Vens İslamabad danışıqlarında 'xeyli irəliləyiş' əldə olunduğunu deyir
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, ötən həftəsonu İslamabadda sülh danışıqlarında "xeyli irəliləyiş" əldə olunub və indi növbə İranındır.
Vens aprelin 13-də "Fox News"a müsahibə verib. O deyib ki, təxminən 20 saat çəkən danışıqlarda "biz öz qırmızı xətlərimizi çox aydın şəkildə ortaya qoyduq".
"Gerçəkdən düşünürəm ki, top indi İranın meydançasındadır, çünki biz masaya çox şey qoyduq", – Vens bildirib.
O əlavə edib ki, danışıqlarda ABŞ prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranı məsələsində heç bir güzəştə getməyəcəyi açıq şəkildə bildirilib və Vaşinqton bu urana nəzarət etməlidir. Tehranın gələcəkdə nüvə silahı hazırlamamasını təmin edəcək yoxlama mexanizmi də əsas şərtlərdən biridir.
"İranlıların nüvə silahına sahib olmayacaqlarını deməsi bir şeydir. Bunun baş verməyəcəyini təmin edəcək mexanizmin qurulması isə digər məsələdir", – Vens vurğulayıb.
WSJ: ABŞ Hörmüzün blokadasına azı 15 gəmi cəlb edib
Hörmüz boğazının blokadası əməliyyatını dəstəkləmək üçün azı 15 ABŞ hərbi gəmisi cəlb edilib. Bu barədə "The Wall Street Journal" yüksəkrütbəli məmura istinadən yazır.
Qrupa təyyarədaşıyan gəmi, idarəolunan raketli bir neçə esmines, desant gəmisi və regiondakı digər döyüş gəmiləri daxildir. Helikopterlər bu gəmilərdən qalxaraq tankerlərin göyərtəsinə desant endirə bilir.
BBC peyk görüntülərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların "Abraham Lincoln" atom aviadaşıyıcısı aprelin 11-də İran sahillərindən 200 km cənubda, Oman körfəzində lövbər salıb. Təyyarədaşıyanın yaxınlığında iki gəmi də görünür, ölçüsünə və formasına görə onlar idarəolunan raketlərlə təchiz olunmuş esmineslərə uyğun gəlir.
ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, blokadaçı donanmaya yaxınlaşan İran hücum gəmiləri vurulacaq. ABŞ prezidenti İslamabadda danışıqların pozulmasından sonra aprelin 12-də Hörmüz boğazının blokadaya alındığını elan edib.
Tehran bəyan edib ki, ABŞ-nin boğazı bağlamaq cəhdləri "uğursuzluğa məhkumdur" və İran buna yol verməyəcək.
İspaniya Tehrandakı səfirliyini yenidən açıb
İspaniyanın Tehrandakı səfirliyi yenidən fəaliyyətə başlayıb. ABŞ və İsrailin İranla müharibəsindən sonra diplomatik missiya təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanmışdı.
İranın xəbər agentliklərinə görə, səfirlik aprelin 13-də işini bərpa edib. Məqsədin aprelin 8-də qüvvəyə minmiş ikihəftəlik atəşkəsdən sonra vasitəçilik səylərini dəstəkləmək olduğu bildirilir.
İspaniyanın səfiri bir gün öncə İrana gəlib. O bildirib ki, bütün tərəflərdən sülh səylərini dəstəkləməyə çalışacaq.
Müharibə başlayandan İspaniya ABŞ və İsraili ən çox tənqid edən Qərb ölkələrindən biri olub.
Aprelin 8-də İsrailin Livana zərbələrindən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Albares deyib ki, bu zərbələr atəşkəsi və beynəlxalq hüququ pozur. ABŞ, İran və İsrail arasında atəşkəsin Livana şamil olunub-olunmaması ilə bağlı fərqli mövqedədirlər.
İranda hökumətyönlü qüvvələrin axşam saatlarında küçələrə çıxaraq İspaniya bayraqları qaldırdıqları bildirilir. AzadlıqRadiosu bu məlumatları təsdiqlədə bilməyib.
İrandan xəbərdarlıq: ABŞ blokadaya başlasa, Körfəzdə təhlükəsiz liman qalmayacaq
ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasına başlarsa, "Fars körfəzi və Oman körfəzində heç bir liman təhlükəsiz olmayacaq". Aprelin 13-də İran silahlı qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi əməliyyat qərargahı belə bir xəbərdarlıq səsləndirib.
Qurum qeyd edib ki, ABŞ-nin beynəlxalq sularda gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq etməsi "qanunsuz addım və piratlıq nümunəsidir".
Həftəsonu Pakistanda sülh danışıqları uğursuz bitəndən sonra prezident Donald Tramp bildirib ki, aprelin 13-ü Bakı vaxtı ilə saat 18:00-dan İran limanlarına daxil olan və çıxan gəmiləri blokadaya salacaq.
İran hərbi qərargahının sözçüsü əlavə edib ki, "Fars körfəzi və Oman körfəzində limanların təhlükəsizliyi ya hamı üçündür, ya da heç kim üçün".
"Düşmənlə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq. Digər gəmilərə İran İslam Respublikasının silahlı qüvvələrinin qaydalarına uyğun olaraq boğazdan keçməyə icazə veriləcək", – sözçü bildirib.
Münaqişə başlayandan İran Hörmüz boğazından dəniz nəqliyyatını ciddi məhdudlaşdırıb. Bu isə qlobal enerji qiymətlərində kəskin artıma səbəb olub. Tehran bəyan edib ki, bu dar keçiddən keçmək istəyən gəmilərdən rüsum tələb edəcək.