Heqset: İran müharibəsində növbəti bir neçə gün 'həlledici' olacaq
ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, İrana qarşı hərbi əməliyyatları müşahidə etmək üçün martın 28-də Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə baş çəkib.
Heqset martın 31-də mətbuat konfransında danışıb, amma hansı ölkəyə səfər etdiyini açıqlamayıb.
O, ABŞ-nin son hücumlarının İranın hərbi imkanlarını xeyli dərəcədə zəiflətdiyini, son 24 saat ərzində İranın raket hücumlarının azaldığını deyib.
Heqset qarşıdakı bir neçə günün münaqişədə "həlledici" olacağını əlavə edib.
Müdafiə naziri kəşfiyyat məlumatlarına istinadla İran qüvvələrinin zəiflədiyini, əhval-ruhiyyənin düşdüyünü, şəxsi qüvvənin çatışmadığını, ABŞ-nin davamlı hücumlarından sonra fərarilik haqda məlumatlar yayıldığını deyib.
O, ABŞ-nin hazırda hərbi üstünlüyə malik olduğunu, İranın seçimlərinin getdikcə məhdudlaşdığını bildirib.
Heqsetin dediyinə görə, prezident Donald Tramp danışıqlar yolu ilə razılaşmaya açıqdır, amma razılaşma əldə olunmasa, hərbi əməliyyatların davam edəcəyi haqda xəbərdarlıq edib.
Tramp müttəfiqlərə: 'ABŞ bunu yadda saxlayacaq'
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün Birləşmiş Ştatlara kömək göstərməkdən imtina edən və hazırda təyyarə yanacağı qıtlığı ilə üzləşən ölkələrə deyir ki, ya Amerikadan neft alsınlar, ya da bu tranzit marşrutuna gedərək onu "sadəcə tutsunlar".
ABŞ prezidenti martın 31-də sosial media paylaşımında Böyük Britaniyanı ABŞ və İsrailin İrana qarşı kampaniyasında iştirakdan imtina etdiyinə görə tənqid edib.
Bir çox ölkələr, o cümlədən ABŞ-nin müttəfiqləri Kanada, Böyük Britaniya, Almaniya və Yaponiya Hörmüz boğazının açılmasında iştirakdan imtina ediblər. Amma onların bəziləri bildiriblər ki, İranla müharibə bitərsə, bu təşəbbüsə qoşula bilərlər.
Tramp başqa bir paylaşımında Fransanı hədəf götürüb, hərbi təchizatla yüklənmiş və İsrailə gedən təyyarələrə Fransa ərazisindən uçuş icazəsi vermədiyinə görə onu tənqid edib. "ABŞ bunu YADDA SAXLAYACAQ", – o yazıb.
İsrail İrana qarşı əməliyyatları 'həftələrlə' davam etdirməyə hazırdır
İsrail ordusu bildirir ki, İranla müharibəni həftələrlə davam etdirməyə hazırdır. Bundan öncə isə baş nazir Binyamin Netanyahu müharibənin yarıdan keçdiyini demişdi.
Netanyahu "Newsmax"a bildirib ki, bu, hərbi hədəflər üzrə irəliləyişə aiddir, zamana deyil, zamanla bağlı qrafik müəyyən etmir.
Ordunun sözçüsü Nadav Şoşani isə deyib ki, münaqişənin müddətini siyasi liderlər müəyyən edəcək. Ancaq İsrail əməliyyatları həftələrlə davam etdirməyə hazırdır: "Bunun üçün hədəflərimiz, sursatımız və canlı qüvvəmiz var".
ABŞ-nin dövlət katibi Marko Rubio da martın 30-da bildirib ki, müharibə hələ həftələrlə çəkə bilər.
ABŞ-nin İsfahanda sursat anbarını vurduğu deyilir
ABŞ və İsrail martın 31-nə keçən gecə İsfahan ostanının bir neçə şəhərinə, həmçinin Tehrana hücumlar gerçəkləşdirib.
Sosial mediada yayılan görüntülərdə İsfahan ətrafında çox böyük partlayışların baş verdiyi görünür. ABŞ prezidenti Donald Tramp həmin videolardan birini özünün "Truth Social" sosial media platformasında şərhsiz paylaşıb.
İsfahanın təhlükəsizlik və hüquq-mühafizə rəsmisi deyib ki, martın 30-da axşam Amerika və İsrail qırıcı təyyarələri İsfahan, Nəcəfabad, Mübarəkə, Kaşan və Şahreza şəhərlərini hədəfə alıb. Həmin rəsmi martın 31-də səhər İsfahandakı bəzi hərbi hədəflərin vurulduğunu deyib, amma detallı danışmayıb.
"The Wall Street Journal" qəzeti isə bir rəsmiyə istinadla ABŞ-nin İranın İsfahan şəhərindəki böyük bir sursat anbarına 2 min funtluq bunkerqıran bombalar atdığını yazıb.
Sosial mediada martın 31-də səhər Tehran, İsfahan, Zəncan və Şirazda çoxsaylı partlayışların baş verdiyi bildirilir.