Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 15:16
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Hörmüz boğazında 11 min dənizçinin təxliyəsi dayandırılıb

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

İranlı deputat ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə Tehranın uranı 90 faizə qədər zənginləşdirə biləcəyini bəyan edib. Bu səviyyə birbaşa nüvə silahı istehsalı üçün kifayət edən dərəcə hesab olunur.

Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, mühafizəkar deputat İbrahim Rzai mayın 12-də "X" sosial şəbəkəsində yazıb ki, İran növbəti hücumlara cavab olaraq uranın zənginləşdirilməsi variantını nəzərdən keçirə bilər. O, parlamentarilərin bu imkanı yaxından araşdıracağını da əlavə edib.

ABŞ prezidenti Donald Tramp isə mayın 11-də verdiyi açıqlamada Vaşinqtonla Tehran arasındakı mövcud atəşkəsi süni nəfəs aparatına bağlı" vəziyyətə bənzədib. Tramp daha əvvəl İranın təkliflərini rədd etdiyini bildirib. O həmçinin iddia edib ki, ABŞ və İsrailin 2025-ci ilin iyununda "12 günlük müharibə" zamanı endirdiyi zərbələr İranın nüvə obyektlərini tamamilə sıradan çıxarıb və ölkənin uran zənginləşdirmə potensialını ciddi şəkildə zəiflədib.

Buna baxmayaraq, hazırda İranın ehtiyatındakı 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Texniki baxımdan bu material silah səviyyəsi sayılan 90 faizlik həddə çox yaxındır. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı müsadirə və ya məhv edilmədiyi müddətcə, İranın nüvə proqramına ciddi zərbə vurmaq mümkün olmayacaq.

İranda daha bir məhbus edam edilib

İran ədliyyəsi mayın 12-də səhər Əbdül Cəlil Şahbəxş adlı məhbusun edam edildiyini açıqlayıb.

Məhkəmə hakimiyyətinin rəsmi xəbər orqanı "Mizan" Şahbəxşi ""Ənsar əl-Furqan" qruplaşmasının təlim keçmiş terrorçusu" kimi təqdim edib.

Məlumata görə, ölkənin şərqində antiterror əməliyyatları zamanı saxlanılan Şahbəxşə cinayət işi açılıb. Ona "hüquq-mühafizə orqanlarının qərargahlarına silahlı hücumlar edərək üsyan qaldırmaq" və ""Ənsar əl-Furqan" üsyançı qrupuna üzvlük" ittihamları irəli sürülüb və İnqilab Məhkəməsinə çıxarılıb.

"Mizan" yazır ki, ölüm hökmü "təqsirləndirilən şəxsin rabitə vasitələrindən və səs yazılarından əldə edilmiş təkzibolunmaz sübutlar, həmçinin onun istintaqın müxtəlif mərhələlərində verdiyi etiraflar" əsasında çıxarılıb.

Tramp: İranla atəşkəs 'süni nəfəsə bağlıdır'

ABŞ prezidenti Donald Tramp mayın 11-də Ağ evdə jurnalistlərə açıqlamasında aprelin 8-də razılaşdırılmış atəşkəsi "inanılmaz dərəcədə zəif" adlandırıb.

"Deyərdim ki, bu, ən zəif atəşkəslərdən biridir, süni nəfəs aparatına qoşulub", – Tramp bildirib.

O, müharibədə tam qələbə əldə etməyə çalışdığını vurğulayıb.

Bundan əvvəl Tramp Tehranın ABŞ-nin sülh təklifinə verdiyi cavabı "tamamilə qəbuledilməz" adlandırmışdı.

Tramp həmin gün "Fox News" telekanalına müsahibəsində "Azadlıq" dəniz müşayiəti əməliyyatının bərpasını nəzərdən keçirdiyini, lakin yekun qərarın hələ verilmədiyini bildirib. Əməliyyat mayın 6-da başlanıb, iki gün keçməmiş dayandırılıb.

"Biz tam qələbə əldə edəcəyik", – deyən Tramp əlavə edib ki, "Tehran mənim bundan yorulacağımı, sıxılacağımı və ya təzyiq altına düşəcəyimi düşünür. Amma heç bir təzyiq yoxdur".

İrandan ABŞ-yə ultimatum: Şərtlərimizi qəbul edin, başqa yol yoxdur

İranın baş danışıqçısı, parlamentin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ-nin müharibəni dayandırmaq üçün Tehranın son qarşılıqlı təklifini qəbul etməkdən başqa alternativi yoxdur.

"İran xalqının 14 maddəlik təklifdə əks olunan hüquqlarını qəbul etməkdən başqa alternativ yoxdur. Digər istənilən yanaşma tam nəticəsiz olacaq və ardıcıl uğursuzluqlardan başqa heç nə gətirməyəcək", – Qalibaf mayın 12-də X hesabında yazıb.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi isə mayın 11-də bildirib ki, Tehranın mayın 10-da Pakistan vasitəsilə göndərdiyi cavaba müharibənin dayandırılması, ABŞ-nin Hörmüz boğazındakı blokadasının ləğvi, İranın aktivlərinin qaytarılması, həmçinin regionda və Livanda təhlükəsizliyin təmin olunması daxildir.

ABŞ prezidenti Donald Tramp Tehranın cavabını "tamamilə qəbuledilməz" adlandırıb.

"Onlar vaxtı nə qədər çox uzatsalar, amerikalı vergiödəyiciləri bunun bədəlini bir o qədər çox ödəyəcək", – Qalibaf əlavə edib.

Davamı

XS
SM
MD
LG