Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 08:51
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Ukraynanın xarici işlər naziri: Moskvaya qarşı da 'Amerikanın qətiyyəti' lazımdır

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ABŞ və İran arasında Hörmüz boğazının blokadadan çıxarılması və iki həftəlik atəşkəslə bağlı razılaşmanı alqışlayıb. Nazir bunu "Amerikanın qətiyyətinin işlədiyinin göstəricisi" adlandırıb.

Sibiqa əlavə edib ki, oxşar qətiyyət indi Moskvanı atəşkəsə məcbur etmək və Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün də lazımdır.

Senator Qrem İranın 10-bənlik planının Konqresin müzakirəsinə çıxarılmasını istəyir

ABŞ senatoru Lindsi Qrem deyir ki, İranın ABŞ ilə müharibəni bitirmək üçün təqdim etdiyi 10-bəndlik planın Konqresdə müzakirə olunmasını gözləyir. Qrem Cənubi Karolinadan respublikaçı senatordur, Donald Trampın prezidentliyi dövründə İrana qarşı hərbi addımları açıq dəstəkləyib.

"İranın müharibəni bitirmək üçün irəli sürdüyü 10-bəndlik təklifi uyğun vaxtda nəzərdən keçirməyi, Obama dövründə JCPOA ilə etdiyimiz kimi, səsvermə üçün Konqresə təqdim olunmasını səbirsizliklə gözləyirəm", – Qrem X sosial şəbəkəsində yazıb.

Qrem bildirib ki, İranın təxminən "900 funtluq yüksək zənginləşdirilmiş uranının hər qramı" mütləq ABŞ-nin nəzarətinə verilməli və İran ərazisindən çıxarılmalıdır. O, təklifini "gələcəkdə onların çirkli bomba əldə etməsinin və ya yenidən uranın zənginləşdirilməsinə qayıtmasının qarşısının alınması" ilə izah edib. "Daha yaxşı ifadə tapmaq çətindirsə, yəni Liviya modeli kimi", - deyə yazıb.

JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) 2015-ci ildə İran və P5+1 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) arasında imzalanıb. Razılaşmada Tehranın nüvə proqramını məhdudlaşdırması qarşılığında beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulub.

Tramp 2018-ci ildə bu razılaşmanı "fəlakət" adlandıraraq ABŞ-ni ondan çıxarıb.

İran-ABŞ danışıqlarının tarixi açıqlanıb

ABŞ və İran arasında danışıqlar aprelin 10-da İslamabadda keçiriləcək.

"Danışıqlar cümə günü, aprelin 10-da İslamabadda Amerika tərəfinə tam inamsızlıq şəraitində başlayacaq", - İran Ali Milli Təhlükəsizlik Şurasının məlumatında deyilir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsə razı olduğunu açıqlayıb. İran tərəfi də razılığını bildirib.

Pakistan ABŞ və İran arasında vasitəçilik edir. Pakistanın baş naziri Şahbaz Şərif "diplomatiyaya öz yolu ilə getmək imkanı vermək üçün" Trampı İrana ultimatumun müddətini iki həftə uzatmağa çağırıb. Həmçinin İran hakimiyyətindən "xoşməramlılıq jesti olaraq" Hörmüz boğazını eyni müddətə açmağa səsləyib.

Tramp İranla atəşkəsə razılaşdı

ABŞ İranla iki həftəlik atəşkəsə razıdır, bu, ikitərəfli olacaq. Bu barədə prezident Donald Tramp özünün "Truth Social" hesabında yazıb.

O əlavə edib ki, bu qərara Pakistanın baş naziri Şahbaz Şərif və bu ölkənin Silahlı Qüvvələrinin baş komandanı Asim Munir ilə müzakirələrdən sonra gəlib: "Onlar məndən bu gecə İrana dağıdıcı qüvvələr göndərməkdən çəkinməyimi istədilər. İran İslam Respublikasının Hörmüz boğazının TAM, DƏRHAL və TƏHLÜKƏSİZ AÇILMASINA razılıq verməsi şərti ilə İrana qarşı bombardmanı və hücumları iki həftə müddətinə dayandırmağa razıyam".

Tramp qərarını onunla əsaslandırıb ki, ABŞ artıq bütün hərbi məqsədlərə nail olub, hətta onları aşıb: "Biz İranla uzunmüddətli SÜLH və Yaxın Şərqdə SÜLH ilə bağlı yekun razılığa gəlmək üçün çox irəliləmişik".

Onun sözlərinə görə, Vaşinqton Tehrandan 10-bəndlik təklif alıb ki, bu da "danışıqlar üçün məqbul əsas"dır. "ABŞ və İran arasında əvvəlki bəndlər üzrə, demək olar, bütün fikir ayrılıqları artıq həll edilib, iki həftəlik müddət razılaşmanın yekunlaşdırılması və bağlanmasına imkan verəcək", - Tramp əlavə edib.

Davamı

XS
SM
MD
LG