Britaniya ABŞ-nin İran limanlarının blokadasına dəstək verməyəcək
Böyük Britaniya ABŞ-nin İran limanlarına tətbiq edəcəyi blokadanı dəstəkləməyəcək. Bunu baş nazir Kir Starmer deyib. O əlavə edib ki, əsas diqqəti Hörmüz boğazının tam açılmasına yönəlib.
Starmer aprelin 13-də "BBC Radio 5 Live" efirində çıxış edib. "Boğazın açıq və tam açıq olması həyati əhəmiyyət daşıyır, bütün səylərimizi məhz buna yönəltmişik... bunu davam etdirəcəyik", – o deyib.
Prezident Donald Tramp bildirib ki, ABŞ ordusu aprelin 13-ü Bakı vaxtı ilə 18:00-da Fars körfəzində İran limanlarına və sahil zonalarına daxil olan və çıxan bütün dəniz nəqliyyatını bloklayacaq.
Bu bəyanat həftəsonu İslamabadda İranla sülh danışıqları uğursuz bitəndən sonra verilib.
ABŞ ordusu bildirib ki, Hörmüz boğazından qeyri-İran limanlarına gedən-gələn gəmilərin hərəkətinə mane olmayacaq.
İran ötən il rekord sayda – 1639 nəfəri edam edib
İran hakimiyyəti 2025-ci ildə ən azı 1639 nəfəri edam edib. Bu, 1989-cu ildən bəri ən yüksək illik göstəricidir. İki qeyri-hökumət təşkilatı xəbərdarlıq edib ki, yanvar etirazları, həmçinin İsrail və ABŞ ilə müharibədən sonra rejim ölüm hökmünün tətbiqini daha da genişləndirə bilər.
Aprelin 13-də Norveçdə "Iran Human Rights" (IHR) və Parisdə "Together Against the Death Penalty" (ECPM) təşkilatları birgə illik hesabat yayıb. Bildirilib ki, edamların sayı 2024-cü ildəki 975 nəfərlə müqayisədə 68 faiz artıb. Edam edilənlər arasında asılaraq öldürülən 48 qadın da var.
İranda yanvardakı kütləvi etirazlar amansızlıqla yatırılıb. ABŞ-də yerləşən HRANA insan haqları monitorinq təşkilatı etirazlarda təxminən 7 min nəfərin öldürüldüyünü təsdiqləyib, daha çox insanın həbs edildiyi açıqlanıb.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hava zərbələri başlayandan 1500-dən çox mülki şəxs həyatını itirib. Bunu da HRANA bildirir.
Netanyahu Livanın cənubuna gedib: 'Müharibə davam edir'
İsrailin baş naziri Binyamin Netanyahu aprelin 12-də Livanın cənubuna səfər edib. O, İranın müttəfiqi "Hizbullah" silahlı qruplaşmasına qarşı hərbi əməliyyatların davam edəcəyini bildirib. Bu açıqlama beynəlxalq atəşkəs çağırışları fonunda səslənib.
"Livanda təhlükəsizlik zonasında belə müharibə davam edir", – Netanyahu ofisinin yaydığı videoda deyib.
O, Livanın cənubuna müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə gedib. Ancaq dəqiq harada olduqları açıqlanmayıb.
"Gördüyümüz odur ki, bu təhlükəsizlik zonası vasitəsilə Livandan mümkün hücumun qarşısını almışıq. Görüləsi hələ çox iş var və bunu edirik", –o bildirib.
Aprelin 14-də ABŞ, Livan və İsrail rəsmilərinin Vaşinqtonda birbaşa danışıqları planlaşdırılır.
Fevralın 28-də münaqişənin ilk günündə ABŞ-İsrailin hava zərbələri İranın ali liderini qətlə yetirəndən sonra İranla müttəfiq "Hizbullah" İsrailə raketlər atıb. Bununla Livan istəmədən Yaxın Şərq müharibəsinə cəlb olunub.
İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.
Livanın baş naziri Nəvaf Salam isə İsrail-"Hizbullah" münaqişəsini dayandırmağa çalışdığını bildirib.
"Bu müharibəni dayandırmaq və İsrail qoşunlarının bütün torpaqlarımızdan çıxmasını təmin etmək üçün işi davam etdirəcəyik", – Salam televiziya müraciətində deyib.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, müharibədə 2 min 50-dən çox ölən olub, onların arasında 165 uşaq və 80-dən çox səhiyyə işçisi var.
Tramp Roma Papasının böyük pərəstişkarı olmadığını deyir
ABŞ prezidenti Donald Tramp aprelin 12-də jurnalistlərə bildirib ki, Roma Papası XIV Leonun böyük pərəstişkarı deyil. Papa bir gün öncə sülhə çağırış etmişdi.
"Papa Leonun böyük pərəstişkarı deyiləm. O, çox liberal insandır, cinayətin dayandırılmasına inanmır", – Tramp jurnalistlərə deyib. O, Papanı "nüvə silahı əldə etmək istəyən bir ölkə" ilə oynamaqda ittiham edib.
Bundan bir neçə saat öncə Tramp sosial şəbəkədə xeyli uzun paylaşımında Roma Papasını tənqid edib. "İranın nüvə silahına sahib olmasını normal sayan bir Papa istəmirəm", – o yazıb.
70 yaşlı amerikalı Papa isə liderləri zorakılığa son qoymağa çağırıb, İranı və ya Trampı birbaşa qeyd etməyib.
"Özünə və pula sitayiş yetər! Güc nümayişi yetər! Müharibə yetər!", – Papa bildirib.
Aprelin 7-də Roma Papası Trampın İran sivilizasiyasını məhv etmək təhdidini "tamamilə qəbuledilməz" adlandırmışdı.