Tramp Hörmüzün ABŞ-nin nəzarətində olduğunu iddia edir
Aprelin 23-də ABŞ prezidenti Donald Trump “Truth Social” platformasında yazıb ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazında mina yerləşdirən istənilən qayığı “vurub məhv etmək” əmri verib. Onun bildirdiyinə görə, mina təmizləyən gəmilər “üçqat gücləndirilmiş səviyyədə” fəaliyyət göstərir. Prezident detallara varmayıb.
Sonrakı paylaşımında Tramp qeyd edir ki, İran yeni lider seçməyə çalışır. Onun iddiasına görə, Hörmüz boğazı ABŞ-ın nəzarəti altındadır, ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan boğazdan heç bir gəmi keçmir, bu su yolu “tamamilə bağlanıb”.
Almaniya Tehranı ABŞ ilə danışıqlara çağırır
Almaniya hökuməti İranı mövcud atəşkəs fürsətindən yararlanmağa və müharibənin yenidən alovlanmasını önləmək üçün ABŞ ilə diplomatik təmasları bərpa etməyə çağırıb.
Berlin Tehranı hərbi nüvə proqramını dondurmağa, İsraili və digər qonşu dövlətləri hədələməyi dayandırmağa, Hörmüz boğazının "daimi, etibarlı, məhdudiyyətsiz və ödənişsiz" şəkildə açıq qalmasını təmin etməyə çağırır.
"Hərtərəfli razılaşma əldə olunarsa, Almaniya hökuməti tərəfdaşları ilə birlikdə mövcud məhdudlaşdırıcı tədbirləri tədricən yumşaltmağa hazırdır. Əks halda, əgər İran Hörmüz boğazını bloklamağa davam edərsə, Almaniya hökuməti əlavə sanksiyaların tətbiqini gündəmə gətirəcək", – bəyanatda deyilir.
Neftin qiyməti 4 faiz artıb
ABŞ ilə İran arasında atəşkəsin taleyi ilə bağlı qeyri-müəyyənlik fonunda aprelin 23-də dünya bazarlarında neftin qiyməti təxminən 4 faiz yüksəlib.
ABŞ-nin "Qərbi Texas" markalı neftinin fyuçersləri gecə saatlarında 4 faizədək artaraq bir barel üçün 96.73 dollara çatıb.
Qlobal etalon hesab olunan "Brent" neftinin qiyməti 3.62 faiz yüksələrək bareli 105.63 dollara bərabər olub.
Bir neçə dəqiqə sonra qiymətlər müəyyən qədər korreksiya olunaraq aşağı düşüb.
Bu dalğalanmalar İranın ABŞ limanlarına dəniz blokadası qaldıqca, Hörmüz boğazını açmayacağını bildirməsi fonunda baş verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri istefa verib
Pentaqonun aprelin 22-də yaydığı məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri Con Felan vəzifəsindən istefa verib.
İstefanın səbəbi açıqlanmayıb.