Pezeşkian ABŞ-ni İslamabad danışıqlarında ikili standartlarda ittiham edir
İran Prezidenti Məsud Pezeşkian ABŞ danışıqçılarını ikili standartlarda suçlayıb, bunu münaqişəni sona çatdırmaq yolunda əsas maneə adlandırıb. Aprelin 12-də İran prezident administrasiyası belə bir bəyanat yayıb.
"İslamabad danışıqları zamanı ABŞ ikili standartlara sadiq qaldı, onun güc siyasətinə əsaslanan ambisiyaları ən böyük əngəl oldu", – Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.
O əlavə edib ki, Tehran regionda davamlı sülhə nail olmaq istəyində qalır: "Razılaşma, şübhəsiz ki, mümkündür, ancaq ABŞ beynəlxalq səviyyədə tanınmış qaydalara və beynəlxalq hüquqa əməl etməlidir".
Bu açıqlamadan öncə ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazını yenidən açmaqla bağlı verdiyi vədləri pozmaqda ittiham edib. O, ordusuna bu strateji su yolunu bloklamaq, Tehrana rüsum ödəyən gəmiləri saxlamaq göstərişi verdiyini bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə cavabında boğaza tam nəzarət etdiyini bəyan edib. SEPAH xəbərdarlıq edib ki, hər hansı yanlış addım atılarsa, Tehranın düşmənləri "ölümcül girdab"a düşəcəklər.
ABŞ və İran razılığa gələ bilmədi
Vitse-prezident Cey Di Vens bildirib ki, ABŞ və İran Pakistandakı danışıqlarda razılığa gələ bilməyiblər.
"Razılaşma əldə olunmadığı üçün Birləşmiş Ştatlara qayıdırıq", - o deyib.
Vensin sözlərinə görə, Vaşinqton İrana "ən yaxşı" son təklifini edib, Tehran isə hələ ki, bunu qəbul etməyib və bu, "İran üçün pis xəbərdir".
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai 21 saat davam edən danışıqları "gərgin" adlandırıb. "İki və ya üç vacib məsələdə fikir ayrılıqları var", - o bildirib. Vurğulayıb ki, müzakirələr inamsızlıq və şübhə mühitində keçib, heç kim tək bir görüşdə razılığa gəlinəcəyini gözləmirdi.
"Fars" agentliyinin məlumatına görə, İran Hörmüz boğazı və nüvə enerjisi ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtlərlə razılaşmayıb. Tehran Hörmüz üzərində nəzarəti əldə saxlamaqda israrlıdır və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəmir.
FT: İslamabad danışıqları dalana düşüb
ABŞ-İran danışıqları Hörmüz boğazına görə dalana dirənib. Bu barədə "The Financial Times" danışıqçılara istinadən yazır.
Nəşrin məlumatına görə, Tehran boğaz üzərində tam nəzarəti saxlamaqda və oradan keçən gəmilərdən rüsum toplamaq hüququnda israr edir. Birgə idarəetmə ideyasını qəti şəkildə rədd edir.
Vaşinqton və Tehran aprelin 8-də ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-də İslamabadda tərəflər arasında danışıqlar başlayıb. ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner daxildir. İslam Respublikasını parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi təmsil edir.
Hörmüz boğazı
İran ABŞ ilə danışıqlar öncəsi dondurulmuş aktivlərinin qaytarılmasını tələb edir
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, ABŞ və İran arasında danışıqlar başlamazdan əvvəl iki şərt yerinə yetirilməlidir: Livanda atəşkəs və İranın dondurulmuş aktivlərinin azad olunması. Bu barədə o, X hesabında yazıb.
Bu şərtlərin qarşılıqlı şəkildə razılaşdırıldığını deyən Qalibaf xəbərdarlıq edib ki, onlara əməl olunana qədər danışıqlar başlamayacaq. O, əlavə məlumat verməyib.
Danışıqlar prosesinin başlanması üçün Livanda atəşkəsin zəruriliyini İranın xarici işlər naziri Abbas Əraqçi də vurğulayıb. Həm Qalibaf, həm də Əraqçi ABŞ ilə danışıqlar üçün İran nümayəndə heyətinin tərkibindədir.
Qalibaf və Əraqçinin açıqlamalarından qısa müddət sonra ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki, "iranlılar beynəlxalq su yolları ilə dünya birliyini qısa müddətə şantaj etməkdən başqa heç bir kozırları olmadığını, deyəsən, anlamırlar".
Aprelin 9-da məlum olub ki, İsrailin baş naziri Binyamin Netanyahu "mümkün qədər tez" Livanla birbaşa danışıqlara başlamağı tapşırıb. "The Wall Street Journal"ın məlumatına görə, bundan əvvəl Tramp ona zəng edib.
ABŞ və İran arasında danışıqların aprelin 11-də Pakistanın paytaxtında keçirilməsi planlaşdırılır. Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edir.