Tramp: İsrail-Livan atəşkəsi üç həftə uzadılacaq
ABŞ prezidenti Donald Tramp deyir ki, İsrail ilə Livan arasında atəşkəs, onun bu iki ölkənin səfirləri ilə görüşündən sonra üç həftə uzadılacaq. Bu arada İsrail-Livan sərhədində zorakılıq yenidən alovlanır.
“Görüş çox yaxşı keçdi!” – Tramp aprelin 23-də “Truth Social” platformasında yazıb.
“ABŞ Livanın özünü “Hizbullah”dan qoruya bilməsi üçün onunla əməkdaşlıq edəcək. İsrail ilə Livan arasında atəşkəs üç həftə uzadılacaq”, – o əlavə edib.
On günlük atəşkəsin aprelin 26-da başa çatacağı gözlənilir.
İranın dəstəklədiyi “Hizbullah” Livanın cənubunun böyük hissəsinə nəzarət edir. ABŞ onu terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız silahlı qanadını qara siyahıya salıb.
Livan hökuməti münaqişənin aktiv iştirakçısı deyil, “Hizbullah”ı tərksilah etməyə söz verib.
Tramp bildirib ki, yaxın gələcəkdə İsrailin baş naziri Benyamin Netanyahu və Livanın prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyir.
Trampın sözlərinə görə, görüşdə o, vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə yanaşı, ABŞ-nin İsrail və Livandakı səfirləri ilə birlikdə iştirak edib. Onlar İsrail və Livanın “yüksək vəzifəli təmsilçiləri” ilə görüşüblər.
Danışıqlarda Livanı ABŞ-dəki səfir Nada Hamade Moavad, İsraili isə ABŞ-dəki səfir Yexiel Leiter təmsil edib.
Bu arada tərəflər bir-birini artıq qüvvədə olan 10 günlük atəşkəsi pozmaqda ittiham edir, İsrail-Livan sərhədi yaxınlığında qarşılıqlı atəş açılır.
Berlində Pəhləvinin üstünə qırmızı maye atıblar
İranın son şahının mühacirətdə yaşayan oğlu Rza Pəhləvi aprelin 23-də Berlində mətbuat konfransı keçirəndən sonra onun üstünə qırmızı maye atılıb.
Pəhləvi təmkinli davranıb, tərəfdarlarına əl yelləyib. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Almaniya paytaxtına səfəri zamanı Pəhləvi Qərb hökumətlərini İranda dəyişiklikləri dəstəkləməyə çağırıb, Almaniya hökumətini onunla görüşmədiyinə görə tənqid edib.
“Dəyişiklik yoldadır”, – o deyib və sual edib ki, Qərb demokratiyaları sadəcə seyr edərkən hələ neçə iranlı həyatını itirəcək.
Pəhləvi bildirib ki, Avropanın “barışdırma səyləri” illərdir iflas edir.
Reyxstaq binası qarşısına Pəhləvinin təxminən min tərəfdarı yığışıb. Eyni zamanda əks etiraz aksiyaları da gözlənilirdi.
Blokada başlayandan Fars körfəzindən azı 10 milyon barel İran nefti çıxarılıb
ABŞ ordusu İran limanlarına qarşı dəniz blokadasına başlayandan “Fars körfəzindən azı 10 milyon barel İran xam nefti çıxarılıb”. Bu məlumatı “Vortexa” neft bazarı üzrə daha təhlili şirkəti aprelin 23-də yayıb.
“Reuters” şirkətin qiymətləndirməsinə istinadla yazıb ki, aprelin 13-dən 21-dək Hörmüz boğazından təxminən 10,7 milyon barel İran xam nefti daşınıb.
Bu neftin altı tankerlə daşındığı bildirilir.
ABŞ hökuməti İran limanlarına qarşı blokada tətbiq etdiyini, gəmilərin keçməsinin qarşısını aldığını deyir. Bu addım İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlamasına cavab olaraq atılıb.
“Vortexa” isə qeyd edir ki, ABŞ blokadası “mütləq şəkildə İran limanlarının yaxınlığında tətbiq edilmir, əksinə, təxminən 300 mil qərbdə, Pakistan-İran sərhədi ilə Oman qərb ucqarı arasında həyata keçirilir”.
Blokada başlayandan Hörmüz boğazından İranla bağlı gəmi hərəkəti azalıb, günə “təxminən 1-2 tanker” səviyyəsinə düşüb. Öncəki ay bu say günə “2-3 tanker” idi.
ABŞ hərbçiləri isə aprelin 23-də bildiriblər ki, blokada başlayandan “31 gəminin istiqamətini dəyişərək geri qayıtmasını və ya limana dönməsini tələb ediblər”.
ABŞ qüvvələri İran neftini daşıyan sanksiyalı gəmiyə çıxıb
ABŞ Müdafiə Nazirliyi bildirir ki, ABŞ qüvvələri ötən gecə Hind okeanında əməliyyat keçirib, sanksiya altında olan, bayraqsız M/T Majestic X gəmisinə çıxıb. Nazirlik gəminin İrandan neft daşıdığını iddia edir.
“Beynəlxalq sular sanksiyalı subyektlər üçün sığınacaq kimi istifadə edilə bilməz”, – qurum aprelin 23-də X platformasında yazıb. Qeyd edilir ki, ABŞ qüvvələri “qanunsuz fəaliyyət göstərən aktorları və onların gəmilərini dəniz məkanında sərbəst hərəkət imkanından məhrum edəcək”.
ABŞ aprelin 13-də İran limanlarına qarşı dəniz blokadasına başlayandan onlarla gəmini saxlayıb.