Bessent İranda benzin qıtlığı barədə xəbərdarlıq edib
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İran yaxın zamanda benzin qıtlığı ilə üzləşə bilər.
O, aprelin 28-də X platformasında qısa paylaşım edib: "Sağ qalan SEPAH rəhbərləri kanalizasiya borusunda boğulan siçovullar kimi tələyə düşdüyü bir vaxtda, İranın köhnəlmiş neft sənayesi ABŞ blokadası sayəsində hasilatı dayandırmağa başlayır".
"Neftin vurulması tezliklə dayanacaq", – o əlavə edib.
İxracın həftələrdir pozulması İranın neft sektoruna ciddi təzyiq yaradıb. Buna ABŞ-nin İran limanlarına blokada tətbiq etməsi səbəb olub. Bu blokada Tehranın strateji Hörmüz boğazını faktiki bağlamasına cavab olaraq tətbiq olunub.
İran Hind okeanında tanker müsadirəsini 'piratlığın yeni forması' adlandırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Hərbi Dəniz Qüvvələrinin Hind okeanında təxminən 2 milyon barel İran xam nefti daşıyan tankeri ələ keçirməsini "dənizdə piratlığın və silahlı qarətin leqallaşdırılması" kimi qiymətləndirib.
"Piratların qayıdışına xoş gəlmisiniz", - İsmayıl Bəqai X platformasında yazıb.
"Fərq ondadır ki, bu dəfə onlar rəsmi bayraq altında üzürlər və hökumət əmrlərini yerinə yetirirlər, öz hərəkətlərini isə "qanunun icrası" adlandırırlar", - o əlavə edib.
Bundan əvvəl ABŞ federal prokuroru Hind okeanında əvvəllər "MT Phoenix" kimi tanınan "MT Majestic" tankerinin müsadirə edildiyini açıqlayıb.
Əraqçi ilə Putin nə danışdılar
Rusiya prezidenti Vladimir Putin aprelin 27-də Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Tehrana ABŞ və İsraillə münaqişədə tam dəstəyini ifadə edib. Görüşdən sonra Putin İran xalqının müstəqillik uğrunda "qəhrəmancasına" mübarizə apardığını vurğulayıb və ölkənin yeni ali lideri Müctəba Xameneidən səmimi mesaj aldığını bildirib.
Rusiya lideri münaqişənin həlli üçün ölkəsinin vasitəçi ola biləcəyini də qeyd edib: "Sülhün tezliklə bərqərar olması üçün həm öz maraqlarımıza, həm də region xalqlarının mənafeyinə uyğun hər şeyi edəcəyik".
Nazir Əraqçi isə Moskvanın hər zaman İranı dəstəklədiyini bildirərək strateji tərəfdaşlığın davam edəcəyini vurğulayıb.
Nasir Bəkirzadənin valideynləri oğullarına qarşı ölüm hökmünün ləğvini tələb edir
İran İnsan Haqları Təşkilatı ölüm cəzasına məhkum edilmiş 26 yaşlı kürd siyasi məhbus Nasir Bəkirzadənin valideynlərinin videomüraciətini yayıb. Valideynlər bütün dini və insan hüquqları qurumlarını oğullarının edamının qarşısını almağa çağırırlar.
Təşkilat videonu aprelin 27-də X platformasında paylaşıb. İsrail üçün casusluqda ittiham olunan və üç ildir həbsdə saxlanılan Bəkirzadənin atası oğlunun günahsız olduğunu, ölüm hökmünün yalnız "son müharibəyə görə" qüvvədə saxlanıldığını deyib.
Onun sözlərinə görə, Ali Məhkəmə oğluna qarşı hökmü iki dəfə ləğv edib, ancaq ilkin hökmü çıxaran məhkəmə instansiyası ölüm cəzasını yenidən qüvvədə saxlayıb.
2024-cü ilin noyabrında "Human Rights Watch" təşkilatı Bəkirzadənin adını çəkərək onun daha dörd kürd vətəndaşla birlikdə İsrail üçün casusluqda ittiham olunduğunu bildirib.
İran dünyada edamların sayına görə öncül yerlərdən birini tutur. Son aylarda ölkə boyunca repressiyaların güclənməsi fonunda edamların sayı daha da artıb. İnsan haqları təşkilatları müxtəlif hesabatlarında bildirirlər ki, İran hökuməti ölüm cəzasından cəmiyyətdə qorxu yaratmaq məqsədilə istifadə edir.