Tramp İrana zərbələri təxirə saldığını deyir
ABŞ prezidenti Donald Tramp İrana planlaşdırılan hərbi zərbəni təxirə saldığını bildirib, qərarını danışıqların davam etməsi ilə izah edib. Bu açıqlamadan əvvəl Tehran Pakistan vasitəsilə yeni sülh təklifi göndərib.
Tramp mayın 18-də “Truth Social” platformasında yazıb ki, orduya “sabah İrana qarşı planlaşdırılan hücumu həyata keçirilməmək” göstərişi verib. Onu da əlavə edib ki, orduya “məqbul razılaşma əldə olunmasa, bir anın içində tammiqyaslı və böyük hücuma başlamağa hazır olmaq” tapşırılıb.
Tramp deyib ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ondan hücumu dayandırmağı xahiş ediblər, çünki “razılaşma əldə olunacaq”. ABŞ prezidenti hazırda Hörmüz boğazının yenidən açılması və müharibənin iqtisadi təsirlərinin azaldılması üçün təzyiqlərlə üzləşib.
İran mövqeyinin Pakistan vasitəsilə Vaşinqtona çatdırıldığını təsdiqləyib. Lakin Pakistandan mənbə “Çox vaxtımız yoxdur” deyə xəbərdarlıq edib.
Tramp mayın 19-na planlaşdırılan hücumu təxirə saldığını açıqlayandan bir neçə saat sonra jurnalistlərə deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq bir razılaşma əldə olunarsa, ABŞ bundan məmnun qalacaq.
Tramp əlavə edib ki, “razılaşmanın əldə olunması üçün yaxşı şans var”, Pakistan isə danışıqları “çətin” adlandırıb.
İranın təklifinin münaqişənin dayandırılmasını, Hörmüz boğazının yenidən açılmasını, sanksiyaların yumşaldılmasını əhatələdiyi bildirilir, Tehranının nüvə proqramı ilə bağlı mübahisələr isə sonraya saxlanılır.
İran mənbələrinin iddiasına görə, Vaşinqton dondurulmuş aktivlər və mülki nüvə fəaliyyəti məsələsində daha çevik mövqe sərgiləyib, ABŞ isə hər hansı güzəştə gedəcəyini bildirməyib.
İranda internet 80 gündür bloklanır
Mayın 18-i İranda internet blokadasının 80-ci günüdür. "NetBlocks" internet monitorinq qrupu bildirir ki, məhdudiyyətlərin ümumi müddəti artıq 1 min 896 saatı keçib.
"NetBlocks" mayın 18-də X platformasında yazıb: "Sosial şəbəkələr rejimpərəst məzmunla doludur. Bloklanmış proqramlara və ya xüsusi icazəli internetə çıxış əldə etməyə çalışan iranlılar bildirirlər ki, onlardan hər gün müəyyən sayda təbliğat xarakterli paylaşım etmək öhdəliyi qoyulur və bu prosesə süni intellekt vasitəsilə nəzarət olunur".
İnternet blokadası fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra başlayıb. O vaxtdan bəri ölkənin beynəlxalq internet trafiki blokadadan əvvəlki orta səviyyənin 1 faizindən də aşağı düşüb. Başqa sözlə, iranlıların böyük əksəriyyəti üçün ölkə xaricində yerləşən istənilən sayt və ya tətbiqə giriş faktiki olaraq mümkünsüz olub.
Merts BƏƏ-də nüvə stansiyasına İran hücumunu pisləyib
Almaniya kansleri Fridrix Merts İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və digər Körfəz ölkələrinə təşkil etdiyi hücumları pisləyib.
O, mayın 18-də X platformasında yazıb: "Atom obyektlərinə hücumlar bütün regionda insanların təhlükəsizliyinə təhdid yaradır. Zorakılığın daha da artmasına yol verilməməlidir".
"İran ABŞ ilə ciddi danışıqlara başlamalı, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını heç bir məhdudiyyət olmadan açmalıdır", - Merts əlavə edib.
BƏƏ bir gün əvvəl "Barakah" Atom Elektrik Stansiyasına edilən dron hücumu nəticəsində yanğın baş verdiyini açıqlamışdı. Beynəlxalq Atom Enerjisi Agentliyi hücumla bağlı bəyanatında nüvə təhlükəsizliyini təhdid edən hərbi fəaliyyətin qəbuledilməz olduğunu bildirib.
İranın polis rəisi: Müharibə başlayandan 6 min 500 nəfər həbs edilib
İran polisinin rəisi Əhməd Rza Radan bildirib ki, müharibə başlayandan bəri "xəyanət və casusluq" ittihamı ilə təxminən 6 min 500 nəfər həbs olunub. O iddia edib ki, həmin şəxslərdən 567-si "riyakarlar, şər qüvvələr və əksinqilabçı" qruplarla əlaqəli olub. Radan həmçinin qeyd edib ki, yanvarda ölkəboyu etirazlar zamanı başlanan "düşmən əsgərlərin və xainlərin həbsi" hələ də davam edir.
"Amnesty International" və digər insan haqları qrupları Tehranın yanvar etirazlarından sonra və fevralın 28-də İsrail və ABŞ ilə müharibə başlayandan ölüm hökmündən istifadəni kəskin şəkildə artırdığını bildirirlər. Bu ilin əvvəlindən İranda azı beş nəfərin casusluq ittihamı ilə edam edildiyi güman olunur. Rejimin edamları daha çox gizli həyata keçirdiyi nəzərə alınsa, gerçək rəqəmin daha yüksək ola biləcəyi ehtimal edilir.