FTB keçmiş agentinin tutulmasına görə 200 min dollar vəd edir
ABŞ Federal Təhqiqat Bürosu (FTB) İranın xeyrinə casusluqda ittiham olunan keçmiş əks-kəşfiyyat agentinin yaxalanmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat elan edib.
FTB-nin mayın 14-də yaydığı bəyanata əsasən, hələ 2019-cu ilin fevralında böyük federal jüri ABŞ ordusunun keçmiş əməkdaşı və əks-kəşfiyyat agenti Monika Vitti casusluqda ittiham edib. Onun ABŞ-nin milli müdafiəsinə dair yüksək məxfi məlumatları İran hökumətinə ötürdüyü bildirilir.
Büronun məlumatında Vittin 2013-cü ildə rəsmi olaraq İrana qaçdığı qeyd olunur. İttiham aktına görə, o, Tehran rejimini strateji məlumatlarla təmin edərək ABŞ-nin həssas, eləcə də məxfi milli müdafiə sənədlərinə və xüsusi proqramlarına ciddi təhlükə yaradıb.
Keçmiş SEPAH komandanı İranın şərtlərini açıqlayıb
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı Məhəmmədəli Cəfəri Tehranın sülh şərtlərini açıqlayıb. O vurğulayıb ki, müharibə bütün cəbhələrdə tamamilə dayandırılmayana, sanksiyalar ləğv olunmayana, dondurulmuş vəsaitlər geri qaytarılmayana, hərbi zərər kompensasiya edilməyənə və İranın Hörmüz boğazı üzərində suverenliyi tanınmayana qədər heç bir yeni sülh danışıqları baş tutmayacaq.
Tehranın "əsas şərtlər" adlandırdığı bu beş bənd paytaxtın müxtəlif yerlərində asılmış təbliğat plakatlarında da əks olunub və İranın yeni sülh təklifinin əsasını təşkil edir. ABŞ prezidenti Donald Tramp isə öz növbəsində bu təklifi "səfeh" və "qəbuledilməz" adlandırıb.
Cəfəri "Tasnim"ə açıqlamasında bildirib ki, İran ABŞ ilə diplomatik təmaslar zamanı iki dəfə hücuma məruz qaldığı üçün "düşmənə tam etibar etmir". Onun sözlərinə görə, Vaşinqton danışıqlar getdiyi bir vaxtda müharibəni yenidən başladaraq öhdəliklərini pozduğu üçün bunun bədəlini ödəməlidir.
Bu arqumentlər Tehranın həm əvvəlki, həm də hazırkı müharibədəki rəsmi mövqeyi ilə tamamilə üst-üstə düşür. Vaşinqton və Təl-Əviv isə sözügedən hərbi əməliyyatları davam edən sülh prosesi fonunda "əsassız hücum" deyil, "qabaqlayıcı tədbirlər" kimi qiymətləndirib.
Keçmiş komandan İranın danışıqlara mərhələli yanaşmasını belə izah edib: "Bizim məntiqimiz aydındır: əvvəlcə etimad quruculuğu addımları atılmalı, daha sonra isə nüvə məsələləri üzrə müzakirələrin növbəti mərhələsinə keçilməlidir. Bu şərtlər yerinə yetirilmədən irəli addım atmağın heç bir mənası yoxdur".
Bununla belə, Cəfərinin sülh prosesində rəsmi rolunun olub-olmaması və açıqlamalarının İranın rəsmi dövlət mövqeyini əks etdirib-etdirmədiyi hələlik bəlli deyil.
Trampın səlahiyyətlərini məhdudlaşdıran qətnamə Palatadan keçmədi
ABŞ Nümayəndələr Palatası demokratların irəli sürdüyü və İranla müharibənin dayandırılmasını hədəfləyən qətnamə layihəsini cüzi səs fərqi ilə rədd edib. Sözügedən qətnamədə hərbi əməliyyatların davam etdirilməsi üçün Konqresin rəsmi təsdiqinin alınması tələb olunurdu.
Palatadakı səsvermədə səslər bərabər — 212-nin 212-yə nisbətində bölünüb. Qətnamənin qəbulu üçün sadə səs çoxluğu tələb olunduğundan təşəbbüs uğursuzluqla nəticələnib. Qanunvericilik təşəbbüsünün əsas məqsədi prezident Donald Trampın hərbi kampaniya aparmaq səlahiyyətlərini məhdudlaşdırmaq idi.
Bu, Nümayəndələr Palatasında İran müharibəsi və prezidentin hərbi səlahiyyətləri mövzusunda cari ildə keçirilən üçüncü səsvermədir.
Mayın 1-də Trampın müharibə ilə bağlı Konqresdən icazə alması üçün nəzərdə tutulan 60 günlük qanuni müddət başa çatmışdı və bu, həmin vaxtdan bəri keçirilən ilk səsvermə idi. Tramp isə öz növbəsində bildirmişdi ki, İranla əldə olunan atəşkəs hərbi əməliyyatları rəsmi olaraq dayandırdığı üçün 60 günlük limit hüquqi qüvvəsini itirib.
Səsvermələrin nəticələri göstərir ki, tərəflər arasındakı səs fərqi getdikcə azalır. Hazırda respublikaçılar Nümayəndələr Palatasında olduqca cüzi üstünlüyə malikdirlər. Məsələn, aprelin 16-da keçirilən analoji səsvermə də 213-ün 214-ə nisbəti ilə uğursuz olmuş, bir konqresmen isə bitərəf qalmışdı.
Senatda isə daxili siyasi mübarizə daha gərgin müstəvidə keçir. Mayın 13-də prezidentin hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə layihəsinin qarşısı cəmi bir səs fərqi ilə — 50-nin 49-a nisbəti ilə alınıb. Səsvermə zamanı üç respublikaçı senator demokratlarla birlikdə qətnamənin lehinə səs verib, bir demokrat isə əksinə, layihənin əleyhinə mövqe nümayiş etdirib. Senatda səslər bərabərləşdikdə, ABŞ konstitusiyasına əsasən, vitse-prezident Cey Di Vens yekun qərarı müəyyən edən səs hüququna malik olur.
İsrail-Livan danışıqları mayın 15-də davam edəcək
İsrail və Livan arasında mövcud atəşkəsin uzadılması ilə bağlı danışıqlar "müsbət" keçib və mayın 15-də davam etdiriləcək. Bu barədə ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi məlumat verib.
Rəsmi Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqların ilk günündən sonra açıqlama verən diplomat bildirib: "Biz mayın 14-də səhər saat 9-dan axşam 5-dək məhsuldar və müsbət danışıqlar apardıq. Sabah, yəni mayın 15-də bunu davam etdirməyi səbirsizliklə gözləyirik və ümid edirik ki, daha çox məlumat paylaşa biləcəyik".
Atəşkəs mayın 17-də başa çatır. Bu arada İsrail Livandakı "Hizbullah" hədəflərinə zərbələr endirməkdə davam edir.
"Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiya kimi fəaliyyət göstərir. Təşkilat Livanın cənub hissəsində geniş əraziyə nəzarət edir. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir. Avropa İttifaqı isə yalnız təşkilatın silahlı qanadını qara siyahıya salıb – siyasi qanadı bu siyahıya daxil deyil.