Şərif ABŞ və İranı atəşkəsi davam etdirməyə çağırır
Aprelin 22-də Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa ölkəsinin atəşkəsin uzadılması ilə bağlı xahişini qəbul etdiyi üçün təşəkkür edib.
"Ümid edirəm ki, hər iki tərəf atəşkəsə əməl edəcək, ... İslamabadda planlaşdırılan danışıqların ikinci raundunda hərtərəfli Sülh razılaşmasını yekunlaşdıra biləcək", – Şərif X platformasında yazıb.
Pakistanın vasitəçiliyi ilə bu həftə keçirilməsi nəzərdə tutulan sülh danışıqları ilə bağlı hazırda qeyri-müəyyənlik var. Tehran nümayəndə heyətinin iştirakı ilə bağlı qərar vermədiyini bildirib.
Ağ ev rəsmisi isə AzadlıqRadiosuna deyib ki, baş verənlər fonunda ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey Di Vens aprelin 21-də İslamabada getməyib.
Qalibafın sözçüsü: Atəşkəsin uzadılması 'vaxt qazanmaq üçün hiylədir'
ABŞ prezidenti Donald Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlaması qəfil zərbə üçün "vaxt qazanmaqdan ötrü hiylədir". Bunu İran parlamenti spikerinin sözçüsü aprelin 21-də gecə deyib.
İranın danışıqlarda əsas təmsilçisi Məhəmməd Baqer Qalibafın sözçüsü sosial şəbəkədə yazıb ki, ABŞ-nin İran limanlarına blokadanı saxlaması "bombardmandan fərqlənmir və buna hərbi cavab verilməlidir".
Bu açıqlamalar Vaşinqton və Tehranın razılaşdırdığı ikihəftəlik atəşkəsin bitməsinə saatlar qalmış səslənib. Atəşkəs aprelin 22-də başa çatmalı idi. Prezident Tramp onun müddətini uzatdığını bildirib, amma konkret son tarix açıqlamayıb.
Tramp İranla atəşkəs müddətini uzatdı
ABŞ prezidenti Donald Tramp aprelin 21-i axşam saatlarında İranla mövcud atəşkəs rejiminin müddətini uzatdığını elan edib. Bu qərar ikihəftəlik müvəqqəti barışığın başa çatmasına cəmi bir sutka qalmış verilib.
Tramp özünün "Truth Social" hesabında paylaşdığı bəyanatda atəşkəsin Pakistan rəhbərliyinin xahişi ilə uzadıldığını bildirib.
Ağ ev rəhbəri yeni bir son tarix açıqlamasa da, Vaşinqtonun Tehran tərəfindən "vahid və konkret" sülh təklifi gələnə qədər gözləyəcəyini vurğulayıb. Trampın fikrincə, hazırda İranın siyasi rəhbərliyində ciddi parçalanma müşahidə olunur.
Rəsmi Tehran hələlik Trampın bu bəyanatına reaksiya verməyib.
Bundan əvvəl İran rəsmiləri indiki şərtlər daxilində İslamabad danışıqlarının ikinci raunduna qatılmayacaqlarını açıqlamışdılar. Bir sıra KİV-lərin məlumatına görə, vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti də Pakistana planlaşdırılan səfərini hələlik təxirə salıb.
Pakistan: Hələ də İranın cavabını gözləyirik
İslamabad İrandan ABŞ ilə sülh danışıqlarında iştirakını rəsmən təsdiqləməsini gözləyir, Tehranla daimi əlaqə saxlayır. Bunu Pakistanın informasiya naziri Attaullah Tarar bildirib.
Tarar aprelin 21-də X platformasında yazıb ki, atəşkəs aprelin 22-si Bakı vaxtı ilə gecə saat 3:50-də başa çatır və İranın qərarı "kritik əhəmiyyət" daşıyır.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, atəşkəs aprelin 22-də bitəcək və onun uzadılmasını istəmir.