Rusiya və Çin Hörmüz boğazı ilə bağlı qətnaməyə veto qoyub
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri- Rusiya və Çin Yaxın Şərqdəki müharibə fonunda Hörmüz boğazında ticarət gəmiçiliyinin qorunmasına yönəlmiş qətnamə layihəsinə veto qoyub. Bəhreynin təklif etdiyi layihənin lehinə 11 ölkə səs verib. Təhlükəsizlik Şurasının digər iki üzvü - Pakistan və Kolumbiya bitərəf qalıb.
Layihəyə əsasən, zərərçəkmiş dövlətlərə dənizdə təhlükəsizliyi təmin etmək üçün müdafiə tədbirlərini əlaqələndirmək, İrana isə Hörmüz boğazında ticarət gəmilərinə hücumları dayandırmaq təklif olunurdu.
Qətnamə layihəsi səsverməyə çıxarılmazdan əvvəl bir sıra dəyişikliklərə məruz qalıb. Sənədin əvvəlki versiyasında BMT Nizamnaməsinin VII fəslinə açıq istinad edilirdi. Təhlükəsizlik Şurasına sanksiyalardan tutmuş, hərbi güc tətbiqinə qədər tədbirlər görmək səlahiyyəti verirdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə bildirib ki, qətnamənin qəbulu İran nizamlanması üzrə danışıqların pozulmasına gətirib çıxara və ya İrana qarşı hərbi əməliyyatları legitimləşdirə bilər.
Bəhreynin xarici işlər naziri Əbdüllətif əl-Zəyyani səsvermədən əvvəl deyib ki, Təhlükəsizlik Şurasının həyati əhəmiyyətli su yolundan təzyiq vasitəsi kimi istifadəsinə reaksiya verə bilməməsinin bütün dünya üçün ciddi nəticələri olacaq.
ABŞ-İsrail hücumuna cavab olaraq İran dünya neft və qazının 20 faizinin daşındığı Hörmüz boğazını faktiki blokadaya alıb, bir neçə gəmini vurub. Blokada dünya miqyasında yanacaq qiymətlərinin kəskin artmasına səbəb olub, bəzi ölkələri, ilk növbədə Asiyanı istehlak məhdudiyyətləri qoymağa və tədarükü tənzimləməyə məcbur edib.
C.D.Vens: Amerikanın hələ İrana qarşı istifadə etmədiyi vasitələri var
ABŞ-nin vitse-prezidenti Cey Di Vens aprelin 7-də xəbərdarlıq edib ki, ABŞ-nin İrana qarşı hələ istifadə etməyə qərar vermədiyi vasitələri var.
"ABŞ öz hərbi məqsədlərinə nail olub", – Macarıstanda baş nazir Viktor Orbanla görüşən Vens jurnalistlərə deyib. O əlavə edib ki, indi vəziyyət Tehrandan asılıdır, növbəti addımlar hələ də nəzərdən keçirilir.
"Bizim hələ istifadəsinə qərar vermədiyimiz vasitələr var", –o, bir daha ABŞ-nin əlavə seçimləri olduğunu vurğulayıb.
Vitse-prezident əlavə edib ki, İran siyasətini dəyişməzsə, prezident hərəkətə keçə bilər.
Vens bu vasitələrin nədən ibarət olduğu barədə əlavə məlumat verməyib.
ABŞ və İsrail İranın Xarq neft adasına zərbə endirib
İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, ABŞ və İsrail İranın əsas neft ixrac mərkəzi olan Xarq adasına hücum ediblər.
Son zərbələr fonunda ritorikanın sərtləşməsi müşahidə olunur. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq xəbərdarlıq edib ki, ABŞ "qırmızı xətlər"i keçərsə, region üzrə ABŞ və müttəfiqlərinin infrastrukturunu hədəfə alacaq.
SEPAH Fars körfəzində və kənardakı ABŞ tərəfdaşlarına da xəbərdarlıq edib. Korpus bildirib ki, "yaxşı qonşuluq naminə" qonşu dövlətlərə münasibətdə təmkin artıq başa çatıb, "bütün bu amillər aradan qaldırılıb". Bu isə ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ərəb dövlətlərinin birbaşa hədəfə çevrilə biləcəyinə işarədir.
Bu bəyanat həm də İranın əvvəlki mövqeyində dəyişikliyi göstərir: Tehran indiyədək regiondakı bir sıra ölkələrdə hədəflərə zərbələr endirib, amma həmin dövlətləri düşmən saymadığını bildirirdi.