Hörmüz boğazında raket iddiası: Tehran 'vurduq' deyir, Vaşinqton təkzib edir
İranın dövlət televiziyasının yaydığı məlumata görə, mayın 4-də ölkənin Hərbi Dəniz Qüvvələri ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısını alıb. "Fars" xəbər agentliyi isə bildirir ki, xəbərdarlıqlara məhəl qoymayan ABŞ hərbi gəmisi Oman körfəzində, Cask sahilləri yaxınlığında iki raketlə hədəf alınıb və geri çəkilməyə məcbur edilib.
"Reuters" bu məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini yazır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) xəbəri təkzib edib. "ABŞ donanmasının heç bir gəmisi vurulmayıb. ABŞ qüvvələri "Azadlıq layihəsi"ni dəstəkləyir və İran limanlarına qarşı dəniz blokadasını qüvvədə saxlayır", – CENTCOM X platformasında paylaşımında bildirib.
Mayın 4-də İran ABŞ qüvvələrini strateji su yoluna daxil olmamağa çağırmışdı. Bundan əvvəl isə ABŞ prezidenti Donald Tramp Körfəz sularında qalan gəmiləri çıxarmağa kömək edəcəyini bildirmişdi.
İranın vahid komandanlığının rəhbəri Əli Abdullahi isə bəyan edib, Hörmüz boğazında təhlükəsizlik İranın nəzarətindədir və gəmilərin keçidi mütləq şəkildə razılaşdırılmalıdır.
"Xəbərdarlıq edirik ki, istənilən xarici hərbi birləşmə, xüsusilə aqressiv ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmağa və daxil olmağa cəhd edərsə, hücuma məruz qalacaq", – o vurğulayıb.
Tehran ABŞ-ni 'aşırı' tələblərdən əl çəkməyə çağırır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ni iki ölkə arasında sülh danışıqlarının irəliləməsi üçün aşırı tələblərdən əl çəkməyə çağırıb.
"Bu mərhələdə prioritetimiz müharibəni dayandırmaqdır", – o, mayın 4-də dövlət televiziyasında yayımlanan brifinqdə deyib.
"Digər tərəf ağlabatan yanaşma sərgiləməli və İranla bağlı aşırı tələblərindən imtina etməlidir", – deyən sözçü Tehranın hansı tələbləri aşırı saydığını açıqlamayıb.
İran bir gün əvvəl bildirib ki, tərəflər arasında danışıqlarda vasitəçilik edən Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi son sülh təklifinə Vaşinqtondan cavab alıb.
ABŞ prezidenti Donald Tramp isə deyib ki, çox güman ki, İranın təklifini rədd edəcək, çünki "onlar kifayət qədər böyük bədəl ödəməyiblər". Tramp detallı danışmayıb.
İran mediası: Tehran son sülh təklifinə ABŞ-dən cavab alıb
İran Xarici İşlər Nazirliyi mayın 3-də bildirib ki, Tehran son sülh təklifinə ABŞ-dən cavab alıb. İran təklifini danışıqlarda vasitəçilik edən Pakistana təqdim etmişdi.
ABŞ prezidenti Donald Tramp bir gün əvvəl demişdi ki, çox güman ki, İranın təklifini rədd edəcək, çünki "onlar kifayət qədər böyük bədəl ödəməyiblər". O həmçinin qeyd edib ki, İran rəhbərliyində parçalanma müşahidə edir və bunun müharibənin dayandırılması üzrə danışıqlara maneə yaratdığını deyib.
ABŞ-nin cavab verdiyini nə Vaşinqton, nə də İslamabad hələlik təsdiqləyib. İranın dövlət mediası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqaiyə istinadla xəbər verir ki, hazırkı mərhələdə İranın nüvə imkanları ilə bağlı heç bir danışıq aparılmır.
Bu məsələ mümkün razılaşma üçün əsas mövzulardan biri olaraq qalır. ABŞ-nin İrana qarşı əsas tələbi budur. Tehran isə nüvə ambisiyalarından imtina etməyə razılaşmayıb. Məlumata görə, İran bu mövzunun hazırkı danışıqlardan kənarda saxlanmasına çalışır.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələrinə başlayıb. Aprelin 8-dən etibarən tərəflər arasında kövrək atəşkəs qüvvədədir.
İran Pakistana yeni danışıqlar planı təqdim edib
İran ABŞ ilə danışıqlarda vasitəçi rolunu oynayan Pakistana yeni sülh təklifini çatdırıb. IRNA dövlət xəbər agentliyinin məlumatına görə, rəsmi Tehran son planın mətnini aprelin 30-da qarşı tərəfə ötürüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziya müsahibəsində bildirib ki, ABŞ ilə istənilən təmasda Tehran üçün əsas prioritet müharibənin dayandırılması və davamlı sülhdür.
Lakin XİN diplomatik səyləri davam etdirsə də, ölkədəki mühafizəkar ruhanilər və deputatlar əsas məsələlərdə güzəştə getməyin əleyhinədirlər. Deputat Mahmud Nəbəvian Hörmüz boğazı üzərində nəzarəti, uranın zənginləşdirilməsini və nüvə materiallarının ölkə xaricinə çıxarılmamasını İranın üç "qırmızı xətti" adlandırıb. O, bu məsələlərin heç bir beynəlxalq razılaşmanın müzakirə mövzusu olmamalı olduğunu tələb edib.
IRNA təklifin detalları barədə məlumat verməsə də, "The Guardian" qəzeti planın əsas hədəfinin hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazının yenidən açılması olduğunu bildirib. Nüvə proqramı üzrə detallı müzakirələrin isə növbəti mərhələyə saxlanılması nəzərdə tutulur.
ABŞ prezidenti Donald Tramp İranın nüvə danışıqları ilə əlaqələndirilməyən əvvəlki təklifini rədd etmişdi. Həftənin əvvəlində Tramp Tehrana "tezliklə ağıllanmağı" və razılaşma imzalamağı tövsiyə edib. Vaşinqton diplomatik cəhdlər uğursuz olarsa, hərbi varianta əl ata biləcəyini açıqlayıb. Paralel olaraq İsrail də artan nüvə təhdidləri fonunda hərbi zərbələri yenidən bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.