Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 01:53
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp və Rubiodan Hörmüz rüsumu ilə bağlı xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazında rüsum sisteminin tətbiqini istəmir. İranla müharibəni dayandırmaq üçün aparılan danışıqlar isə hələ də qeyri-müəyyən olaraq qalır.

Fevralın 28-də ABŞ və İsrailin İrana birgə hava zərbələri endirməyə başlamasından sonra Tehran boğazı faktiki olaraq bağlayıb. Bu strateji su yolu mümkün sülh razılaşmasının əsas mövzularından birinə çevrilib.

Münaqişə başlayandan az sonra İran kommersiya gəmilərini hədələməyə, onlara hücum etməyə başlayıb və boğaza faktiki nəzarəti ələ keçirib. Nəticədə dəniz nəqliyyatı, demək olar ki, tamamilə dayanıb.

Tehran icazə və rüsum sistemi tətbiq etməklə yeni yaradılmış "Fars Körfəzi Boğaz İdarəsi" vasitəsilə bu nəzarəti rəsmiləşdirməyə çalışıb.

ABŞ dövlət katibi Marko Rubio mayın 21-də NATO xarici işlər nazirlərinin görüşünə yola düşməzdən əvvəl jurnalistlərə deyib ki, Tehran boğazda rüsum sisteminin tətbiqini davam etdirərsə, ABŞ ilə İran arasında diplomatik razılaşma alınmayacaq: "Dünyada heç kim bu rüsum sistemini dəstəkləmir. Bu baş verə bilməz, bu qəbuledilməzdir. Əgər onlar bunu etməyə cəhd göstərsələr, bu, bütün dünya üçün təhdiddir və tamamilə qanunsuzdur".

Danışıqlardakı digər böyük fikir ayrılığı İranın nüvə proqramı ilə bağlıdır. Tehran zənginləşdirilmiş uranı ABŞ-yə verməyi istisna edir. Tramp isə Vaşinqtonun İranın uran ehtiyatlarını əldə etməyə çalışacağını bildirib.

Tramp mayın 21-də Ağ evdə jurnalistlərə açıqlamasında deyib: "Biz onu əldə edəcəyik. Bu, bizə lazım deyil, biz onu istəmirik. Onu götürüb məhv edəcəyik, lakin onların əlində qalmasına imkan verməyəcəyik".

Tramp ötən həftə dəfələrlə İranla atəşkəsin iflasa uğraya biləcəyini bildirib və ABŞ-nin yeni hərbi zərbələrə başlayacağını istisna etməyib.

Nümayəndələr Palatasında hərbi səlahiyyətlərlə bağlı səsvermə təxirə salınıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı rəhbərliyi prezident Donald Trampın İranla müharibəni davam etdirmək üçün Konqresdən icazə almasını nəzərdə tutan qətnamə üzrə mayın 21-nə planlaşdırılmış səsverməni qəfil ləğv edib.

İki gün əvvəl oxşar təşəbbüs ABŞ Senatından keçmişdi.

Səsvermənin konqresmenlərin Anım Günü (Memorial Day) tətili üçün Vaşinqtondan getməzdən əvvəl keçirilməsi planlaşdırılırdı.

Nümayəndələr Palatası bundan əvvəl hərbi səlahiyyətlərlə bağlı üç qətnaməni respublikaçıların yekdil dəstəyi ilə bloklamışdı. Lakin fərq getdikcə azalırdı – sonuncu qətnamə səslər bərabərləşdiyindən qəbul olunmamışdı. Mayın 21-nə nəzərdə tutulan səsvermədə daha çox respublikaçının demokratlarla birlikdə səs verəcəyi və sənədin keçəcəyi gözlənilirdi.

Qətnamə Konqresin hər iki palatasından keçsə belə, Trampın ona veto qoymaq səlahiyyəti qalır.

Munir də İrana gedir

Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirin mayın 21-də Tehrana səfəri zamanı İran və ABŞ arasında dayandırılmış danışıqların bərpası üçün çərçivə məsələlərini müzakirə edəcəyi bildirilir. Məlumatı İranın yarı-rəsmi ISNA agentliyi yayıb.

Xəbərdə deyilir ki, feldmarşal Munirin səfəri İslamabadın Tehran və Vaşinqton arasında vasitəçilik səyləri çərçivəsində İran rəsmiləri ilə aparılan məsləhətləşmələrin bir hissəsidir.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi də hazırda Tehrandadır və İran rəsmiləri ilə görüşlər keçirir. Pakistanın vasitəçilik təşəbbüslərində əsas fiqurlardan sayılan Nəqvi mayın 20-də, bir həftədən də az bir müddət ərzində ikinci dəfə Tehrana gedib.

ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başladıqdan sonra İran və ABŞ arasında yeganə rəsmi danışıqlara Pakistan ev sahibliyi edib. O vaxtdan bəri İslamabad iki tərəf arasında əsas kommunikasiya kanallarından biri rolunu oynayır.

ISNA-nın məlumatı təsdiqlənərsə, bu, Munirin apreldən bəri Tehrana ikinci səfəri olacaq. O, bundan əvvəl aprelin 15-də yüksəkvəzifəli mülki rəsmilərlə birlikdə İran paytaxtına getmişdi.

ABŞ-nin saxladığı İran gəmisinin 20 dənizçisi ölkəyə qayıdıb

Tehranın Pakistandakı səfiri ABŞ tərəfindən saxlanılan gəmidəki 20 iranlı dənizçinin azad edilərək İrana qaytarıldığını açıqlayıb.

Səfir mayın 21-də jurnalistlərə bildirib ki, həmin heyət üzvləri Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində sərbəst buraxılıb və artıq vətənə geri dönüblər.

Pakistan Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, hazırda Sinqapur sularında saxlanılan sözügedən gəmidəki dənizçilərdən 11-i isə Pakistan vətəndaşıdır.

ABŞ və İran arasında aprelin 8-də atəşkəs elan edildikdən sonra Amerika ordusu İranın cənub limanlarına qarşı dəniz blokadasına başlayıb. Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını bağlayıb.

Davamı

XS
SM
MD
LG