İran böhranına görə Avropanı çətin yay gözləyir
İran müharibəsi və Hörmüz boğazının bağlanması nəticəsində yaranan yanacaq qıtlığına görə hətta ən yaxşı halda belə Avropanı qarşıda çətin yay gözləyir. Bu barədə Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Dan Yörqensen bildirib.
Yörqensen Madriddə jurnalistlərə deyib ki, Aİ müharibənin aviasiya yanacağı tədarükünə təsirini azaltmaq üçün tədbirlər hazırlayır: "Gərəkərsə, mövcud aviasiya yanacağı resurslarımızı üzv ölkələr arasında yenidən bölüşdürə və paylaşa bilərik".
Avropa aviaşirkətləri artıq xəbərdarlıq ediblər ki, Hörmüz boğazının bağlanması yaxın həftələrdə ciddi yanacaq qıtlığına səbəb ola bilər.
Avropanın aviasiya yanacağının təxminən 75 faizi Yaxın Şərqdən gəlir.
Ələ keçirilən İran gəmisinin ikili təyinatlı yük daşıdığı ehtimal olunur
ABŞ qüvvələrinin aprelin 19-da ələ keçirdiyi İran bayraqlı "Touska" konteyner gəmisinin Vaşinqtonun ikili təyinatlı saydığı yük daşıdığı ehtimal olunur. Söhbət həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən yükdən gedir. Bu haqda "Reuters" aprelin 20-də dəniz təhlükəsizliyi mənbələrinə istinadla xəbər yayıb.
Sanksiya altında olan IRISL şirkətinə məxsus gəmi Oman körfəzində, İranın Çabahar limanı yaxınlığında saxlanılıb.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ekipaj altı saat ərzində xəbərdarlıqlara məhəl qoymayıb, gəmi ABŞ-nin dəniz blokadasını pozub.
Asiya səfərindən qayıdan gəminin göyərtəsindəki yüklərin növü hələlik dəqiqləşdirilməyib. Mənbələrdən biri "Touska"nın əvvəllər də bənzər yüklərin daşınmasında iştirak etdiyini vurğulayıb.
Qalibaf: 'İranın ABŞ və İsraillə müharibədə yeni kartları var'
İran ABŞ və İsraillə müharibədə "yeni kartlarını açmağa hazırdır". Bunu İran parlamentinin sədri, danışıqlarda ölkənin əsas təmsilçisi Məhəmməd Baqer Qalibaf deyib.
"Donald Tramp blokada tətbiq etməklə və atəşkəsi pozmaqla öz təsəvvüründə danışıqlar masasını "təslim masası"na çevirməyə, yaxud yenidən müharibə ritorikasını əsaslandırmağa çalışır", – Qalibaf aprelin 20-də gecə saatlarında X platformasında yazıb.
"Biz təhdid kölgəsi altında danışıqları qəbul etmirik. Son iki həftə ərzində döyüş meydanında yeni kartlarımızı açmaq üçün bütün hazırlıqları görmüşük", – o bildirib.
Tramp: İranla atəşkəsin uzadılması ehtimalı 'çox aşağıdır'
ABŞ prezidenti Donald Tramp "Bloomberg"ə müsahibəsində bildirib ki, sülh sazişi bağlanmasa, İranla atəşkəsin uzadılması ehtimalı "olduqca aşağıdır".
Aprelin 22-də Pakistanın vasitəçiliyi ilə əldə edilmiş ikihəftəlik atəşkəsin müddəti başa çatır.