İranla sülh sazişi üzrə nikbinlik artır, neft ucuzlaşır
Mayın 25-də səhər neftin qiymətləri son iki həftədə ən aşağı həddə düşüb. Buna ABŞ və İranın sülh sazişinə daha da yaxınlaşdığına dair ümidlərin yenidən artması səbəb olub. Baxmayaraq ki, tərəflər arasında hələ də əsas məsələlər, Hörmüz boğazındakı pozuntularla bağlı fikir ayrılıqları qalır.
"Brent" markalı neft fyuçersləri ilkin ticarətdə 4.71 dollar (4.6 faiz) ucuzlaşaraq bir barel üçün 98.83 dollara enib. ABŞ-nin WTI markalı nefti isə 4.57 dollar (4.7 faiz) azalaraq 92.03 dollar olub. Hər iki göstərici mayın 7-dən bəri ən aşağı səviyyəyə düşüb.
Bununla belə, qiymətlər dəyişkən olaraq qalır. Sülh danışıqlarında irəliləyiş, yaxud irəliləyişin olmaması ilə bağlı hər açıqlama neft bazarında kəskin dalğalanmalara səbəb olur.
"MST Marquee" analitiki Saul Kavonik "Reuters" agentliyinə deyib: "Hələ də sülh sazişi və Hörmüz boğazı ilə bağlı çoxsaylı risklər və qeyri-müəyyənliklər qalmasına baxmayaraq, tunelin sonunda artıq müəyyən işıq görünür. Bu, yaxın müddətdə neft qiymətlərinin bir qədər rahatlamasına səbəb olacaq".
Analitiklər onu da qeyd edirlər ki, strateji əhəmiyyətli su yolunun yenidən açılması baş versə belə, neft axınının müharibədən əvvəlki səviyyəyə qayıtması və zədələnmiş neft-qaz obyektlərinin bərpası aylar çəkəcək.
BƏƏ rəsmisi: ABŞ-İran sazişinin şansı '50-50-yə'dir
BƏƏ rəsmisi deyir ki, Hörmüz boğazının statusunda hər hansı dəyişiklik region və hətta Avropa üçün ciddi nəticələr doğura bilər. Birləşmiş Ərəb Əmirlikləri prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş xəbərdarlıq edib ki, strateji su yoluna hər hansı formada nəzarət təhlükəli presedent yaradar.
Qarqaş mayın 22-də Praqada illik GLOBSEC təhlükəsizlik konfransında çıxış edib. O, ölkəsinin adından avropalıları bu məsələyə uzaq problem kimi deyil, öz enerji təchizatı və ticarəti ilə birbaşa bağlı məsələ kimi yanaşmağa çağırıb.
Qarqaş ABŞ və İranın Hörmüz boğazının yenidən açılması ilə nəticələnəcək razılaşmaya nail olmaq şansını 50-50-yə qiymətləndirib. Onun sözlərinə görə, "İran hakimiyyəti öz kozırlarını həddindən artıq qiymətləndirməyə meylli olduğundan illər ərzində çoxlu imkanları əldən verib".
"Ümid edirəm ki, bu dəfə belə etməyəcəklər", – o əlavə edib.
Qarqaş vurğulayıb ki, Hörmüz boğazına hər hansı nəzarət son dərəcə təhlükəli presedent yaradacaq və məsələ İranın əlində siyasiləşəcək.
ABŞ və İran arasında yeni müharibə ehtimalına gəlincə, BƏƏ rəsmisi bildirib ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək. Müşavir onu da qeyd edib ki, hər hansı siyasi həll böhranın əsl səbəblərini aradan qaldırmalı, gələcəkdə yeni problemlər yaratmayacaq şəkildə hazırlanmalıdır.
ABŞ-nin dəniz blokadası zonasına İranla əlaqəli onlarla tanker girib
ABŞ Hərbi Dəniz Qüvvələri Omanın şərq sahilləri yaxınlığında ABŞ sanksiyalarına məruz qalmış çoxsaylı gəmini dayandırıb. Bunu peyk məlumatları əsasında qlobal neft daşımalarını izləyən "TankerTrackers" şirkəti bildirib.
Şirkətin məlumatına görə, ən son insident zamanı adətən İran neftini daşıyan "Levine" tankeri Ərəbistan dənizinə geri yönləndirildikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi onu təqib edib.
Hadisə zamanı yük daşımayan tanker 2026-cı ilin fevralında ABŞ-nin sanksiyalarına məruz qalıb. Onun İranın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"nın bir hissəsi olduğu bildirilir.
"TankerTrackers" bildirir ki, ABŞ nəzarətinin güclənməsinə baxmayaraq, ABŞ Maliyyə Nazirliyinin hələ sanksiya qoymadığı İranla əlaqəli bəzi tankerlər ABŞ-nin blokada zonasına daxil olub. Şirkətin məlumatına görə, belə gəmilərin sayı 49-dur.
ABŞ son həftələrdə dəniz blokadası ilə İranın neft daşımaları şəbəkəsinə təzyiqləri artırıb. Eyni zamanda, İran hökuməti Hörmüz boğazını, demək olar ki, tamamilə bağlı saxlayır və bu da qlobal enerji bazarlarında ciddi qarışıqlığa səbəb olur.
Medianın yazdığına görə, məhdudiyyətlər səbəbindən İran neftinin bir hissəsini köhnə tankerlərdə saxlayır və ixracı dolayı marşrutlarla və ya izləmə sistemlərini söndürməklə davam etdirməyə çalışır.
Tehranda gizli diplomatiya: Pakistan ABŞ-nin mesajını İrana çatdırıb
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ilə görüşüb. Tərəflər ABŞ və İsrailin İrana qarşı müharibəsini dayandırmağa yönəlmiş təklifləri müzakirə edirlər.
İran mediasının yazdığına görə, görüş mayın 22-də keçirilib. Bundan iki gün əvvəl Nəqvi Vaşinqtonun son mesajını Tehrana çatdırıb. Hazırda tərəflər İranın uran ehtiyatları və Hörmüz boğazına nəzarətlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.
Yarımrəsmi ISNA agentliyi yazıb ki, Nəqvi çərçivə razılaşmasının formalaşdırılması məqsədilə tərəflər arasında kommunikasiya prosesinə köməklik edir.
ABŞ dövlət katibi Marko Rubio mayın 21-də danışıqlarda 'bəzi müsbət siqnalların' olduğunu bildirib. Lakin o xəbərdarlıq edib ki, Tehran Hörmüz boğazında rüsum sistemi tətbiq edərsə, heç bir razılaşma mümkün olmayacaq.
İrandan olan yüksəkvəzifəli mənbə 'Reuters' agentliyinə deyib ki, tərəflər arasındakı fərqlər müəyyən qədər azalıb. Bununla belə, əsas fikir ayrılıqları – uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı məsələlər – hələ də qalmaqdadır.
Münaqişə qlobal bazarlarda ciddi pozuntular yaradıb, nefti bahalandırıb və inflyasiya ilə bağlı narahatlıqları gücləndirib.