Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 16:45
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranda insan haqları fəalı Nəsrin Sutude yenidən həbs edilib

Nəsrin Sutude
Nəsrin Sutude

İranın tanınmış insan haqları fəalı Nəsrin Sutude aprelin 1-də Tehrandakı evində həbs edilib. Bu barədə onun qızı Mehravə Xəndan aprelin 2-də Instagram hesabında yazıb.

İrandan kənarda yaşayan Xəndan bildirib ki, anası evdə tək olanda saxlanılıb. Sutudeni İranın hansı təhlükəsizlik qurumunun, hansı ittihamlarla həbs etdiyi bəlli deyil. İsrail və ABŞ ilə münaqişə fonunda İranda dini hakimiyyət daxili müxalifətə təzyiqləri artırır.

Xəndanın dediyinə görə, təhlükəsizlik qüvvələri Nəsrin Sutudenin mobil telefonunu və noutbukunu, digər şəxsi elektron cihazlarını müsadirə edib.

Sutudenin həyat yoldaşı Rza Xəndan 2024-cü ilin dekabrından həbsdədir. Sutude bir çox fəalları açıq müdafiə edib, 2010-cu ildən bəri bir neçə dəfə həbs olunub.

Onun təkadamlıq kamerada saxlandığı hallar da olub.

İranda yanvar iğtişaşları ilə bağlı beşinci etirazçı bu həftə edam edilib

İranda 18 yaşlı Əmirhüseyn Hatəmi edam edilib. O, yanvar etirazlarında həbs olunmuşdu.

Məhkəmə hakimiyyətinin "Mizan" xəbər agentliyi bildirib ki, Hatəminin apellyasiya şikayəti rədd edilib, Ali Məhkəmə onun barəsindəki hökmü qüvvədə saxlayıb. Tehranda qadağan olunmuş hərbi əraziyə girməkdə təqsirli bilinən gənc aprelin 2-də edam edilib.

Hatəminin istintaq zamanı təqsirini etiraf etdiyi bildirilir.

O, son üç gündə edam edilən beşinci etirazçıdır. "Amnesty International" insan hüquqları təşkilatı onun edam riski yüksək olan 11 nəfərdən biri olduğunu deyirdi. Qurum bu şəxslərin işgəncə və digər pis rəftara məruz qaldığını, məcburi etiraflara əsaslanan açıq-aşkar ədalətsiz məhkəmə ilə mühakimə olunduğunu bildirib.

Bu edamlar İranda ruhani hakimiyyətin nəzarəti saxladığını göstərir.

ABŞ senatorları NATO-ya dəstək bildirir

ABŞ-nin iki yüksəkvəzifəli senatoru NATO-ya dəstəklərini yenidən dilə gətiriblər. Demokrat Kris Kuns və respublikaçı, Senatda çoxluğun keçmiş lideri Mitç Makkonnell prezident Donald Trampın son açıqlamalarından sonra danışıblar. Tramp ABŞ-nin İrandakı hədəflərinə yetərincə dəstək verilmədiyini əsas gətirərək hərbi alyansdan çıxmaqla hədələyib.

"NATO tarixdə ən uğurlu hərbi alyansdır. O, 70 ildən artıq müddətdə ABŞ-nin təhlükəsizliyinin əsas dayaqlarından biri olub", – senatorlar aprelin 1-də birgə bəyanatda yazıblar.

"NATO güclü və vahid formada qaldıqca amerikalılar daha təhlükəsizdir. Bütün müttəfiqlərin bu birliyi diqqətlə qoruması maraqlarımıza uyğundur", – senatorlar əlavə ediblər.

Tramp ABŞ-ni NATO-dan birtərəfli qaydada çıxarmaqla təhdid edib. Amma belə bir rəsmi addım üçün Senatın üçdə ikisinin razılığı tələb olunur. Tramp və ABŞ-nin digər rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ öz maraqlarını qorumaq üçün müttəfiq ölkələrdəki bazalardan sərbəst istifadə edə bilmirsə, alyansın dəyəri sual altına düşür.

İranın aviazərbələrlə vurulduğu bildirilir

Aprelin 2-nə keçən gecə İranın müxtəlif yerlərində partlayışlar, itkilər, hava hücumundan müdafiə sistemlərinin işə salınması xəbərləri gəlib. Bundan öncə ABŞ və İsrail İrana aviazərbələr endirib.

Tehranda yerli media hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərə qarşı işə salındığını bildirib. Paytaxtın bəzi hissələrində partlayışlar və elektrik kəsintiləri olduğu xəbər verilib.

İranın Qırmızı Aypara Cəmiyyəti Tehran və ətraf ərazilərin son 24 saat ərzində zərbələrə məruz qaldığını açıqlayıb.

İsfahan, Şəhreza, Kaşan, Aran və Bidqol, Nəcəfabad şəhərləri hədəf alınıb.

İsrail ordusu aprelin 1-də axşamı bildirib ki, son iki gündə hava qüvvələri İranın hərbi infrastrukturuna 400-dən çox hücum həyata keçirib, 650-yə yaxın sursat işlənib.

Ordunun məlumatına görə, Tehranda təxminən 15 silah istehsalı obyekti və İran Müdafiə Nazirliyinin bəzi hissələri daxil, onlarla hədəf vurulub.

Davamı

XS
SM
MD
LG