Cey Di Vens İranla danışıqlar üçün Pakistana gedib
ABŞ prezidenti Donald Tramp "New York Post"a deyib ki, vitse-prezident Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb.
"Məqsədimiz danışıqlar aparmaqdır... Güman edirəm ki, hazırkı məqamda heç kəs oyun oynamır", – Tramp vurğulayıb. "Post" müsahibəni aprelin 20-si səhər saatlarında aldığını yazır.
Hələlik nə İran, nə də Pakistan tərəfi bu görüşü rəsmən təsdiqləyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehranın danışıqların növbəti raundunda iştirak etmək planının olmadığını bildirib.
Eyni zamanda, "Reuters" İranın yüksəkrütbəli rəsmisinə istinadən xəbər verir ki, Tehran ABŞ ilə potensial sülh danışıqlarına müsbət yanaşır, lakin bu barədə hələlik yekun qərar qəbul olunmayıb.
İsrailin Livan sakinlərinə xəbərdarlığı
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə deyib ki, ABŞ diplomatiya yoluna ciddi yanaşmır, "atəşkəsi pozur".
O, ABŞ-nin aprelin 19-da İranın yük gəmisinə hücumunu, İran limanlarına qarşı blokadanın qalmasını və Livanda atəşkəsin icrasının gecikməsini "atəşkəsin açıq-aşkar pozulması" adlandırıb.
İsrail və Livan aprelin 17-dən 10 günlük atəşkəs razılaşması əldə ediblər. Bu razılaşmaya İranı müdafiə etmək üçün müharibəyə qoşulan, İsrailə raketlər atan "Hizbullah" da daxildir. Tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.
"Hizbullah" həm silahlı qruplaşmadır, həm də siyasi partiyadır, Livanın cənubunda böyük əraziyə nəzarət edir. ABŞ onu terror təşkilatı sayır, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.
Atəşkəs nəticəsində "Hizbullah" ilə İsrail arasında həftələrlə çəkən ağır döyüşlər dayanıb. Ancaq İsrail Livanın cənubunda qalmaqdadır, məqsədin burada bufer zona yaratmaq, İsrailin şimalını "Hizbullah"ın hücumlarından qorumaq olduğu bildirilir. "Hizbullah" isə İsrail işğalına qarşı müqavimət hüququnu saxladığını bəyan edir.
Aprelin 20-də İsrail ordusu Livanın mülki əhalisini cənuba qayıtmamaq barədə xəbərdar edib. Amma müharibənin didərgin saldığı minlərlə insan evlərinə qayıtmağa çalışır.
İran: Heyət üzvlərinin ailələri gəmidə olduğu üçün müdaxilə etmədik
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin Oman dənizində İran gəmisini ələ keçirməsinə münasibət bildirib. Qərargahın məlumatına görə, heyət üzvlərindən bəzilərinin ailə üzvləri gəmidə olduğu üçün İran tərəfi hərbi reaksiya verməkdən yayınıb.
ABŞ bu iddianı təsdiqləməyib.
Aprelin 19-da ABŞ Hərbi Dəniz Qüvvələri Oman dənizində "Touska" adlı yük gəmisini nəzarətə götürüb.
Qərargah sözçüsü ABŞ qüvvələri ilə "həlledici" qarşıdurmaya hazırlıq getdiyini vurğulayıb. Onun sözlərinə görə, ailələrin və gəminin heyətinin təhlükəsizliyi təmin olunduqdan sonra gərəkən addım atılacaq.
İran tərəfi baş verənləri "dəniz quldurluğu və silahlı təcavüz" kimi qiymətləndirib.
ABŞ prezidenti Donald Tramp və Pentaqon rəsmiləri bildirib ki, "Touska" blokadadan yayınmağa çalışıb və xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə mühərrik bölməsinə atəş açılmaqla dayandırılıb.
İran danışıqların ikinci raundunda iştirak etməyi planlaşdırmır
İran tərəfi ABŞ ilə sülh danışıqlarının ikinci raundunda iştirak etməyi planlaşdırmır. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi aprelin 20-də bildirib.
Bundan öncə Ağ ev aprelin 20-də keçiriləcək danışıqlar üçün nümayəndə heyətinin Pakistana yollandığını bildirmiş, İranın dövlət mediası isə Tehranın nümayəndə göndərməyəcəyini xəbər vermişdi.
Bəqayi həftəlik brifinqdə vurğulayıb ki, "İran danışıqlar prosesini davam etdirmək ilə bağlı qərarı öz milli maraqları və narahatlıqları əsasında verəcək".
O, ABŞ-nin İran gəmisini ələ keçirməsini "təcavüz" adlandırıb, İran rəsmilərinin hadisəni araşdırdığını bildirib.
İrandan yüksəkrütbəli rəsmi "Reuters"ə deyib ki, "nüvə proqramı ilə bağlı fikir ayrılıqları həll olunmayıb, mövqelərdəki fərqlər azalmayıb".
Adı açıqlanmayan rəsmi əlavə edib ki, ABŞ-nin dəniz blokadası tərəflər arasındakı sülh danışıqlarını zəiflədir və "İranın müdafiə imkanları, o cümlədən raket proqramı müzakirə mövzusu deyil".