Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 10:16
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı BƏƏ İran raketləri və dronlarını vurduğunu bildirir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

CENTCOM: ABŞ blokadası çərçivəsində 31 gəmi geri qaytarılıb

ABŞ qüvvələri İrana dəniz blokadası çərçivəsində 31 gəminin istiqamətini dəyişərək geri dönməsini və ya limana qayıtmasını tələb edib. Bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) aprelin 23-də X platformasında bildirib.

CENTCOM qeyd edib ki, əksəriyyət ABŞ-nin göstərişlərinə əməl edib və onların çoxu neft tankeridir.

ABŞ İran limanlarına qarşı dəniz blokadasına aprelin 13-də başlayıb. Bu, İranın Hörmüz boğazını bağlamasına cavab olaraq atılıb. İran fevralın 28-də ABŞ və İsraillə müharibəsi müharibə başlayandan az sonra boğazı faktiki bağlayıb. Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri Hörmüzdən keçir.

Senat Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmaqdan yenə imtina etdi

Aprelin 22-də ABŞ Senatı 51-46 səs fərqi ilə demokratların prezident Donald Trampın İrana qarşı hərbi gücdən istifadə səlahiyyətlərini məhdudlaşdırmaq cəhdini rədd edib.

Bu, artıq səkkiz həftədir davam edən münaqişə dövründə analoji məqsədlə irəli sürülən beşinci uğursuz təşəbbüsdür. Viskonsin ştatından senator Temmi Bolduinin müəllifi olduğu təklifə görə, ABŞ Silahlı Qüvvələri İran daxilində və ya ona qarşı hərbi əməliyyatlar keçirməsi üçün Konqresin xüsusi icazəsini almalı, əks halda qoşunlar geri çəkilməlidir.

Demokrat Con Fetterman respublikaçı çoxluqla birlikdə təşəbbüsün əleyhinə səs verib. Respublikaçı Rend Pol isə partiya xəttindən kənara çıxaraq demokratlara qoşulub və təklifi dəstəkləyib.

Demokratlar bildiriblər ki, müharibə səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində yeni səsvermələrin keçirilməsinə çalışacaqlar.

ABŞ müharibəni bitirmək üçün İrandan 'vahid' təklif istəyir

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun müharibəni dayandırmaq təkliflərinə Tehrandan "vahid" cavab gözləyir və hələlik konkret bir son tarix (ultimatum) müəyyən etməyib. Ağ evin bu açıqlaması Trampın aprelin 22-də başa çatmalı olan atəşkəs rejimini birtərəfli qaydada uzatmasından bir gün sonra yayılıb.

Ağ evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib ki, prezident Tramp İran rejiminə öz mövqeyini dəqiqləşdirməsi üçün zaman və manevr imkanı verir. O, hazırda Tehranda ciddi daxili fikir ayrılıqlarının yaşandığını iddia edib: "Hazırda İranda praqmatiklər ilə sərt xətt tərəfdarları arasında mübarizə gedir. Prezident isə vahid mövqe və cavab gözləyir. Bu cavabı gözlədiyimiz müddətdə hərbi və kinetik zərbələr üzrə atəşkəs qüvvədə qalacaq. İqtisadi təzyiq və dəniz blokadası davam edir".

Livitt həmçinin 'Fox News' telekanalına müsahibəsində vurğulayıb ki, danışıqlar çərçivəsində İran özünün zənginləşdirilmiş uran ehtiyatını ABŞ-yə təhvil verməyə razılaşmalıdır.

Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayıb. Aprelin 11-12-də İslamabadda keçirilən danışıqlar nəticəsiz qalıb. Bu həftə planlaşdırılan yeni raund hələlik baş tutmayıb: Tehran iştirakını təsdiqləməyib, ABŞ nümayəndə heyəti isə Pakistana yola düşməyib.

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf, öz növbəsində, ABŞ-nin dəniz blokadasını kəskin tənqid edib. O, aprelin 13-dən tətbiq edilən blokadanın atəşkəsin kobud şəkildə pozulması olduğunu bildirib. Qalibaf 'X' platformasında yazıb: "Atəşkəs bu cür açıq şəkildə pozulduğu bir şəraitdə Hörmüz boğazının yenidən açılması mümkün deyil".

İran müharibə başlayandan az sonra Hörmüz boğazını faktiki olaraq bağlayıb. Qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün 1/5-i buradan keçir.

SEPAH Hörmüzdə iki gəmini ələ keçirdiyini bildirir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından "gizli şəkildə" çıxmağa çalışan iki gəmini ələ keçirdiyini bildirib.

SEPAH-ın dəniz qüvvələri bu gün – aprelin 22-də "pozuntuya yol verən" gəmilərin saxlandığı barədə bəyanat yayıb.

Gəmilərdən birinin İsrailə məxsus "MSC Francesca", digərinin "Epaminodes" olduğu açıqlanıb.

İran tərəfi gəmilərin yüklərinin və sənədlərinin yoxlanılması məqsədilə ölkənin ərazi sularına aparıldığını qeyd edib.

Elə bu gün İranın dövlət mediası yazıb ki, silahlı qüvvələr ölkə sahilləri yaxınlığında üç yük gəmisinə hücum edərək onları sıradan çıxarıb.

SEPAH fevralın 28-dən etibarən Hörmüz boğazını ticarət gəmiləri və neft tankerləri üçün bağlayıb. ABŞ və İsraillə müharibədə aprelin 8-də atəşkəs elan olunanda boğaz cəmi bir gün açıq qalıb. Tərəflər arasında danışıqlar alınmayandan və ABŞ İran limanlarına qarşı dəniz blokadasına başlayandan sonra boğaz yenidən bağlanıb.

Davamı

XS
SM
MD
LG