Tramp: Çin İrana silah vermədiyini deyir
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin ona məktubunda Pekinin İrana silah vermədiyini deyib.
"Ona [Si] məktub yazaraq bunu etməməsini xahiş etdim. O da mənə cavab məktubunda yazıb ki, bunu əsasən etmir", – Tramp "Fox News"a müsahibəsində deyib.
ABŞ prezidentinin gələn ay Si ilə görüşü planlaşdırılır.
O, müsahibədə deyib ki, müharibənin bitməyə çox yaxın olduğunu düşünür, ancaq bu fikrini detallı izah etməyib.
SEPAH-dan İran limanlarının dəniz blokadası ilə bağlı xəbərdarlıq
ABŞ İran limanlarına qarşı dəniz blokadasını davam etdirərsə, bu, atəşkəsin pozulması sayılacaq. Bu xəbərdarlıqla blokadanın başlamasından iki gün sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandiri çıxış edib.
İran silahlı qüvvələrini koordinasiya edən "Xatəm əl-Ənbiya" qərargahının komandiri Əli Abdullahinin bəyanatını İran mediası aprelin 15-də yayıb. Bəyanatda deyilir ki, blokada davam etsə, "İslam Respublikasının silahlı qüvvələri Fars körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və idxala imkan verməyəcək".
Bəyanatda mümkün addımların nədən ibarət olacağı açıqlanmır.
Bu arada SEPAH-a yaxın media qurumları blokada başlayandan sonra da İran gəmilərinin və neft tankerlərinin hərəkəti davam etdirdiyini, Hörmüz boğazından keçdiyini yazır.
ABŞ hərbçiləri isə bildirirlər ki, aprelin 13-də blokada başlayandan İranın dəniz yolu ilə iqtisadi ticarətini tamamilə dayandırıblar.
İsrail ordusu Livanın cənubundan təxliyəyə çağırır
İsrail ordusu Livanın cənubunda yaşayanlara yeni təxliyə çağırışı edib. Bu, Təl-Əvivin "Hizbullah"a zərbələri davam etdirməsi fonunda səslənir. Əsasən Livanın cənubuna nəzarət edən bu qruplaşmanı ABŞ terror təşkilatı sayır, Avropa İttifaqı (Aİ) onun silahlı qanadını qara siyahıya salıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) aprelin 14-də bildirib ki, hava zərbələri davam edir və qüvvələri bölgədə böyük qüvvə ilə əməliyyat aparır.
"Buna görə də... sizi evlərinizi təcili tərk etməyə, Zəhrani çayının şimalına doğru hərəkət etməyə çağırırıq", – bəyanatda deyilir.
Aprelin 14-də Livan və İsrailin ABŞ-dakı səfirləri Vaşinqtonda birbaşa danışıqlar aparıblar. İsrail ordusunun çağırışı həmin danışıqlardan sonraya təsadüf edir.
Bu arada İsrail və "Hizbullah" arasında toqquşmalar yenidən şiddətlənib.
Livan dövlət mediası ölkənin cənubunda İsrailin hava zərbələrindən ölənlərin olduğunu bildirib. İsrail isə "Hizbullah" mövqelərinə qarşı "hədəfli quru əməliyyatları" apardığını açıqlayıb.
Pentaqonun Yaxın Şərqə minlərlə əlavə qüvvə göndərdiyi bildirilir
Pentaqon Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərir. Bunu "The Washington Post" qəzeti yazıb. Bu, Tramp administrasiyasının İranı razılaşmaya məcbur etmək üçün təzyiqi artırdığı, kövrək atəşkəs pozularsa, mümkün eskalasiyaya hazırlaşdığı bir vaxtda baş verir.
Məlumata görə, "USS George H.W.Bush" aviadaşıyıcısı ilə təxminən 6 min hərbçi, "Boxer" amfibiya-hücum qrupu ilə 4 mindən çox dəniz piyadası yola salınıb. Onlardan əlavə regionda artıq 50 minədək ABŞ hərbçisi var.
Bununla Yaxın Şərqdə üç aviadaşıyıcı olacaq. Vaşinqton İranı iqtisadi baxımdan sıxışdırmaq, Hörmüz boğazını yenidən açmaq məqsədilə tətbiq etdiyi dəniz blokadası çərçivəsində hərbi seçimlərini genişləndirir.
Rəsmilərə görə, komandirlər zərbələri intensivləşdirməyi, quru əməliyyatlarını da nəzərdən keçirirlər.
"The Washington Post" yazır ki, təhlilçilər bu əlavə qüvvə yerləşdirmənin Tehrana təzyiqi artırmaqla yanaşı, risklər daşıdığını qeyd edirlər. Belə ki, ABŞ əlavə itkilər verə, diplomatiya iflas edərsə, regionda eskalasiya baş verər.