Tramp: İranla istənilən saziş 'böyük və mənalı' olacaq
ABŞ prezidenti Donald Tramp İranla mümkün saziş üzrə danışıqlar aparmaq səylərini yenidən müdafiə edib.
O, mayın 25-də "Truth Social" platformasında həm respublikaçı, həm də demokrat tənqidçilərini hədəf alıb. Tramp bildirib ki, əldə olunacaq istənilən razılaşma "böyük və mənalı olacaq, əks halda, heç bir saziş olmayacaq".
O həmçinin vurğulayıb ki, Tehranla əldə ediləcək hər hansı razılaşma keçmiş prezident Barak Obama dövründə bağlanmış 2015-ci il nüvə sazişindən fərqli olacaq.
İrandan danışıqlar açıqlaması: İrəliləyiş var, saziş yox
İranın Xarici İşlər Nazirliyi Tehran və Vaşinqtonun mümkün sazişlə bağlı müzakirələrdə müəyyən irəliləyiş əldə etdiyini bildirib. Bununla belə, qurum razılaşmanın yaxın vaxtda əldə olunacağı barədə fikirlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Nazirliyin sözçüsü İsmayıl Bəqai mayın 25-də həftəlik brifinqdə deyib ki, tərəflər müzakirə olunan məsələlərin böyük hissəsi üzrə nəticə əldə ediblər.
"Amma bunun sazişin tezliklə imzalanacağı anlamına gəldiyini demək olarmı, heç kim belə bir iddia irəli sürə bilməz", – o bildirib. Sözçü ABŞ-ni danışıqlarda mövqeyini dəyişməkdə ittiham edib.
Bəqai onu da deyib ki, Tehran Hörmüz boğazından keçən gəmilərdən "naviqasiya xidmətləri" üçün ödəniş alır, əvvəllər iddia edildiyi kimi, rüsum toplamır.
Onun sözlərinə görə, bu ödənişlər Hörmüz boğazında göstərilən xidmətlərlə, o cümlədən Fars körfəzi və Oman dənizində ətraf mühitin qorunması tədbirləri ilə bağlıdır.
Neft və LNG tankerləri Hörmüzdən çıxaraq Pakistana və Çinə yönəlib
Son günlər üç mayeləşdirilmiş təbii qaz (LNG) tankeri Hörmüz boğazından keçərək Pakistan, Çin və Hindistana doğru hərəkət edib. Bunu "Reuters" gəmi izləmə məlumatlarına əsasən yazır. Təxminən üç ay boğazda ilişib qalmış İraq nefti daşıyan supertanker də Çinə yola düşüb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayandan Hörmüzdən daşımalar xeyli məhdudlaşdırılıb. Müharibədən əvvəl dünya üzrə neft və LNG təchizatının təxminən beşdə biri bu boğazdan keçir.
Bu ay körfəzdən İranın tələb etdiyi tranzit marşrutu ilə az sayda supertanker keçib. Ötən həftə üç çox böyük xam neft tankeri (VLCC) 6 milyon barel xam neftlə Çin və Cənubi Koreyaya yollanıb.
"Fuwairit" LNG tankeri isə mayın 25-də Hörmüz boğazını keçib, sabah, mayın 26-da yükünü Pakistanda boşaldacağı gözlənilir. Baham Adaları bayrağı altında üzən gəmi LNG-ni təxminən martın 28-də Qətərin Ras Laffan limanında yükləyib.
"Al Rayyan" adlı LNG tankeri də boğazdan keçib. Gəmiyə qaz Ras Laffanda vurulub, onun hazırda İranla Oman arasındakı boğazdan kənarda olduğu bildirilir. LSEG və "Kpler"in məlumatlarına görə, tankerin yükünü iyunun 27-də Çində boşaldacağı gözlənilir.
"Al Rayyan" tankerinin sahibi "QatarEnergy" iş saatlarından kənar göndərilən sorğuya dərhal cavab verməyib.
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) idarə etdiyi tanker də boğazı keçib. "Reuters" ADNOC-un da şərh sorğusuna dərhal cavab vermədiyini yazır.
Müharibədən əvvəl Hörmüzdən gündəlik 125-140 arası keçid baş verirdi. Hazırda körfəzdə yüzlərlə gəmidə təxminən 20 min dənizçi ilişib qalıb.
Rubio "Hizbullah"ı Livanda sabitliyi pozmaqda ittiham edib
ABŞ dövlət katibi Marko Rubio "Hizbullah"ı Livanı yenidən xaosa sürükləməyə çalışmaqda ittiham edib.
İranın dəstəklədiyi "Hizbullah" həm silahlı qruplaşma, həm də Livanın cənubunun böyük hissəsinə nəzarət edən siyasi partiyadır. ABŞ onu terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız təşkilatın silahlı qanadını qara siyahıya salıb.
Dövlət katibi "Hizbullah"ın Livanın demokratik yolla seçilmiş hökumətini devirməyə yönəlmiş "məsuliyyətsiz" çağırışını pisləyib. Rubio bildirib ki, İranla müttəfiq olan bu qruplaşma "Livanı fəal şəkildə yenidən xaosa və dağıntıya sürükləməyə çalışır".
"Hizbullah" lideri Naim Qasım bundan əvvəl bildirib ki, "xalqın küçələrə çıxmaq və hökuməti devirmək haqqı var". O, bu bəyanatı İsrailin zərbələri və ABŞ-nin "Hizbullah"la əlaqəli, əsasən şiə icmalarına faizsiz kreditlər verən "Əl-Qard əl-Həsən" maliyyə institutuna tətbiq etdiyi sanksiyalara cavab olaraq səsləndirib.
Aprelin 17-də atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrail Livanda "Hizbullah" hədəflərinə zərbələri davam etdirir. Livanın mülki müdafiə agentliyi bildirib ki, ölkənin cənubundakı Nəbatiyyə şəhərində yerləşən regional mərkəz İsrailin zərbəsi nəticəsində dağıdılıb.