'Reuters': ABŞ və İran birsəhifəlik anlaşma memorandumu imzalamağa yaxındır
ABŞ və İran Fars körfəzində müharibəni yekunlaşdırmaq üçün birsəhifəlik anlaşma memorandumu imzalamağa yaxındır. "Reuters" agentliyi bu barədə həm vasitəçilik səyləri ilə tanış olan Pakistandakı mənbəyə, həm də Vaşinqtondakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələr "Axios" nəşrinin daha əvvəl yaydığı məlumatları təsdiqləyib. Nəşr öz mənbələrinə istinadən bildirmişdi ki, Vaşinqton yaxın 48 saat ərzində bir sıra fundamental məsələlər üzrə İrandan rəsmi cavab gözləyir. Məlumatlı mənbələr vurğulayıblar ki, tərəflər müharibə başlayandan bəri razılaşmanın əldə olunmasına ilk dəfə bu qədər yaxınlaşıblar.
14 bənddən ibarət birsəhifəlik memorandumda hərbi əməliyyatlara son qoyulması, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün yenidən açılması və ABŞ sanksiyalarının ləğvi nəzərdə tutulur. Sənəddə həmçinin İranın nüvə proqramının məhdudlaşdırılmasına dair növbəti mərhələ danışıqlarının keçirilməsi əsas şərt kimi irəli sürülüb.
İranın "Tasnim" agentliyi adını çəkmədiyi mənbəyə istinadən yazır ki, Tehran ABŞ-nin son təklifinə hələ cavab verməyib, çünki sənəddə İran üçün qəbuledilməz olan bəzi müddəalar yer alır.
İranlı deputat isə "Axios"un yazdıqlarını "Amerikanın arzu siyahısı" adlandırıb.
"Amerikalılar uduzduqları müharibədə, üz-üzə danışıqlarda əldə edə bilmədiklərini bu cür yollarla qazana bilməyəcəklər", – İran parlamentinin üzvü İbrahim Rezai X hesabında yazıb.
"Reuters" ABŞ və İran arasındakı son diplomatik gəlişmələr fonunda neft qiymətlərinin son iki həftənin minimumuna endiyini bildirir. "Brent" markalı neftin fyuçersləri 8.3 faiz ucuzlaşaraq bareli üçün 100.79 dollara düşüb. ABŞ-nin 'West Texas Intermediate' (WTI) markalı nefti isə 8.9 faiz dəyər itirərək 93.15 dollar səviyyəsinə geriləyib.
Tramp: 'Epik Qəzəb' bitə bilər – İran qəbul etsə
ABŞ prezidenti Donald Tramp mayın 6-da bildirib ki, İran razılaşdırılmış şərtlərə tam əməl edərsə, ABŞ və İsrailin İrana qarşı müharibəsi başa çata, Hörmüz boğazı isə yenidən beynəlxalq gəmiçilik üçün açıla bilər.
"İran razılaşdırılmış şərtləri qəbul edərsə (ki, bu cəsarətli bir ehtimaldır), "Epik Qəzəb" əməliyyatı başa çatacaq... Razılaşmasalar, bombardmanlar başlayacaq və bu, əfsuslar olsun ki, əvvəlkindən çox daha yüksək səviyyədə və intensivlikdə olacaq", – Tramp "Truth Social"da yazıb.
Mayın 5-də Tramp İranla razılaşma yönündə "böyük irəliləyiş" əldə olunduğunu əsas gətirərək Hörmüz boğazında gəmilərin hərbi-dəniz müşayiəti əməliyyatının dayandırıldığını elan edib.
Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biridir. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri Tehran boğazı faktiki olaraq bağlayıb.
Pekində Əraqçi-Van İ görüşü: Çin Hörmüz boğazının açılmasına çağırır
Çinin xarici işlər naziri Van İ Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına, ABŞ və İranın Hörmüz boğazında keçidi "mümkün qədər tez" bərpa etməsinə çağırıb.
Pekində Van İ ilə iranlı həmkarı Abbas Əraqçi arasında danışıqlarından sonra Çin Xarici İşlər Nazirliyi (XİN) mayın 6-da bəyanat yayıb: "Çin hesab edir ki, hərbi əməliyyatların tam dayandırılması zəruridir, münaqişənin yenidən başlaması qəbuledilməzdir və danışıqların davam etdirilməsi xüsusilə vacibdir".
Bəyanatda Pekinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəklədiyi vurğulanıb.
İran XİN görüşdən sonra bildirib ki, Tehran öz milli maraqlarını müdafiə etməklə yanaşı, diplomatiyaya da sadiq qalır. "Danışıqlarda qanuni hüquq və maraqlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edəcəyik", – Əraqçi yarı-rəsmi ISNA agentliyinə deyib. Onun sözlərinə görə, Tehran Vaşinqton ilə yalnız "ədalətli və hərtərəfli" razılaşmanı qəbul edəcək.
Əraqçinin səfəri ərəfəsində ABŞ dövlət katibi Marko Rubio Pekinin Tehrana birbaşa xəbərdarlıq edəcəyinə ümidvar olduğunu bildirmişdi. Rubionun fikrincə, Çin tərəfi İranın Hörmüz boğazındakı addımlarının rəsmi Tehranı qlobal təcridə sürüklədiyini diqqətə çatdırmalıdır. Dövlət katibi həmçinin vurğulayıb ki, mövcud vəziyyət Çinə də mənfi təsir göstərir; belə ki, qlobal daşımaların pozulması birbaşa ixracdan asılı olan Çin iqtisadiyyatına zərər vurur.
Trampın 'fasilə' qərarından dərhal sonra: Fransa gəmisi Hörmüzdə hədəfə alındı
Fransanın "CMA CGM" gəmiçilik şirkəti Hörmüz boğazından keçən gəmisinə hücum olunduğunu açıqlayıb. Bu hadisə İranla münaqişə fonunda regiondakı kommersiya daşımaları üçün risklərin yüksək olaraq qaldığını göstərir.
Şirkət bildirib ki, "CMA CGM San Antonio" gəmisinə edilən hücum nəticəsində ekipaj üzvləri arasında xəsarət alanlar var və gəmiyə ziyan dəyib. Şirkətin açıqlamasına görə, yaralılar müalicə üçün Malta bayrağı altında üzən gəmidən təxliyə ediliblər.
İnsident mayın 5-də baş verib. Həmin gün ABŞ prezidenti Donald Tramp İranla razılaşma yönündə "böyük irəliləyiş" əldə olunduğunu əsas gətirərək boğazda hərbi-dəniz müşayiəti əməliyyatını dayandırdığını bildirmişdi.
Dünyada üçüncü ən böyük konteyner daşımaları operatoru olan "CMA CGM" bundan əvvəl də gəmilərindən birinə xəbərdarlıq atəşi açıldığını açıqlamışdı. Şirkət müharibənin əvvəlindən 14 gəmisinin Fars körfəzində blokada şəraitində qaldığını bildirib.
Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biridir. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri Tehran boğazı faktiki olaraq bağlayıb. Yüzlərlə gəminin Fars körfəzində blokadada qalması dünyada neft ticarətinin 1/5-nə birbaşa təsir göstərir.