Tramp: Çin İrana daha çox kömək edə bilərdi
ABŞ prezidenti Donald Tramp "Fox News"a müsahibəsində bildirib ki, Çin İrana yalnız məhdud dəstək göstərib.
"Məncə, onlar çox kömək etməyiblər. Bəlkə, bir qədər kömək ediblər, amma çox yox. Bundan daha artıq kömək edə bilərdilər", – Tramp deyib.
O, ABŞ-nin Ukrayna kimi müttəfiqlərinə göstərdiyi yardımlara diqqət çəkərək bildirib ki, Çin də öz tərəfdaşlarına analoji şəkildə dəstək verə bilərdi.
Tramp buna baxmayaraq, Pekinin addımlarından çox da ruhdan düşmədiyini və bu kontekstdə Çinə "o qədər də" pis baxmadığını əlavə edib.
Prezidentin mayın 14-15-də Çin lideri Si Cinpinlə danışıqlar aparmaq üçün Pekinə səfər edəcəyi gözlənilir.
Qalibaf: İran Bab əl-Məndəb boğazını bağlaya bilər
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində yazıb ki, ABŞ-nin əlindəki "kozır"lara baxmayaraq, İran hələ də öz strateji üstünlüklərini qoruyub saxlayır. Qalibaf aprelin 11-12-də Pakistanda ABŞ ilə danışıqların ilk raunduna rəhbərlik edib.
Spiker İranın nəzarətində olan coğrafi üstünlükləri (qismən açıq Hörmüz boğazı, qapalı Bab əl-Məndəb və boru kəmərləri) ABŞ-nin iqtisadi manevrləri (strateji ehtiyatlar və tələbin azaldılması) ilə qarşılaşdırıb.
"Yay tətilini də bura əlavə edin... əgər amerikalıların istirahətini əllərindən almaq niyyətində deyillərsə!", –Qalibaf ironiya ilə bildirib.
Qalibafın bu bəyanatları İranın Bab əl-Məndəb boğazından keçidi məhdudlaşdıra biləcəyinə və ya regiondakı boru kəmərlərini hədəf alacağına dair bir işarə hesab olunur. Mətndəki "strateji ehtiyatlar" ifadəsi ABŞ-nin öz neft rezervlərindən istifadəsinə, "tələbin azaldılması" isə qiymət artımı fonunda istehlakın aşağı düşməsinə eyham vurur.
Əraqçi Pakistana yola düşüb
İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 24-də İslamabada yola düşüb. Səfər çərçivəsində ABŞ ilə sülh danışıqlarının bərpasına dair təkliflər üzrə məsləhətləşmələrin aparılacağı gözlənilir.
ABŞ və İran nümayəndə heyətləri aprelin 11-12-də Pakistanın paytaxtında keçirilən sülh danışıqlarını razılaşma əldə etmədən başa çatdırmışdı. Bu həftənin əvvəlinə planlaşdırılan ikinci raund isə baş tutmayıb.
Əraqçi X hesabında bildirib ki, Pakistan, Oman və Rusiyaya səfərləri zamanı həm ikitərəfli əlaqələri, həm də son regional hadisələri müzakirə edəcək. O, qonşu ölkələrlə münasibətlərin Tehran üçün prioritet olduğunu vurğulayıb. IRNA agentliyi daxil olmaqla, İranın dövlət mediası nazirin regional məsləhətləşmələrinin əsasən siyasi və təhlükəsizlik məsələlərinə yönələcəyini qeyd edib.
Vaşinqton Əraqçinin səfərinə hələlik birbaşa reaksiya verməsə də, ABŞ-nin müdafiə naziri Pit Heqset aprelin 24-də keçirdiyi brifinqdə Tehranın "yaxşı razılaşma" əldə etmək imkanının hələ də qaldığını deyib: "İran bilir ki, düzgün seçim etmək üçün danışıqlar masasında hələ də imkan pəncərəsi var. Onlar nüvə silahından real və yoxlanıla bilən şəkildə imtina etməlidirlər".
Küveyt: İraqdan gələn dronlar şimal sərhəd postlarına zərbə endirib
Küveyt ordusu aprelin 24-də bildirib ki, İraq tərəfdən gələn partlayıcı yüklü iki dron ölkənin şimal sərhədində yerləşən iki posta zərbə endirib. Hadisə nəticəsində "maddi ziyan" dəyib, lakin xəsarət alan olmayıb.
Ordu X platformasında yaydığı açıqlamada hadisəni "cinayət xarakterli hücum" adlandırıb və dronların fiber-optik kabellərlə idarə olunduğunu bildirib.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Tehrana bağlı silahlı qruplaşmalar İraq və digər bölgələrdə "düşmən" hədəflərinə dəfələrlə hücum ediblər. Atəşkəs elan edildikdən sonra isə əməliyyatların dayandırıldığı bildirilir.