Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 11:24
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Əraqçi: Hörmüz boğazı Tehranla əməkdaşlıq edən gəmilər üçün açıqdır

İranın xarici işlər naziri Abbas Əraqçi mayın 14-də bildirib ki, Hörmüz boğazı İranın dəniz qüvvələri ilə əməkdaşlıq edən bütün ticarət gəmiləri üçün açıqdır.

Fevralda ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlamasından az sonra Tehran bu strateji su yolunu nəzarətə götürüb. Boğaz faktiki olaraq bağlanıb, mülki gəmilərə qarşı təhdidlər və hücumlar qeydə alınıb.

Əraqçi Yeni Dehlidə BRICS sammiti çərçivəsində jurnalistlərə deyib ki, boğaz "ABŞ-nin təcavüzündən və blokadasından əziyyət çəkir".

Bu açıqlamadan bir neçə saat əvvəl Hindistan Oman sahillərində öz bayrağı altında üzən gəmiyə mayın 13-də edilən hücumu pisləmişdi.

ABŞ təxminən bir aydır ki, İran limanlarından çıxan gəmilərə dəniz blokadası tətbiq edir. Məqsəd İranın neft gəlirlərinə təzyiq göstərməkdir. ABŞ Mərkəzi Komandanlığı bu müddət ərzində İran limanlarından çıxmağa cəhd edən onlarla gəminin qarşısının alındığını və ya marşrutunun dəyişdirildiyini bildirib.

Mayın 14-də Pekində keçirilən görüşdən sonra Çin lideri Si Cinpin və ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıblar. Çinin enerji idxalı da birbaşa bu boğazdan asılıdır.

Tramp və Si: Hörmüz boğazı açıq qalmalıdır

ABŞ prezidenti Donald Tramp Pekindəki Böyük Xalq Sarayına gəlişi zamanı Çin lideri Si Cinpinlə əl sıxışır.
ABŞ prezidenti Donald Tramp Pekindəki Böyük Xalq Sarayına gəlişi zamanı Çin lideri Si Cinpinlə əl sıxışır.

Ağ evin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Hörmüz boğazının açıq qalmasının vacibliyini bəyan ediblər. Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri Tehran bu strateji su yolunu faktiki olaraq bağlayıb. Hərbi əməliyyatlara qədər dünyadakı neft və mayeləşdirilmiş qaz (LNG) tədarükünün 20 faizi məhz bu marşrut vasitəsilə daşınırdı.

Çin tərəfinin yaydığı rəsmi açıqlamada isə Hörmüz boğazının adı birbaşa çəkilmir. Orada sadəcə iki liderin Yaxın Şərq, Ukrayna və Koreya yarımadası kimi ümumi mövzular barədə danışdığı bildirilir.

Çin hazırda İran neftinin ən böyük alıcılarından biridir və Tehran rejimi ilə sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə də Vaşinqton istəyir ki, Pekin öz təsir rıçaqlarını işə salaraq İranı genişmiqyaslı sülh sazişini qəbul etməyə və Hörmüzdəki dəniz məhdudiyyətlərini yumşaltmağa razı salsın.

Amma Tramp Vaşinqtondan yola düşməzdən əvvəl ABŞ-nin bu münaqişənin həllində Çinin köməyinə ehtiyacı olduğu barədə iddiaları kəskin rədd edərək "İran məsələsində heç bir köməyə möhtac deyilik", — deyə cavab vermişdi.

"İran mövzusu ilə bağlı pərdəarxası çox ciddi və gərgin müzakirələrin aparılacağını gözləyirəm. Lakin bunun açıq şəkildə bəyan ediləcəyini düşünmürəm. Çünki bu cəhdlər nəticəsiz qalacağı təqdirdə Çin üçün ciddi reputasiya riski yarana bilər", — deyə "American Enterprise Institute"un eksperti İvon Çiu AzadlıqRadiosuna mövzunu şərh edib.

Görüşün sonunda Tramp Sini sentyabrın 24-də Ağ evə rəsmi səfərə dəvət edib.

BƏƏ sahillərində gəmi ələ keçirilib, İran sularına yönəldilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimal-şərqində lövbərdə olan gəmi "kənar şəxslər" tərəfindən ələ keçirilərək İranın ərazi sularına doğru yönləndirilib. Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) mayın 14-də məlumat yayıb.

Məlumata görə, hadisə BƏƏ-nin Füceyrə limanından 70 kilometr şimal-şərqdə baş verib. Gəminin ələ keçirildiyi və marşrutunun İran istiqamətinə dəyişdirildiyi bildirilib.

Gəmi və onun göyərtəsində olan şəxslərlə bağlı əlavə məlumat açıqlanmayıb.

İraqın şimalında kürd qruplaşmasının düşərgəsinə dron hücumu

İraq Kürdüstanının Ərbil şəhərinin şimalında yerləşən və İrana qarşı fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının düşərgəsinə iki dronla hücum edilib.

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, hücum zamanı düşərgədəki avadanlıq və sursat anbarı hədəfə alınıb. Ölən və ya yaralananlar, eləcə də dağıntılarla bağlı hər hansı məlumat verilməyib.

Üç gün əvvəl isə Ərbilin şərqində yerləşən başqa bir düşərgəyə oxşar hücum təşkil edilmişdi.

Son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan bölgəsindəki kürd silahlı qruplaşmalarının mövqelərini dəfələrlə dron və raketlərlə hədəfə alıb.

Davamı

XS
SM
MD
LG