Pezeşkian: 'İranlılar adi amerikalılara düşmənçilik bəsləmir'
İran prezidenti Məsud Pezeşkian Amerika xalqına müraciətində deyib ki, "iranlılar adi amerikalılara heç bir düşmənçilik bəsləmir".
Aprelin 1-də Pezeşkianın məktubu yayılıb. O, İranın təhdid kimi təqdim olunmasını rədd edib, bu iddiaların nə tarixi reallığa, nə də bu gün müşahidə olunan faktlara uyğun gəldiyini yazıb.
Pezeşkian ABŞ və İsraillə münaqişədə Tehranın addımlarını müdafiə edib, bunların "legitim özünümüdafiəyə əsaslanan ölçülü cavab" olduğunu vurğulayıb.
Vaşinqton uzun müddətdir ki, İranın nüvə ambisiyalarının, regionda fəaliyyətinin ciddi təhlükə yaratdığını bildirir, Tehranla hər hansı sülh razılaşması üçün hər ikisinin məhdudlaşdırılmasını tələb edir.
İsrail İranın iki dəfə raket hücumu etdiyini bildirir. Yaralılar var
İsrail ordusu aprelin 2-si səhər bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan iki raket hücumuna reaksiya verib.
İsrail mediasına görə, hücumların birinci dalğasında ölkənin mərkəzində bir neçə nöqtəyə zərbə endirilib, Təl-Əviv ərazisində azı dörd nəfər yüngül xəsarət alıb. Polis bir neçə ərazidə qüvvə yerləşdirdiyini bildirib.
Yerli media ziyanın dağınıq olmasını kaset-sursatlardan istifadə ilə əlaqələndirib; İran və İsrail daha öncə də bir-birini belə silahlardan istifadədə suçlayıb.
Təxminən iki saatdan sonra İsrail hərbçiləri raketlərin ikinci dalğası barədə məlumat veriblər. Ölkənin şimal və mərkəzi hissələrində həyəcan siqnalları işə düşüb. İtkilər və ya dağıntılar barədə hələlik məlumat yoxdur.
BƏƏ hava təhdidləri ilə mübarizə apardığını bildirir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi aprelin 2-də bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri raket və dron təhdidləri ilə mübarizə aparır.
"BƏƏ-nin hava hücumundan müdafiə sistemləri… raket və dron təhdidləri ilə aktiv mübarizə aparır", – nazirlik sosial şəbəkə paylaşımında bildirib. Ancaq raketlərin mənşəyi barədə detalları açıqlamayıb.
Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan İran cavab tədbiri kimi BƏƏ-yə və digər Körfəz ölkələrinə raket və dron hücumları endirir.
ABŞ prezidenti Donald Tramp aprelin 1-də müharibə ilə bağlı Amerika ictimaiyyətinə müraciətində deyib ki, Vaşinqton Körfəzdəki ərəb müttəfiqlərinin və İsrailin İranla müharibədə zərər görməsinə və ya məğlub olmasına imkan verməyəcək.
İran ABŞ ilə sülhün dörd şərtini açıqlayır
İranın Rusiyadakı səfiri Kazım Cəlali Tehranın ABŞ və İsrail ilə sülhə nail olmaq üçün zəruri saydığı şərtləri sadalayıb. Səfir TASS-a verdiyi müsahibədə bildirib ki, bu bəndlərin yerinə yetirilməsi istənilən atəşkəs və sülh təşəbbüsünün əsasını təşkil etməlidir:
- "təcavüz və terror aktları"nın qəti və tam dayandırılması;
- təcavüz və müharibənin təkrarlanmayacağına dair "obyektiv və etibarlı" zəmanətlərin verilməsi;
- maddi və mənəvi zərərin tam ödənilməsi;
- "beynəlxalq dəniz təhlükəsizliyinin qorunması üçün" İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasının tanınması.
Səfirin sözlərinə görə, Tehran təhlükə mənbəyi aradan qaldırılana qədər "özünümüdafiə hüququ" çərçivəsində mübarizəsini davam edəcək və diplomatik addımları, Rusiya da daxil, strateji tərəfdaşlarla əlaqələndirəcək.