Əraqçinin ABŞ ilə danışıqlar üçün İslamabada gedəcəyi gözlənilir
Pakistan hökumətindəki mənbə "Reuters"ə bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi kiçik nümayəndə heyəti ilə aprelin 24-də gecə İslamabada gəlməlidir. İranla ABŞ arasında sülh danışıqlarının keçirilməsi ehtimalı var.
Mənbənin əlavə etdiyinə görə, gözlənilən danışıqlar ərəfəsində ABŞ-nin logistika və təhlükəsizlik qrupu artıq İslamabada gəlib.
ABŞ-dən İrana xəbərdarlıq: Hörmüz boğazındakı hədəflər vurula bilər
ABŞ hərbi rəsmiləri atəşkəs pozulacağı təqdirdə İranın Hörmüz boğazı ətrafındakı hədəflərini vurmaq üçün yeni ehtiyat planlar hazırlayırlar. Bu haqda CNN aprelin 23-də mənbələrə istinadən yazıb.
Bildirilir ki, bu planlara İranın sürətli hücum qayıqlarının və mina döşəyən gəmilərinin vurulması daxildir. Məqsəd Tehranın Fars və Oman körfəzlərində gəmi ticarətinə mane olmasının qarşısını almaqdır.
Mənbələrin məlumatına görə, yeni hədəflər arasında İranın raketləri, istehsal zavodları, həm hərbi, həm də mülki obyektləri ola bilər. Həmçinin, danışıqlara mane olan yüksəkrütbəli İran rəsmilərinə qarşı da zərbələrin endirilməsi mümkündür.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, ordu prezident Donald Trampa müxtəlif variantlar təqdim edir və "bütün variantlar masadadır".
Tramp Hörmüz boğazının yenidən açılmasına çağırış edib, eyni zamanda diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
ABŞ əl-Sərəcə görə 10 milyon dollar mükafat təyin edib
ABŞ Dövlət Departamenti İranın dəstəklədiyi "Kətaib Seyid əş-Şühəda" İraq silahlı qruplaşmasının lideri Haşim Finyan Rəhim əl-Sərəc barədə məlumat verənlərə 10 milyon dollar mükafat təklif edib. Vaşinqton bu qruplaşmanı terror təşkilatı kimi tanıyır.
ABŞ rəsmiləri qruplaşmanı İraqda mülki şəxslərin öldürülməsində, İraqda və Suriyada Birləşmiş Ştatların diplomatik obyektlərinə, hərbi bazalarına və personalına hücumlarda ittiham edirlər.
Əl-Sərəc İraqda hakimiyyətə yaxın şiə siyasi ittifaqı olan Şiə Koordinasiya Çərçivəsinin tərkibində yer alır.
Bu ayın əvvəlində Vaşinqton "Kətaib Hizbullah" qruplaşmasının rəhbəri üçün də oxşar mükafat elan etmişdi. O, ötən ay amerikalı jurnalist Şelli Kittlsonu bir həftəlik oğurlamaqda ittiham olunur.
Daha bir ABŞ təyyarədaşıyanı Yaxın Şərqə çatıb
"USS George H.W.Bush" təyyarədaşıyan gəmisi Yaxın Şərqə çatıb. ABŞ hərbçiləri gəminin artıq regiondakı digər ABŞ dəniz qüvvələrinə qoşulduğunu təsdiqləyib.
""Nimits” sinifli "USS George H.W.Bush təyyarədaşıyan gəmisi aprelin 23-də Hind okeanında, ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonası daxilində hərəkət edir", – CENTCOM X platformasında bildirib.
Bununla da ABŞ-nin regiondakı təyyarədaşıyan gəmilərinin sayı üçə çatıb. "USS Gerald R.Ford" və "USS Abraham Lincoln" ilin əvvəlində CENTCOM-un əməliyyat zonasına göndərilmişdi.