reuters" agentliyi məlumatlı mənbələrə istinadla yazıb ki, İran Mərkəzi Bankının rəhbəri də yekun razılaşma çərçivəsində dondurulmuş İran aktivlərinin qaytarılması variantının müzakirəsi üçün Qətərdə olub.
İsrail Livanın cənubunu vurur, Netanyahu daha ağır hücum vəd edir
İsrail mayın 25-də Livanın cənubuna zərbələri gücləndirib. Bundan əvvəl baş nazir Binyamin Netanyahu orduya "Hizbullah"a qarşı əməliyyatları genişləndirmək göstərişi vermişdi.
Aprelin 17-dən qüvvədə olan atəşkəsə baxmayaraq, Netanyahu İsrail ordusunun zərbələri daha da gücləndirəcəyini və qarşı tərəfi tamamilə məhv edəcəyini vurğulayıb. Bu arada ABŞ və İran, Livan cəbhəsi də daxil olmaqla, Yaxın Şərqdəki münaqişəni dayandırmaq üçün daha geniş bir razılaşmanı yekunlaşdırmağa çalışır. İsrail və "Hizbullah" atəşkəsin başlanmasından bəri, demək olar ki, hər gün qarşılıqlı atəş açırlar.
Mayın 25-i gecə saatlarında İsrailin zərbələri Livanın cənubundakı şəhər və kəndləri, həmçinin Bəkaa vadisini hədəf alıb. Livanın Milli Xəbər Agentliyi iki avtomobilə və bir motosikletə edilən hücumlarda üç nəfərin öldüyünü bildirib.
İsrail 10 kənd üçün təxliyə əmri verib. Beyrutun "Hizbullah"ın əsas dayaqlarından sayılan cənub ətraf məhəllələrindən sakinlərin qaçdığı da müşahidə olunub.
İsrail "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham edib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçay Adrai ordunun gücdən istifadə etməyə məcbur qaldığını deyib. "Hizbullah" isə daha sonra İsrailin atəşkəsi pozmasına cavab olaraq İsrail hərbi mövqelərinə hücum etdiyini açıqlayıb.
İsrailin iki ifrat sağçı naziri də əməliyyatları genişləndirməyə çağırıb. Maliyyə naziri Betsalel Smotriç bildirib ki, "partlayıcı dron hücumlarının hər biri üçün Beyrutda 10 bina yerlə-yeksan edilməlidir".
Gələn həftə Vaşinqtonda Livan və İsrail arasında danışıqların keçirilməsi planlaşdırılır. Amma "Hizbullah" lideri Naim Qasım birbaşa danışıqlara qarşı çıxaraq qruplaşmanın tərksilah olunması tələblərini növbəti dəfə rədd edib.
Tramp: İranın zənginləşdirilmiş uranı məhv ediləcək
İranın sahib olduğu zənginləşdirilmiş uran ya dərhal təhvil veriləcək, ABŞ-yə göndəriləcək və orada məhv ediləcək, ya da İranın özündə və ya "digər məqbul bir məkanda" məhv ediləcək.
ABŞ prezidenti Donald Tramp bunu mayın 25-də "Truth Social" sosial şəbəkəsində paylaşdığı postda qeyd edib. O, əlavə təfərrüat açıqlamayıb.
İranın əlində özünün istehsal etdiyi, nüvə silahı hazırlamaq dərəcəsində zənginləşdirilə bilən tonlarla yüksək zənginləşdirilmiş uran ehtiyatı var. Bu, ABŞ və İran arasındakı sülh danışıqlarında ən mübahisəli məsələlərdən biri olaraq qalır.