İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir
İranın su sənayesi üzrə sözçüsü İsa Bozorgzadə bildirib ki, ölkədə təxminən 35 milyon insan su çatışmazlığı ilə üzləşib.
Bozorgzadə mayın 11-də keçirdiyi mətbuat konfransında deyib ki, mövcud vəziyyət səbəbindən əhali su istehlakına qənaət etməyə davam etməlidir.
Bozorgzadə əlavə edib ki, hazırda İranın 11 vilayətində yağıntı səviyyəsi hələ də normadan aşağıdır və “ölkənin rütubətli dövrə daxil olduğunu söyləmək mümkün deyil”.
Bölgələrə düşən yağıntı ilə bağlı o deyib ki, ölkə üzrə yağıntı çox qeyri-bərabər paylanır: “Buşehr, Hörmüzqan, İlam və Kirman kimi vilayətlərdə çox yaxşı yağıntı qeydə alınsa da, Tehran, Qum, Yəzd, Mərkəzi və İsfahan vilayətlərində çox az yağış müşahidə olunub”.
Bozorgzadə əlavə edib ki, hazırda ölkənin 11 vilayətində yağıntı səviyyəsi hələ də normadan aşağıdır və “ölkənin rütubətli dövrə daxil olduğunu heç cür demək olmaz”.
İran son onilliklərdə davamlı quraqlıq, yeraltı suların aşırı istismarı və zəif idarəetmə problemləri ilə üzləşib. Bu amillər ölkənin bir çox iri şəhərində ciddi su qıtlığı böhranı yaradıb.
Sözçü ABŞ və İsrailin İranla müharibəsinin, İran infrastrukturuna hücumların ekoloji təsirindən danışmayıb.
Tehrandan ABŞ-yə cavab: Müharibə bitsin, aktivlər qaytarılsın
Tehran ABŞ-nin son təklifinə cavab olaraq bölgədə müharibənin dayandırılmasını və xaricdə dondurulmuş aktivlərinin qaytarılmasını tələb edib. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mayın 11-də həftəlik mətbuat konfransında bildirib.
"Biz amerikalılardan heç bir güzəşt tələb etməmişik. Tələb etdiyimiz yeganə şey İranın qanuni hüquqları idi", – sözçü vurğulayıb.
"İranın digər tələbləri Hörmüz boğazından təhlükəsiz keçid, bölgədə, eləcə də Livanda təhlükəsizliyin təmin olunmasıdır. Bunlar regional təhlükəsizlik üçün alicənab və qanuni təklif sayılır", – o bildirib.
Mayın 10-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq planına İranın cavabını "tamamilə qəbuledilməz" adlandırmışdı.
İraqa məxsus tanker Hörmüz boğazından keçib – İran icazə verib
İran "Agus Fanorius" adlı VLCC tipli tankerin Hörmüz boğazından Tehranın müəyyən etdiyi marşrutla keçdiyini bildirir. Xəbəri mayın 11-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli yarı-rəsmi "Tasnim" agentliyi yayıb.
İraq nefti daşıyan və Vyetnama doğru hərəkət edən tankerin hazırda Oman dənizində olduğu bildirilir.
Mayın 9-da isə mayeləşdirilmiş qaz daşıyan Qətər tankeri Pakistan istiqamətində Hörmüz boğazından keçib. Həmin gün ABŞ dövlət katibi Marko Rubio Mayamidə Qətərin baş naziri ilə görüşüb.
"Reuters" agentliyi mənbələrə istinadla yazıb ki, tanker keçidi İranın razılığı ilə həyata keçirilib və bu addım İranla ABŞ-İsrail müharibəsində vasitəçi rolunu oynayan Qətər və Pakistanla etimad quruculuğu tədbiridir.
İranda casusluqda ittiham olunan şəxs edam edilib
İran ABŞ və İsrailin xeyrinə casusluqda ittiham olunan bir şəxsi edam edib. Bu barədə məhkəmə hakimiyyətinin rəsmi “Mizan” xəbər orqanı məlumat yayıb.
“Mizan” həmin şəxsin peyk fəaliyyəti ilə məşğul olan elmi qurumda çalışan 29 yaşlı İrfan Şəkurzadə olduğunu bildirib. Onun elmi tədqiqat layihəsi vasitəsilə əməkdaşlığa cəlb olunduğu, peyklərlə bağlı məxfi elmi məlumatları ötürdüyü iddia olunur.
Nəşrin iddiasına görə, Şəkurzadə müxtəlif mərhələlərdə həm ABŞ, həm də İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olub və həssas məlumatlar paylaşıb.
Qərb ölkələri İranın peyk proqramının ballistik raket texnologiyalarının inkişafı ilə bağlı olduğunu deyir. Məlumatda Şəkurzadənin hansı şəraitdə saxlanıldığı, edamın nə vaxt həyata keçirildiyi barədə detallı informasiya verilməyib.
İnsan haqları qurumlarının məlumatına görə, Şəkurzadə Tehrandakı İran Elm və Texnologiya Universitetində aerokosmik mühəndislik üzrə magistr təhsili alırdı.
Onun 2024-cü ildə həbs olunduğu, təkadamlıq kamerada saxlanıldığı, məcburi etiraflara vadar edildiyi bildirilir. İran Ali Məhkəməsinin bu yaxınlarda ölüm hökmünü qüvvədə saxladığı qeyd olunur.
İranda casusluq və ya dövlət əleyhinə ittihamlarla bağlı edamlar, təhlükəsizliklə bağlı məhkəmə proseslərinin miqyası artır.
Bu ölkə edamların sayına görə dünyada Çindən sonra ikinci yerdədir. İnsan haqları qruplarının hesablamalarına əsasən, 2025-ci ildə ölkədə azı 1639 nəfər edam olunub.