Lavrov: Rusiya Çindəki enerji qıtlığını kompensasiya etməyə hazırdır
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ölkəsi ABŞ-İsrail-İran münaqişəsi və Hörmüz boğazının qapadılması nəticəsində Çində yaranan enerji resursları çatışmazlığını kompensasiya etmək gücündədir.
Aprelin 15-də Pekinə səfəri çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rusiyalı baş diplomat bildirib: "Rusiya, sözsüz ki, həm Çində, həm də bizimlə bərabərhüquqlu və qarşılıqlı faydalı əsaslarla əməkdaşlıqda maraqlı olan digər ölkələrdə yaranmış resurs çatışmazlığını aradan qaldıra bilər".
ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına və sahil bölgələrinə daxil olan gəmilərə qarşı tətbiq etdiyi blokada bu həftə qüvvəyə minib. Bu addım ötən həftəsonu ABŞ və İran nümayəndələri arasında keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra atılıb.
Tramp İranla atəşkəsi uzatmaq niyyətində olmadığını bildirib
ABŞ prezidenti Donald Tramp İranla hazırda qüvvədə olan ikihəftəlik atəşkəs rejiminin müddətini uzatmaq niyyətində olmadığını bəyan edib.
D.Tramp "ABC News"un müxbiri Conatan Karla müsahibəsində hadisələrin istənilən ssenari ilə bitə biləcəyini vurğulayıb: "Lakin hesab edirəm ki, razılaşma daha məqsədəuyğundur. Yalnız bu halda onlar özlərini bərpa edə bilərlər".
Tərəflər keçən həftəsonu İslamabadda keçirilən sülh danışıqlarına şərait yaratmaq məqsədilə aprelin 7-də hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. Lakin aprelin 11-12-də baş tutan danışıqlar fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri ilə başlayan müharibəni sonlandıracaq bir sazişlə nəticələnməyib.
Buna baxmayaraq, aprelin 14-də Tramp İranla yeni danışıqlar raundunun bir-iki gün ərzində yenidən başlaya biləcəyini istisna etməyib.
Tramp: ABŞ-İran danışıqları iki günə Pakistanda davam edə bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-İran danışıqları iki günə Pakistanda davam edə bilər. Bu haqda "The New York Post" aprelin 14-də məlumat yayıb.
"Əslində, siz orada qalmalısınız, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər və biz başqa yerə deyil, ora getməyə daha çox meylliyik", – "Post" Trampın İslamabadda olduğu bildirilən jurnalistə belə dediyini yazıb.
"Bunun ehtimalı böyükdür. Bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", – Tramp Pakistan ordusunun başçısı Asim Munirə eyhamla deyib.
Aprelin 11-12-də Pakistanın ev sahibliyi və vasitəçiliyi ilə ABŞ və İran arasında yüksəksəviyyəli görüş keçirilib. ABŞ-nin nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Bu, tərəflər arasında təxminən yarım əsrdə ilk belə yüksəksəviyyəli görüş idi.
Görüşdə razılaşma əldə olunmayıb, aprelin 12-də danışıqlar vaxtından əvvəl dayandırılıb və ABŞ nümayəndə heyəti İslamabadı tərk edib.
ABŞ və İran aprelin 7-də ikihəftəlik atəşkəslə bağlı razılıq əldə ediblər. Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayıb.
BVF-dən üç ssenari
Beynəlxalq Valyuta Fondu İran müharibəsi fonunda dünya iqtisadiyyatının artım tempi ilə bağlı üç ssenari təqdim edib. Xəbəri "Reuters" yayıb.
Nikbin ssenariyə görə, İran müharibəsi qısamüddətli olacaq, dünyanın ümum daxili məhsulunun (ÜDM) artımı 3.1 faiz, neftin orta qiyməti isə 82 dollar təşkil edəcək.
Mənfi ssenariyə görə, konflikt daha uzun çəkəcək, neftin qiyməti 2026-cı ildə 100 dollar civarında, gələn il isə 75 dollar təşkil edəcək. Qlobal ÜDM-nin artım tempi 2.5 faizə qədər geriləyəcək.
Ən pis ssenariyə görə, müharibə genişlənəcək, neft daha da bahalanacaq, əsas maliyyə bazarlarında kəsintilər olacaq, maliyyə şərtləri ağırlaşacaq, ÜDM-nin artımı 2 faizə düşəcək. BVF bunun qlobal durğunluğa yaxınlaşmaq anlamına gələcəyini bildirib.