BEA: İran müharibəsi tarixdə ən böyük neft şokuna səbəb olur
Neftə olan qlobal tələbat COVID-19 pandemiyasından bəri ən kəskin azalma ilə üzləşəcək. Bu, İran müharibəsinin yaratdığı "tarixdə ən ciddi təchizat şoku" fonunda baş verir. Beynəlxalq Enerji Agentliyi (BEA) bunu aprelin 14-də yayımladığı aylıq hesabatında bildirib.
Bu gün ABŞ-nin İrana qarşı dəniz blokadasının ilk tam günüdür. Blokada aprelin 11-12-də İslamabadda ABŞ-İran sülh danışıqlarının nəticəsiz başa çatmasından sonra tətbiq olunub. Aprelin 8-dən qüvvəyə minən atəşkəs isə hələ də davam edir.
"Hazırda atəşkəsin uzunmüddətli sülhə çevriləcəyi, gəmilərin Hörmüz boğazında təhlükəsiz hərəkətinin bərpa olunub-olunmayacağı aydın deyil. Neft idxal edən ölkələr getdikcə azalan təchizat fonunda alternativ mənbələr axtardığı bir vaxtda fiziki xam neftin qiymətləri rekord həddə çatıb", – BEA bildirib.
BMT baş katibi: İran müharibəsinin hərbi həlli yoxdur
BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki münaqişənin həlli üçün diplomatiyanı davam etdirməyə çağırıb. O vurğulayıb ki, danışıqlar yolu ilə əldə olunan həll yeganə real çıxış yoludur.
Quterreş aprelin 14-də X platformasında yazıb ki, "həftələrlə davam edən dağıntı və iztirabdan sonra aydındır ki, Yaxın Şərqdəki hazırkı münaqişənin hərbi həlli yoxdur". Baş katib bütün tərəfləri dialoqa çağırıb.
O, naviqasiya azadlığına hörmətin vacibliyini, Hörmüz boğazı kimi strateji su yollarında beynəlxalq hüququn qorunmasının əhəmiyyətini vurğulayıb.
İran və ABŞ arasında həftəsonu danışıqları nəticəsiz bitib.
ABŞ-İran danışıqlarına əsas əngəl
Uranın zənginləşdirilməsinə qadağanın müddəti İslamabadda ABŞ-İran sülh danışıqlarında razılığa gəlməyə əsas maneələrdən biri olub. Bu haqda "The Wall Street Journal" və "The New York Times" qəzetləri yazıb. Danışıqlara yaxın ABŞ rəsmilərinin dediyinə görə, Vaşinqton Tehrana qarşı ABŞ sanksiyalarının yüngülləşdirilməsi qarşılığında uranın zənginləşdirilməsinə 20 illik moratorium qoyulmasını istəyib.
"The New York Times" əlavə edib ki, İranın danışıqlar qrupu buna cavab olaraq müddətin 5 il olmasını təklif edib.
Bu məlumatları nə ABŞ, nə də İran rəsmiləri şərh edib.
İranın 60 faiz səviyyəsində zənginləşdirilmiş bütün uranının məhvi Tramp üçün mərkəzi məsələdir. İsrailin baş naziri Binyamin Netanyahu aprelin 13-də bildirib ki, İslamabadda ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey Di Vens ona bu haqda danışıb.
Netanyahu əlavə edib ki, "Tramp qarşıdakı illərdə, hətta onilliklərdə heç bir zənginləşdirmənin olmamasını, İran daxilində, ümumiyyətlə, zənginləşdirmənin həyata keçirilməməsini təmin etmək istəyir".
Vens İslamabad danışıqlarında 'xeyli irəliləyiş' əldə olunduğunu deyir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ötən həftəsonu İslamabadda sülh danışıqlarında "xeyli irəliləyiş" əldə olunub və indi növbə İranındır.
Vens aprelin 13-də "Fox News"a müsahibə verib. O deyib ki, təxminən 20 saat çəkən danışıqlarda "biz öz qırmızı xətlərimizi çox aydın şəkildə ortaya qoyduq".
"Gerçəkdən düşünürəm ki, top indi İranın meydançasındadır, çünki biz masaya çox şey qoyduq", – Vens bildirib.
O əlavə edib ki, danışıqlarda ABŞ prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranı məsələsində heç bir güzəştə getməyəcəyi açıq şəkildə bildirilib və Vaşinqton bu urana nəzarət etməlidir. Tehranın gələcəkdə nüvə silahı hazırlamamasını təmin edəcək yoxlama mexanizmi də əsas şərtlərdən biridir.
"İranlıların nüvə silahına sahib olmayacaqlarını deməsi bir şeydir. Bunun baş verməyəcəyini təmin edəcək mexanizmin qurulması isə digər məsələdir", – Vens vurğulayıb.