'Reuters': İranın nüvə bombası üçün lazım olan vaxt dəyişməyib
Ötən yaydan bəri İrana nüvə silahı hazırlamaq üçün lazım olan müddət dəyişməyib. "Reuters" bunu ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən yazıb.
Əvvəlki qiymətləndirmədə 2025-ci ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin bu müddəti bir ilə qədər geri atdığı deyilirdi.
"Reuters" məsələ ilə tanış olan üç mənbəyə istinadən yazır ki, fevralın 28-də başlayan son münaqişədən sonra da İranın nüvə proqramı əsasən toxunulmaz qalıb.
"Tehranın nüvə proqramı ilə bağlı qiymətləndirmələr ikiaylıq müharibədən sonra da ümumilikdə dəyişməz qalır", – "Reuters" mayın 4-də yazıb.
ABŞ prezidenti Donald Tramp müharibənin məqsədlərindən birinin İslam Respublikasının nüvə bombası hazırlamasının qarşısını almaq olduğunu bildirir.
Son müharibə zamanı İsrailin İranın bir neçə nüvə obyektinə zərbələr endirdiyi barədə məlumatlar yayılmışdı.
"Reuters" agentliyinin iki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ kəşfiyyatı hələ ötənilki 12 günlük müharibədən əvvəl belə bir qənaətə gəlib ki, İran 3-6 ay ərzində nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edə bilər.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın nüvə proqramına ciddi zərbə vurmaq üçün onun yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını məhv etmək zəruridir. Qeyd olunur ki, həmin ehtiyatlar hələ də ötən yay hərbi zərbələrə məruz qalmış yeraltı obyektlərdə saxlanılır.
'Hərbi həll yoxdur' - İrandan BƏƏ-yə sərt xəbərdarlıq
İranın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İslam Respublikasına qarşı hərbi həll yoluna əl atmamağa çağırıb.
Abbas Əraqçi mayın 4-də gecə "X" sosial şəbəkəsində yazıb ki, o, mövcud böhranın hərbi həlli olmadığına inanır.
"Pakistanın böyük səyləri sayəsində danışıqlar irəliləyir, ABŞ isə bədxahların onu yenidən bataqlığa sürükləməməsi üçün ehtiyatlı olmalıdır. Birləşmiş Ərəb Əmirlikləri də eyni şəkildə ayıq-sayıq qalmalıdır", – Əraqçi bildirib.
Fevralın 28-də ABŞ və İsrailin İranla münaqişəsi başlayandan BƏƏ Fars körfəzi ölkələri arasında ən çox zərbəyə məruz qalanlardan olub. Tehran bu zərbələrlə ABŞ-İsrail hərbi kampaniyasına cavab verdiyini bildirir.
İran mediası İsrail ilə BƏƏ arasında hərbi əməkdaşlığın dərinləşməsi və Əmirliklərin ərazisində müasir hava hücumundan müdafiə (HHM) sistemlərinin yerləşdirilməsi barədə iddialar yayıb.
BƏƏ rəsmiləri isə mayın 4-də ölkənin İran tərəfindən raket və dron hücumlarına məruz qaldığını bildirərək bunu "təhlükəli eskalasiya" kimi qiymətləndiriblər. Rəsmi Əbu-Dabi öz təhlükəsizliyini və suverenliyini qorumaqda tərəddüd etməyəcəyini vurğulayıb
Füceyrə limanının rəsmiləri bildirib ki, enerji obyekti dron zərbəsinə məruz qalıb, yanğın baş verib və üç nəfər xəsarət alıb. Müdafiə Nazirliyi isə dörd qanadlı raketin buraxıldığını, onlardan üçünün zərərsizləşdirildiyini açıqlayıb.
Tramp: Hörmüz boğazında ABŞ gəmiləri hədəfə alınarsa, İran "yer üzündən silinəcək"
ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Hörmüz boğazını yenidən açmağa çalışan ABŞ gəmilərini hədəfə alarsa, "yer üzündən silinəcək".
Hazırda tərəflər arasında aprelin 8-dən qüvvədə olan kövrək atəşkəs gərginliyə tab gətirməyə bilər. ABŞ Fars körfəzində kommersiya gəmilərini müşayiət etmək üçün dəniz əməliyyatlarını genişləndirib. 800-dən çox gəmi və təxminən 20 min ekipaj üzvü hələ də boğazda ilişib qalıb.
Tramp mayın 4-də "Fox News" telekanalına müsahibəsində Hörmüz boğazında sıxışıb qalan gəmilərin çıxarılması üçün keçirilən "Azadlıq" əməliyyatını "indiyə qədərki ən böyük hərbi manevrlərdən biri" adlandırıb. O bildirib ki, son danışıqlarda İran rəsmiləri "daha çevik mövqe" nümayiş etdiriblər.
İran isə xəbərdarlıq edib ki, boğaza yaxınlaşan ABŞ gəmilərinə zərbə endirəcək. Tehran ABŞ-nin altı İran katerini məhv etməsi, həmçinin raket və dronları zərərsizləşdirməsi ilə bağlı iddialarını təkzib edib.
İran ABŞ qüvvələrinə doğru qanadlı raketlər, dronlar buraxıb
ABŞ qüvvələri mayın 4-də Tehranın buraxdığı qanadlı raketləri və dronları zərərsizləşdirib. Bunu amerikalı admiral bildirib. Bu arada Vaşinqton Hörmüz boğazı yaxınlığındakı sularda qalmış "neytral" gəmiləri çıxarmaq üçün əməliyyata başlayıb. Əməliyyatı bir gün əvvəl ABŞ prezidenti Donald Tramp elan edib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin sözlərinə görə, İran ABŞ gəmilərinə və ABŞ-nin "qoruduğu" kommersiya gəmilərinə qarşı "bir neçə qanadlı raket, dron və kiçik qayıq" buraxıb.
O əlavə edib ki, ABŞ ordusu "Apache" və "SH-60 Seahawk" helikopterləri ilə Hörmüz boğazında İranın altı kiçik qayığını məhv edib. O, İran qüvvələrini əməliyyat davam etdiyi müddətdə ABŞ hərbçilərindən uzaq durmağa çağırıb.
Admiralın sözlərinə görə, ABŞ gəmiləri kommersiya gəmilərini boğazdan keçərkən sadəcə müşayiət etmir, həm də onlara "daha geniş müdafiə paketi" çərçivəsində təhlükəsizlik təminatı yaradır.