İran Cənubi Koreya gəmisilə bağlı insidentdə iştirakını inkar edir
İran Hörmüz boğazında Cənubi Koreya gəmisinin zədələnməsi ilə nəticələnən insidentdə əli olduğunu təkzib edib. Bu barədə ölkənin Seuldakı səfirliyinin yaydığı bəyanatda bildirilir.
Səfirlik vurğulayıb ki, Hörmüz boğazından təhlükəsiz keçid "İran İslam Respublikasının səlahiyyətli qurumları ilə əlaqələndirilməlidir", əks halda, "xoşagəlməz hadisələr yaşana bilər".
Mayın 4-də Hörmüz boğazında Cənubi Koreya operatoruna məxsus "HMM Namu" yük gəmisində partlayış və yanğın baş verib.
Cənubi Koreya prezidentinin milli təhlükəsizlik müşaviri bildirib ki, partlayış və yanğına hücumun, yoxsa texniki nasazlığın səbəb olduğu hələ dəqiq məlum deyil. Onun sözlərinə görə, yanğın mühərrik bölməsində başlayıb, göyərtədəki 24 ekipaj üzvündən xəsarət alan olmayıb.
ABŞ insidentə görə İranı günahlandırıb. Prezident Donald Tramp İranın gəmiyə atəş açdığını bildirib.
ABŞ hərbi təyyarəsi İran bayraqlı tankerə atəş açıb
ABŞ hərbi aviasiyası İranın blokadanı yarmaq istəyən neft tankerinə zərbə endirib. ABŞ hərbi rəsmilərinin məlumatına görə, açılan atəşlə gəminin sükan sistemi sıradan çıxarılaraq hərəkəti dayandırılıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında bildirilir ki, Amerika qüvvələri İran bayraqlı gəmiyə ABŞ blokadasını pozduğu barədə dəfələrlə xəbərdarlıq edib.
Məlumata görə, hədəf alınan tankerin göyərtəsində neft olmayıb.
İran Hörmüz boğazını dəniz nəqliyyatı üçün faktiki bağladıqdan sonra ABŞ qüvvələri İran limanlarına qarşı dəniz blokadası tətbiq edib.
ABŞ hərbi-dəniz qüvvələri bəzi gəmilərin bu strateji boğazdan keçidini təmin etsə də, prezident Donald Tramp sonradan həmin missiyanın dayandırıldığını elan edib.
Tramp İranla razılaşmaya optimist yanaşır, lakin hərbi güclə də hədələyir
ABŞ prezidenti Donald Tramp İranla razılığın əldə olunma ehtimalının yüksək olduğunu bildirib. Bununla belə, o xəbərdarlıq edib ki, Tehran təklifi rədd edərsə, hərbi əməliyyatlar yenidən bərpa oluna bilər.
Eyni zamanda, Tramp Pakistanın vasitəçiliyi ilə aparılan danışıqların yaxşı irəlilədiyini bildirib.
"Onlar razılaşmaq istəyirlər. Son 24 saat ərzində çox yaxşı danışıqlarımız olub və razılaşma əldə etməyimiz ehtimalı böyükdür", – Tramp mayın 6-da Oval kabinetdə jurnalistlərə deyib.
Daha sonra Corciyada Respublikaçılar Partiyasının mitinqinə videomüraciətində Tramp müharibənin tezliklə başa çatacağını iddia edib.
Tramp bundan əvvəl sosial şəbəkə hesabında İranın ABŞ təklifini qəbul etməsi ehtimalını "böyük fərziyyə" adlandırmışdı. O, Tehranın razılaşmanı rədd edəcəyi halda, ABŞ-nin yenidən bombardmana başlaya biləcəyini vurğulamışdı.
"Reuters" vasitəçilik prosesindən xəbərdar olan mənbəyə istinadən yazır ki, ABŞ-ni danışıqlarda Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.
Mənbənin bildirdiyinə görə, hazırlanan birsəhifəlik memorandum hər iki tərəf tərəfindən qəbul edilərsə, yekun razılaşmanın əldə olunması üçün 30 günlük ətraflı danışıqlar prosesinə start veriləcək.
Yekun razılaşma ABŞ və İranın Hörmüz boğazında tətbiq etdiyi qarşılıqlı blokadaların aradan qaldırılmasını, ABŞ sanksiyalarının ləğvini və İranın dondurulmuş vəsaitlərinin geri qaytarılmasını nəzərdə tutur. Mənbənin sözlərinə görə, sənəd həmçinin İranın nüvə proqramına müəyyən məhdudiyyətlərin qoyulmasını, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılmasını və ya bu prosesə moratorium tətbiq olunmasını əhatə edəcək.
İran ABŞ-nin təklifini nəzərdən keçirir
Tehran hələ də ABŞ-dən gələn təklifi dəyərləndirməyə davam edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi məlumat verib.
"İran tərəfi hazırda Amerikanın təklifini araşdırır. Rəsmi Tehran öz mövqeyini yekunlaşdırdıqdan sonra bu barədə Pakistan vasitəsilə qarşı tərəfə məlumat verəcək", — deyə Bəqayi mayın 6-da ISNA agentliyinə müsahibəsində bildirib.
Bununla belə, SEPAH-a yaxınlığı ilə bilinən "Fars" agentliyi İran və ABŞ arasında yeni yazılı mesaj mübadiləsinin olmadığını iddia edib. Agentlik həmçinin yaxın vaxtlarda tərəflər arasında razılığın əldə olunacağı ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.