Trampdan xəbərdarlıq: 'Bu gecə bütöv bir sivilizasiya məhv olacaq'
ABŞ prezidenti Donald Tramp aprelin 7-də "Truth Social" şəbəkəsində daha bir xəbərdarlıq səsləndirib.
"Bütöv bir sivilizasiya bu gecə məhv olacaq və bir daha geri qayıtmayacaq. Bunun baş verməsini istəmirəm, amma, çox güman ki, belə olacaq", – Tramp yazıb.
Ancaq prezident bu gecə İranda mümkün dəyişikliklə bağlı ümidini də bildirib.
"İndi artıq tam və qəti rejim dəyişikliyi baş verdiyi, fərqli, daha ağıllı və daha az radikallaşmış düşüncələr üstün olduğu üçün, bəlkə də, inqilabi dərəcədə gözəl bir şey baş verə bilər, KİM BİLİR?", – Tramp vurğulayıb.
O, bütün bunların bu gecə aydınlaşacağını, bunun "dünyanın uzun və mürəkkəb tarixində ən mühüm anlardan biri" olacağını bildirib.
"47 illik şantaj, korrupsiya və ölüm, nəhayət, sona çatacaq", – prezident yazıb.
D.Tramp İranın müharibəni dayandırmağa razılaşması üçün aprelin 8-i, Bakı vaxtı ilə gecə 4-dək möhlət verib.
İraqda dron zərbəsindən iki nəfər ölüb
"İrandan gələn" dron zərbəsi İraqın Kürdüstan bölgəsində yaşayış evinə dəyib, iki nəfər həlak olub. Məlumatı yerli rəsmilər verib.
Səudiyyə Ərəbistanı havada yeddi ballistik raketi məhv etdiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də ölkəyə hücumlar barədə məlumat verib. Bəhreyndə xəbərdarlıq siqnalları işə salınıb.
Küveyt son 24 saat ərzində onlarla raket və dronun aşkarlandığını bildirib, yerə düşən qalıqlardan yüngül xəsarət alanlar olub.
Bu arada BMT Təhlükəsizlik Şurası Hörmüz boğazında gəmiçiliyin qorunmasına dair qətnamə layihəsini səsə qoymağa hazırlaşır. Çin boğazın açıq qalması üçün güc tətbiqinə icazə verilməsinə qarşı çıxdığından sənəd yumşaldılıb.
İranın BMT-dəki təmsilçisi isə Səudiyyə Ərəbistanı və BƏƏ-ni "yaxşı qonşuluq" prinsiplərinə hörmətlə yanaşmağa, ərazilərindən İrana qarşı istifadə olunmasına icazə verməməyə çağırıb.
İsrail iranlılara qatarla səyahət etməməyi tövsiyə edib
İsrail ordusu xəbərdarlıq edib ki, qatarlarda olmaq təhlükəlidir. Bu, dəmir yollarına mümkün hücumların ola biləcəyini göstərir.
İranlılara bu gün, aprelin 7-də saat 21:00-a qədər ölkə üzrə qatardan istifadə etməmək məsləhət görülüb. "Qatarlarda qalmaq həyatınızı təhlükəyə atır", – İsrailin Müdafiə Qüvvələri (SAXAL) bu haqda X platformasında fars dilində mesaj paylaşıb.
İrana hava və raket zərbələri endirilir
Aprelin 6-dan 7-nə keçən gecə İranda Tehran, İsfahan və Əhvaz daxil, bir neçə şəhər genişmiqyaslı hava və raket hücumlarına məruz qalıb. Bunu İran rəsmiləri və media qurumları bildirir.
Aeroportlar, hərbi obyektlər, infrastruktur hədəflər arasında olub. İsrail Tehranın bir neçə hava limanına zərbə endirdiyini, təyyarələri və obyektləri məhv etdiyini bildirib.
Sosial mediada yayılan görüntülərdə İran paytaxtındakı Mehrabad aeroportu yaxınlığından alov və tüstü qalxdığı görünür.
Məşhəd və Təbrizdə də partlayışlar, döyüş təyyarələri qeydə alınıb.
Tehran vilayətində azı 15 nəfərin, İsfahanda dörd hərbçinin, Hörmüzgan əyalətində iki mülki şəxsin həlak olduğu bildirilir, yaralananlar da var.
Qum və digər ərazilərdə ciddi dağıntılar olduğu deyilir.
İsrail zərbələrin bir dalğasını tamamladığını, İranın cavab olaraq raketlər buraxdığını açıqlayıb.