İran raketləri İsraili vurur, husilər üçüncü raketi buraxır
Aprelin 1-i səhər saatlarında İsrailə yeni raket hücumları nəticəsində 11-yaşlı qız daxil, 14 nəfər yaralanıb. İsrail polisi ölkənin mərkəzində bir neçə məkana ziyan dəydiyini açıqlayıb.
İsrail ordusu daha öncə bildirib ki, təxminən 20 saatdan sonra ilk dəfə İran ərazisindən İsrailə doğru raketlər atılıb, ölkənin mərkəzi bölgələrində hava həyəcan siqnalları verilib.
İsrail mediası hücumda kaset sursatlardan istifadə olunduğunu bildirib. Bu tip sursatlar havada partlayır və geniş əraziyə çoxsaylı kiçik bombalar səpir.
Beynəlxalq insan haqları qurumlar bu cür sursatların mülki və yaşayış ərazilərində istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.
Yəməndə İranın dəstəklədiyi husilər isə aprelin 1-də İsrailə raket hücumu gerçəkləşdirdiklərini bildiriblər. Bu hücum İran və Livandakı "Hizbullah" qruplaşmasının hücumları ilə eyni vaxta salınıb. İsrail və ABŞ "Hizbullah"ı terror təşkilatı kimi tanıyır.
Bu, husilərin Yaxın Şərq müharibəsinə qoşulduqdan sonra üçüncü belə hücumudur.
Husilərin sözçüsü Yəhya Səri videoaçıqlamasında bildirib ki, həssas hədəflərə ballistik raketlərlə zərbələr endirilib.
Azərbaycan nefti 3 il sonra 130 dollar həddini ötüb
Dünya bazarında Azərbaycan neftinin bahalaşması davam edir.
Martın 31-də "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4.3 dollar və ya 3.36 faiz artaraq 132.35 dollar olub.
Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsində neftin bir barelinin orta ixrac qiyməti 65 dollar götürülüb. Son qiymət artımı bu həddin iki dəfədən çıx keçdiyi anlamına gəlir.
Azərbaycan nefti sonuncu dəfə 3 il öncə bu həddə qədər bahalaşmışdı.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.
Qətərin qaz mərkəzində gəmi vurulub
Qətərin qaz habında bir gəminin vurulduğu bildirilir. İnsident mayeləşdirilmiş təbii qaz istehsalının əsas mərkəzi olan Ras-Laffan yaxınlığında baş verib. Xəbəri aprelin 1-də Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) yayıb.
"UKMTO gəminin iki mərmi ilə vurulduğunu təsdiqləyir", – qurum X platformasında bildirib.
Mərmilərin mənbəyi hələ müəyyən edilməyib, araşdırma davam edir, ekipaj salamatdır.
Netanyahu: İsrailin İrana hücumları davam edəcək
İsrailin baş naziri Binyamin Netanyahu Tehrana qarşı hərbi əməliyyatların İranın "terrorçu" rejimi məhv edilənədək davam edəcəyini deyib.
"Bu kampaniya hələ başa çatmayıb. Terrorçu rejimi məhv edənədək davam edəcəyik", – Netanyahu televiziya ilə çıxışında bildirib.
Bu açıqlamadan az öncə isə İran prezidenti Məsud Pezeşkian deyib ki, ölkəsi İsrail və ABŞ-la müharibəni dayandırmaq üçün zəruri iradəyə malikdir, bundan ötrü Tehrana hücumların təkrarlanmayacağına dair zəmanət verilməlidir.
"Biz hərəkətə keçməli idik və bunu etdik", – Netanyahu yəhudilərin Pesah bayramı ərəfəsində çıxışında vurğulayıb.
Baş nazir onu da deyib ki, müharibənin davam etməsinə baxmayaraq, İsrail "regional güc" mövqeyini ortaya qoyub: "Məqsədlərimizi qətiyyətlə irəli apardıq, Yaxın Şərqin simasını dəyişdik".