Qeşm adasında partlayış səsləri: İran dronların vurulduğunu bildirir
Ötən gecə Qeşm adasında eşidilən partlayış səsləri hava hücumundan müdafiə qüvvələrinin dronları vurması nəticəsində yaranıb. İranın Hörmüzqan vilayətinin rəsmi nümayəndələri hadisə nəticəsində hər hansı xəsarət və ya dağıntının olmadığını bildiriblər.
Bununla belə, rəsmilər Bəndər-Abbas liman şəhərindəki ayrıca partlayışla bağlı heç bir açıqlama verməyiblər.
ABŞ və İsraillə atəşkəs əldə edildikdən sonra İranın müxtəlif bölgələrində gecə saatlarında partlayışların baş verdiyi barədə xəbərlər yayılır. İran hakimiyyəti bu hadisələri çox vaxt partlamamış sursatların zərərsizləşdirilməsi və ya dronlara qarşı hava müdafiə sistemlərinin fəaliyyəti ilə izah edir.
İran BƏƏ-yə hücum etmədiyini deyir, cavab zərbəsi ilə hədələyir
İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) heç bir hücum həyata keçirmədiyini, lakin BƏƏ ərazisindən ediləcək istənilən hücuma "dağıdıcı və sarsıdıcı" cavab veriləcəyini bildirib.
İslam Respublikasının hərbi qüvvələrini koordinasiya edən "Xatəm əl-Ənbiya" qərargahı mayın 5-də yaydığı bəyanatda belə bir xəbərdarlıq edib. Bəyanatda vurğulanır ki, İran silahlı qüvvələri son günlər BƏƏ-yə qarşı heç bir raket və ya dron əməliyyatı həyata keçirməyib: "Hər hansı addım atılsaydı, bunu açıq və qəti şəkildə elan edərdik".
Bəyanatda BƏƏ "ABŞ və sionizmin əsas bazalarından birinə çevrilməkdə" ittiham olunub. "Xatəm əl-Ənbiya" qərargahı xəbərdarlıq edərək bildirib ki, BƏƏ ərazisindən İranın adalarına, limanlarına və ya sahillərinə qarşı atılacaq hər hansı təxribatçı addıma "dağıdıcı və sarsıdıcı" cavab veriləcək.
BƏƏ Müdafiə Nazirliyi isə ölkənin mayın 4 və 5-də İranın raket və dron hücumlarına məruz qaldığını bildirib. Məlumata görə, mayın 4-də hücum zamanı Füceyrədə yerləşən neft sənayesi kompleksi yanıb və üç Hindistan vətəndaşı xəsarət alıb.
BƏƏ Xarici İşlər Nazirliyi ölkənin İran hücumlarına cavab vermək hüququnu özündə saxladığını bildirib.
Tramp Hörmüz boğazındakı əməliyyata fasilə verir
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazından gəmilərin keçirilməsi əməliyyatına (Azadlıq Layihəsi) fasilə verib. Prezident sosial şəbəkədə yazıb ki, bu addım Pakistanın və digər ölkələrin xahişi ilə atılıb. O, İrana qarşı hərbi kampaniyada nəhəng hərbi uğur qazanıldığını və İranla yekun razılaşmaya doğru böyük irəliləyiş əldə olunduğunu bildirib.
"Razılaşmanın yekunlaşdırılmasının və imzalanmasının mümkün olub-olmayacağını anlamaq üçün "Azadlıq Layihəsi"nə qısa müddətlik fasilə verilir. İran limanlarına qarşı blokada isə tam qüvvədə qalır", –Tramp vurğulayıb.
Bundan əvvəl Tramp İranı "ağ bayraq qaldıraraq" razılığa gəlməyə çağırmışdı. Mayın 5-də Oval kabinetdə jurnalistlərə açıqlamasında o, İran qüvvələrinin artıq yalnız "oyuncaq silahlar" səviyyəsində hücum edə bildiyini və ağ bayraq qaldıraraq təslim olmalı olduqlarını söyləyib. Prezident "içəri girib insanları öldürmək" istəmədiyini də əlavə edib.
"Onlar oyun oynayırlar, amma sizə deyim ki, razılaşma əldə etmək istəyirlər", – deyən Tramp İran ordusunun tamamilə məhv olduğunu iddia edib. O, ABŞ-ın İran limanlarına qarşı davam edən blokadasını polad parçasına bənzədərək, "heç kim buna meydan oxumayacaq" deyə bildirib.
İranın hansı addımının atəşkəsin pozulması sayılacağına dair sualı Tramp belə cavablandırıb: "Görəcəksiniz… Onlar nə etməməli olduqlarını bilirlər".
Əraqçi Çinə gedir
İranın xarici işlər naziri Abbas Əraqçi mayın 5-də danışıqlar üçün Pekinə yola düşür.
"O, səfər çərçivəsində çinli həmkarı Van İ ilə görüşəcək, ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq prosesləri müzakirə edəcək", – İran Xarici İşlər Nazirliyinin qısa bəyanatında bildirilir.
Bu arada ABŞ və İran arasında müharibəni başa çatdırmaq üzrə danışıqlarda çıxılmaz vəziyyət yaranıb.
Mayın 4-də ABŞ-nin maliyyə naziri Skot Bessent Çini İranı Hörmüz boğazını beynəlxalq gəmiçiliyə açmağa inandırmaq üçün diplomatik səylərini artırmağa çağırıb.
Bessent əlavə edib ki, bu məsələ ABŞ prezidenti Donald Trampın mayın ortalarında Çin lideri Si Cinpinlə planlaşdırılan görüşündə də qaldırılacaq.