İran Dubay yaxınlığında xam neftlə dolu tankerə hücum edib
Martın 30-da İranın Dubayda Küveytin böyük neft tankerinə hücum etdiyi bildirilib. Bundan öncə ABŞ prezidenti Donald Tramp xəbərdarlıq etmişdi ki, Tehran Hörmüz boğazını açmasa, İranın enerji zavodları və neft quyuları məhv ediləcək.
ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan İran Hörmüz boğazını faktiki bağlayıb, bu boğazda və Fars körfəzində ticarət gəmilərinə raketlər, dronlarla hücumlar gerçəkləşdirib.
Küveytin bayrağı ilə üzən "Əl-Salmi" tankerinə hücumdan sonra xam neftin qiyməti qısa müddətə yüksəlib. Bu tankerdə indiki qiymətlə azı 200 milyon dollarlıq 2 milyon barel neft olduğu güman edilir.
Gəminin sahibi "Kuwait Petroleum Corp" bildirib ki, hücum martın 31-nə keçən gecə baş verib, yanğın nəticəsində gəminin korpusuna ziyan dəyib, amma xəsarət alan olmayıb.
Dubay hakimiyyəti yanğının nəzarətə alındığını açıqlayıb. Tankerdən neft sızmasının baş vermədiyi bildirilir.
İran Hörmüz boğazına nəzarətlə bağlı planı təsdiqləyir
İran parlamentinin milli təhlükəsizlik komissiyası martın 30-da Tehranın Hörmüz boğazını necə idarə edəcəyi ilə bağlı planı təsdiqləyib. Sənəddə gəmilər üçün keçid rüsumları, İsrail və ABŞ-yə məxsus gəmilərə tamamilə qadağa qoyulması əks olunub. İrana qarşı beynəlxalq sanksiyalara qoşulan ölkələrin gəmilərinin hərəkəti məhdudlaşdırılacaq.
İranın dövlət mediası yazır ki, bu yolla İran özünün suveren hüququnu gerçəkləşdirir, "boğazda hüquqi rejim" yaratmaq üçün Omanla əməkdaşlığı da nəzərdə tutur.
Komissiya üzvü Ələddin Burucerdi daha öncə bəzi gəmilərin Hörmüzdən keçməsi üçün 2 milyon dollarlıq rüsum almaq ideyasını irəli sürüb.
Ağ ev martın 30-da bir daha bildirib ki, İranın Hörmüz boğazından nəqliyyatın hərəkətini tənzimləmək və ya keçid üçün pul almaq cəhdləri qəbuledilməzdir.
Hörmüz boğazı əsas enerji nəqli marşrutlarından biridir, dünyada xam neft və mayeləşdirilmiş təbii qazın 1/5-i buradan keçir. ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayandan İran keçidi bağlayıb, boğazdan daşımalar təxminən 95 faiz azalıb.
Ağ ev: ABŞ ərəb ölkələrindən müharibəyə pul istəyə bilər
ABŞ prezidenti Donald Tramp ərəb ölkələrindən İran müharibəsinə pul ayırmalarını istəyə bilər. Bunu Ağ evin mətbuat katibi Kerolayn Livitt martın 30-da brifinqdə bildirib.
"Fikrimcə, prezident onlardan bunu istəməkdə maraqlı ola bilər. Bu haqda ondan əvvəl danışmayacağam, amma, əlbəttə, onun belə bir fikri var, məncə, o, bu barədə daha çox danışacaq", – o deyib.
ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan Fars körfəzindəki ərəb ölkələri dəfələrlə İranın hücumuna məruz qalıb. Onlar müharibəyə qoşulmayıblar. Amma hücumlarla yanaşı, İranın Hörmüz boğazını bağlaması onlara həm iqtisadi, həm də mülki itkilər yaşadıb.
Livitt İranla danışıqların yaxşı getməsi haqda ABŞ-nin mövqeyini bir daha dilə gətirib. İran isə bunu təkzib edir.
"Rejimdən eşitdiyiniz ictimai mövqeyə və yalan məlumatlara baxmayaraq, danışıqlar davam edir və yaxşı gedir. Əlbəttə, açıq deyilənlər bizə şəxsən çatdırılanlardan çox fərqlidir", – Livitt əlavə edib.
Bayramov yenidən Əraqçi ilə danışıb
Martın 30-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
"Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb", - məlumatda qeyd edilib.
"Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar", - XİN-in məlumatında əlavə edilib.
Bayramov və Əraqçi arasında bundan əvvəl son telefon danışığı martın 23-də gerçəkləşib.
Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları olmuşdu. Dörd nəfərin xəsarət aldığı bu hücumlara görə Azərbaycan prezidenti İranı günahlandırmışdı. İran rəsmiləri isə bu hücumda əllərinin olmadığını bəyan edərək məsələnin araşdırılacağını bildirdikləri açıqlanmışdı.
Azərbaycan XİN-in məlumatında bundan əvvəl həmçinin bildirilmişdi ki, nazirlərin martın 23-də gerçəkləşən telefon danışıqlarında Naxçıvana dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntilər bir daha diqqətə çatdırıb.