Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 23:38
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran ABŞ-nin 'qeyri-real' sülh planını rədd edir

Tehran ABŞ-nin 15-bəndlik sülh planını Pakistan vasitəsilə aldığını, nəzərdən keçirdiyini və rədd etdiyini bildirib.

Martın 30-da İran bu planı "qeyri-real, məntiqsiz və aşırı" adlandırıb, İsraildəki hədəflərə daha çox raket və dron atıb.

"İndiyədək Amerikanın danışıqlarla bağlı xahişini, buna hazır olmasını müzakirə etmişik, bu mesajları, Pakistan daxil, bəzi vasitəçilərdən almışıq", – İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai deyib.

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmaq və müharibəyə son qoyacaq razılaşmanı qəbul etmək üçün İrana aprelin 6-dək möhlət verib, əks halda ABŞ-nin onun elektrik stansiyalarını vuracağını deyib.

Martın 29-da Tramp İranla danışıqlarda irəliləyişi alqışlayıb, danışıqların birbaşa və dolayısı ilə "ağıllı" liderlərlə aparıldığını deyib. O, həmçinin Tehranın Hörmüz boğazını qismən açdığını iddia edib.

Amma o, İranla birbaşa aparıldığını deyən danışıqlar barədə detallı danışmayıb. İran liderləri bu danışıqların aparıldığını inkar edirlər.

İran SEPAH-ın dəniz qüvvələri komandirinin öldürüldüyünü təsdiqləyib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandiri Əlirza Tənqsirinin ötən həftə İsrailin hava hücumu ilə öldürüldüyünü təsdiqləyib.

"SEPAH News" saytı martın 30-da admiral Tənqsirinin hücum nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etdiyini bildirib. İsrail onun ölüm xəbərini beş gün öncə yaymışdı. Onun Hörmüz boğazındakı əsas cənub liman şəhəri Bəndər Abbasa zərbə nəticəsində həlak olduğu açıqlanmışdı.

SEPAH Tənqsirinin mümkün varisi ilə bağlı məlumat verməyib.

ABŞ Maliyyə Nazirliyi 2019-cu ilin iyununda Tənqsirini "xüsusi kateqoriyalı qlobal terrorçu" siyahısına salıb.

HRW: İran qadağan olunmuş kaset silahlarından istifadə edib

İran hökuməti dəfələrlə ballistik raketlərdə kaset tipli döyüş başlıqlarından istifadə edib, bu isə müharibə qanunlarının pozulmasıdır, müharibə cinayəti sayıla bilər. Bunu "Human Rights Watch" (HRW) insan haqları təşkilatı deyir.

Nyu-Yorkda yerləşən insan haqları qrupunun məlumatına görə, İran kaset başlıqlı raketlərlə İsraildə üç yaşayış məntəqəsinə zərbə endirib, nəticədə azı dörd nəfər ölüb.

"İranın İsraildə əhali yaşayan yerlərdə kaset tipli sursatlarından istifadəsi mülki şəxslərə uzunmüddətli təhlükə yaradır", – "Human Rights Watch"un böhran, münaqişə və silah tədqiqatçısı Patrik Tompson deyib.

"Kaset sursatlarının qəlpələri geniş əraziyə səpələnir, bu da onların müharibə qanunlarını pozması deməkdir...", – o əlavə edib.

İran kaset silahlarının istehsalını və istifadəsini hərtərəfli qadağan edən 2008-ci il Kaset Sursatları haqqında Konvensiyaya qoşulmayıb.

İran müxalifət qrupuna bağlı iki kişinin edam olunduğunu bildirir

İranda iki nəfər edam olunub. Onlar İran Xalq Mücahidləri Təşkilatı (MEK) ilə əlaqədə və Tehranda əldəqayırma cihazlarla hücumlar planlaşdırmaqda təqsirli biliniblər. Məlumatı İran ədliyyəsinin xəbər agentliyi martın 30-da yayıb.

Əkbər Daneşvar-KarMəhəmməd Taqavi Sanqdehi adlı şəxslərin martın 30-u səhər saatlarında edam olunduğu açıqlanıb. İran mediası onların "çoxsaylı" terror aktları törətməkdə ittiham olunduğunu, onlarla əlaqəli gizli evlərdə partlayıcı qurğuların, digər əlaqəli avadanlıqların tapıldığını bildirir.

MEK 1960-cı illərdə yaradılıb, həm şaha, həm də İslam Respublikasına qarşı çıxıb. ABŞ vaxtilə onu xarici terror təşkilatı kimi tanıyıb, 2012-ci ildə bu siyahıdan çıxarıb.

2025-ci ilin noyabrında BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato xəbərdarlıq edib ki, bu iki kişinin və daha dörd nəfərin işlərində məhkəmə prosesi sarıdan ciddi narahatlıqlar var, onlar vəkillə gec təmin olunublar, işgəncə iddiaları səslənib. Məruzəçinin sözlərinə görə, bu cür işlərdə ölüm hökmünün tətbiqi beynəlxalq hüququn pozulması olar.

Davamı

XS
SM
MD
LG