ABŞ İran və Rusiya neftinə güzəştləri uzatmayacaq
ABŞ maliyyə naziri Skott Bessent aprelin 15-də bildirib ki, Vaşinqton İran və Rusiya neftinin alışına güzəştləri uzatmayacaq. Bu iki ölkəyə ABŞ sanksiyalarından bir aylıq möhlət verilmişdi.
"Reuters" aprelin 14-də xəbər verib ki, ABŞ bu həftə başa çatan 30 günlük güzəşti uzatmağı planlaşdırmır. İstisna artıq tankerlərə yüklənmiş İran və Rusiya neftinin alışına icazə verirdi. Rusiya neftinə güzəşt həftəsonu bitib.
"Rusiya və İran nefti üzrə ümumi lisenziyanı yeniləməyəcəyik. Bu, martın 11-dən əvvəl dənizdə olan neftə aid idi. Yəni, onların hamısından artıq istifadə olunub", – Bessent Ağ evdə brifinqdə deyib.
Bessent ötən ay bildirmişdi ki, Maliyyə Nazirliyi martın 20-də İran üçün belə bir güzəşt edib. Bu, təxminən 140 milyon barel neftin qlobal bazarlara çıxmasına və müharibə dövründə enerji təchizatına təzyiqin azalmasına imkan yaratmaq demək idi. Bu güzəştin müddəti aprelin 19-da bitir.
Tramp: İsrail və Livan liderləri aprelin 16-da danışacaqlar
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri aprelin 16-da danışıq aparacaqlar. Bu, iki ölkə arasında 1993-cü ildən bəri ilk belə danışıqlar olacaq.
İsrail və Livan İranın dəstəklədiyi "Hizbullah" qruplaşması ilə altı həftədir gedən müharibəni dayandırmaq üçün atəşkəsə çalışır. ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıyır.
"İsrail və Livan arasında bir az nəfəs alma imkanı yaratmağa çalışırıq. İki lider uzun müddətdir, təxminən 34 ildir danışmayıblar. Bu, sabah baş verəcək", – Tramp aprelin 15-i gecə sosial mediada yazıb.
O, danışıqlara kimlərin qatılacağını, digər detalları açıqlamayıb.
Livan belə danışıqlardan xəbərsiz olduğunu bildirib.
"İsrail tərəfi ilə planlaşdırılmış hər hansı təmasdan xəbərimiz yoxdur, rəsmi kanallar vasitəsilə bu haqda bizə heç bir məlumat verilməyib", – Trampın açıqlamalarından sonra Livandan rəsmi mənbə AFP agentliyinə deyib.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələri ilə başlayan müharibədə aprelin 8-dən ikihəftəlik atəşkəs elan olunub. Münaqişə Livana da keçib və hazırda döyüşlərin dayandırılması münaqişənin həllində əsas məqamlardan biridir.
Munir Tehrana gedib
Aprelin 15-də Pakistan ordusunun baş komandanı feldmarşal Asim Munir yüksəksəviyyəli siyasi və təhlükəsizlik nümayəndə heyəti ilə Tehrana səfər edib.
İranın dövlət mediasının yaydığı məlumata görə, səfərin məqsədi Tehrana "ABŞ-nin mesajını çatdırmaq" və danışıqların ikinci mərhələsini planlaşdırmaqdır.
İranın yüksəkvəzifəli rəsmisi "Reuters"ə deyib ki, Munir İran və ABŞ arasında fikir ayrılıqlarını azaltmağa çalışır.
Eyni zamanda, İranın Yayım Korporasiyası Pakistandakı məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran-ABŞ danışıqlarının ikinci raundu yaxın günlərdə İslamabadda baş tuta bilər.
Danışıqların ilk raundu aprelin 11-12-də Pakistanın paytaxtında keçirilib. Təxminən 21 saat davam edən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər. Buna baxmayaraq, ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident Cey Di Vens danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə olunduğunu vurğulayıb və növbəti görüşlərin keçirilmə ehtimalını istisna etməyib.
Aİ-dən xəbərdarlıq: İran münaqişəsi uzansa, enerji şoku yarana bilər
Avropa İttifaqı (Aİ) üzv dövlətlərini xəbərdar edib ki, İranla münaqişənin uzanması qlobal enerji bazarlarında davamlı şoka səbəb ola, bu da yanacaq istehlakının azalmasına gətirib çıxara bilər. Bu haqda diplomatlar "Reuters"ə danışıb.
Avropa Komissiyası Aİ ölkələrinin səfirləri ilə keçirilən qapalı iclasda iki ssenari təqdim edib:
1. Atəşkəs qüvvədə qalarsa və Hörmüz boğazı yenidən açılsa, neft və qaz axınları bir neçə ay ərzində bərpa olunar və qiymətlər sabitləşər. Ancaq Qətərdə infrastrukturun zədələnməsi səbəbindən mayeləşdirilmiş təbii qaz bazarlarında gərginliyin illərlə qalacağı ehtimal olunur.
2. Pozuntular davam edərsə, bazarlarda kəskin qiymət artımları baş verər, "tələbin məhvi" adlanan vəziyyət yarana bilər. Bu zaman yüksək qiymətlər istehlakçıları və sənayeni yanacaqdan istifadəni azaltmağa məcbur edir.
Avropa həmçinin qışöncəsi qaz anbarlarını doldurmaqda ciddi çətinliklə üzləşər, bir neçə həftə ərzində təyyarə yanacağı çatışmazlığı yarana bilər.
Aİ indiyədək təchizat çatışmazlığından yayına bilib, amma qiymət artımı artıq iqtisadiyyata təsir göstərməyə başlayıb.
"Reuters" bildirir ki, Komissiya bu təsirlərin yumşaldılması, mədən yanacaqlarından asılılığın azaldılması və gələcək şoklara davamlılığın artırılması üçün tədbirlər hazırlayır. Bu tədbirlərə elektrik enerjisi vergilərinin azaldılması və təmiz enerjiyə keçidin sürətləndirilməsi daxildir.