Tehranın Vaşinqtona şərtləri: Uran zənginləşdirilməsi tanınsın, blokada ləğv edilsin
Tehranın Vaşinqtona göndərdiyi sülh təklifləri arasında İranın uranı zənginləşdirmək hüququnun rəsmən tanınması, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması və ölkənin dondurulmuş xarici aktivlərinin geri qaytarılması yer alır. Bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.
Qəribabadi mayın 19-da İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri ilə görüşərək Vaşinqtonla danışıqların gedişi barədə hesabat təqdim edib.
Hesabata əsasən, Tehranın son təkliflərinə uranın zənginləşdirilməsi və dinc nüvə fəaliyyəti hüququnun tanınması ilə yanaşı, ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının dərhal ləğvi də daxildir. Bundan başqa, İran tərəfi ABŞ-nin müharibə zərərlərini ödəməsini və yenidənqurma işləri üçün kompensasiya verməsini tələb edir.
Digər bəndlərdə isə birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurası qətnamələrinin ləğvi, həmçinin ABŞ silahlı qüvvələrinin regiondan tamamilə çıxarılması nəzərdə tutulur.
Aprelin 8-də İran və ABŞ arasında kövrək atəşkəs rejimi qüvvəyə minib. O zamandan bəri münaqişənin tamamilə başa çatdırılması məqsədilə Oman və İsveçrə vasitəsilə birbaşa, Pakistanın vasitəçiliyi ilə isə dolayı diplomatik təmaslar davam etdirilir.
ABŞ prezidenti Donald Tramp İranın şərtlərini dəfələrlə rədd edib və hətta bu təklifləri "zibil parçası" adlandırıb. Ağ ev rəhbəri Tehrana xəbərdarlıq edib ki, vaxt daralır və Vaşinqtonu qane edəcək saziş imzalanmasa, İran dağıdıcı hərbi zərbələrlə üzləşəcək.
İran 10 ildir saxladığı ABŞ rezidentini azad edib
2016-cı ildən bəri İranda həbsdə saxlanılan ABŞ rezidenti, iranlı Şahab Dəlili azadlığa buraxılıb və artıq ailəsinə qovuşub. Bu barədə girovların və haqsız yerə həbs edilən şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan "Hostage Aid Worldwide" qeyri-kommersiya təşkilatı məlumat yayıb.
Təşkilatın mayın 19-da "X" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir: "Evin həbsxanasından Yerevana, oradan isə Vaşinqtonadək uzanan uzun səyahətdən sonra Şahab Dəlilinin, nəhayət, İrandakı 10 illik haqsız həbsdən qurtularaq ailəsinə qovuşduğunu sevinclə elan edirik".
2023-cü ildə ABŞ və İran həbsdə olan beş amerikalının mübadiləsi üzrə razılıq əldə etsələr də, Ş.Dəlili həmin siyahıya salınmamışdı Buna səbəb ABŞ Dövlət Departamentinin onu rəsmən "İranda haqsız və ya ədalətsiz saxlanılan şəxs" statusu ilə tanımaması idi.
Ş.Dəlili 2016-cı ildə atasının dəfnində iştirak üçün Tehrana səfər edərkən həbs olunub. O, ABŞ-yə qayıtmaq məqsədilə hava limanına gedərkən İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ailəsinin bildirdiyinə görə, keçmiş gəmi kapitanı "düşmən hökumətlə əməkdaşlıq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Tehranda 110 cütlük pulemyotlar müşayiəti ilə evləndi
Mayın 18-də Tehranın mərkəzində yerləşən İmam Hüseyn meydanında 110 cütlük üçün kütləvi nikah mərasimi keçirilib. Tədbirdən yayılan rəsmi görüntülərdə mərasim meydanında ağır hərbi texnika və pulemyotların nümayiş etdirildiyi aydın görünür.
İran hakimiyyətinin dəstəklədiyi "Canfəda" kampaniyası çərçivəsində təşkil olunan bu tədbir ictimaiyyətin mümkün quru hücumuna hazırlığını nümayiş etdirmək məqsədilə reallaşdırılıb. Sözügedən kampaniya fonunda son günlər İranda ictimai yerlərdə mülki şəxslər üçün silahdan istifadə üzrə xüsusi təlim kurslarına da start verilib.
Kütləvi nikah mərasimi İran ilə ABŞ və İsrail arasında kövrək atəşkəsin qüvvədə olduğu gərgin bir dövrdə baş tutub.
İran rəsmisi: Xameneinin xəsarətləri ciddi deyil
İran Səhiyyə Nazirliyinin rəsmisi Hüseyn Kərmanpur ali lider Müctəba Xameneinin ağır yaralanması ilə bağlı xəbərləri təkzib edib. Onun sözlərinə görə, Xamenei xarici görünüşünü dəyişdirməyən yüngül xəsarətlər alıb, heç bir əzası amputasiya olunmayıb və daimi əlilliyi yoxdur.
Fevralın 28-də İsrailin Əli Xameneinin iqamətgahına zərbələri zamanı ali lider və onlarla yüksəkvəzifəli şəxs həlak olub. M.Xameneinin həmin hücumda ağır yaralandığı bildirilirdi. O, martın 8-də atasının yerinə İranın ali lideri elan edilib.
Bundan əvvəl rejim rəsmiləri və İran dövlət mediası M.Xameneini "əlil veteran" kimi təqdim edirdi.
Beynəlxalq media qurumları onun üz, qol, bədən və ayaq nahiyələrindən ciddi xəsarətlər aldığını, müalicəsinin davam etdiyini və zəif görünməmək üçün ictimaiyyət qarşısına çıxmadığını yazmışdı.