İranda 'Mossad'la əlaqədə təqsirləndirilən şəxs edam edilib
İran hakimiyyəti İsrailin "Mossad" kəşfiyyat xidmətinə casusluq etməkdə və genişmiqyaslı əməkdaşlıqda təqsirli bildiyi bir nəfərin edam olunduğunu açıqlayıb.
Məhkəmə orqanlarının aprelin 22-də verdiyi məlumata görə, Mehdi Fəridin "Yer üzündə fəsad törətmə" maddəsi üzrə ölüm hökmü hüquqi baxışdan sonra qüvvədə saxlanılıb.
Rəsmilər onun nə vaxt həbs edildiyini və mühakimə olunduğunu açıqlamayıblar.
Ədliyyə sisteminə məxsus "Mizan" xəbər agentliyi Fəridin "Mossad"a həssas məlumatlar ötürdüyünü bildirib. İnsan haqları təşkilatları Fəridin İranın Atom Enerjisi Təşkilatının keçmiş əməkdaşı olduğunu müəyyənləşdirib.
O da açıqlanıb ki, indiyədək Qum vilayətində əlaqəli işlər üzrə "düşmənlə əməkdaşlıq"da suçlanan digər şəxslər barəsində 19 məhkəmə hökmü çıxarılıb, bura həbs cəzaları və cərimələr daxildir.
Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan İslam Respublikası edam hökmlərinin icrasını intensivləşdirib. İranda, demək olar, hər gün edamların gerçəkləşdirildiyi barədə çoxsaylı məlumatlar yayılmaqdadır.
Tramp: İran maliyyə baxımından çökür
ABŞ prezidenti Donald Tramp İranın maliyyə baxımından çökdüyünü iddia edib. Onun sözlərinə görə, Tehran gündə 500 milyon dollar itirir və Hörmüz boğazını təcili yenidən açmağa çalışır.
Tramp aprelin 22-də səhər saatlarında "Truth Social" platformasında onu da bildirib ki, İranda iqtisadi vəziyyət daha da pisləşir, təhlükəsizlik qüvvələrinin maaşı ödənmir.
Oman sahillərində insident: Konteyner gəmisinə atəş açılıb
Oman sahillərindən 15 dəniz mili şimal-şərqdə konteyner gəmisinə silahlı hücum olub. Bu haqda Britaniyanın UKMTO dəniz təhlükəsizliyi monitorinq mərkəzi aprelin 22-də bildirib.
Gəmi kapitanının hesabatına görə, gəmiyə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus silahlı kater yaxınlaşıb. Heç bir ilkin xəbərdarlıq edilmədən atəş açıldığı, gəminin idarəetmə körpüsünə ciddi ziyan dəydiyi bildirilir.
Gəmidə yanğın və ya hər hansı sızma baş verməyib, ekipaj üzvləri arasında xəsarət alan yoxdur.
Vaşinqton: İranın blokadası maksimum təzyiqlə davam edəcək
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirir ki, Vaşinqton İran limanlarına qarşı dəniz blokadasını davam etdirəcək. Onun sözlərinə görə, Xarq adasındakı anbarların tezliklə dolacağı, nəticədə neft quyularının dayanmağa məcbur olacağı proqnozlaşdırılır.
Bessent əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi Tehranın ticarət, maliyyə və gəlir şəbəkələrinə qarşı "maksimum təzyiq" sanksiyalarını gücləndirəcək.